Çar Rusiyası Cənubi Qafqazı işğal etdikdən sonra diqqət yetirdiyi məsələlərdən biri insanların daşıdıqları familiyalar idi. Yəni 1828-ci ilə qədər Azərbaycan bölgəsində ruslara məxsus olan “ov”, “yev” sonluğu ilə bitən familiyalar mövcud deyildi.
Bəs necə oldu ki, gürcülərdə, ermənilərdə onlara məxsus familiyalar qorunub-saxlanıldı, toxunulmadı, bizdə isə dəyişdirildi?
Mövzu ilə bağlı Milli Məclisin Mədəniyyət komitəsinin üzvü, akademik Nizami Cəfərov KONKRET.az-a açıqlamasında deyib ki, XIX əsrin əvvəllərində rusların Azərbaycana gəldiyi dövrə qədər ölkəmizdə rus familiyası sonluqlarının mövcud olmadığı ilə razıdır: “Təbiidir ki, XVII-XVIII əsrlərdə “ov” və “yev”şəkilçiləri soyad sonluqları kimi işlədilirdi. Lakin Azərbaycanın Rusiya tərəfindən işğalından sonra bu familiya sonluqları heç də hər kəsə şamil olunmurdu. Bu sonluqlar yalnız Rusiya ilə əməkdaşlıq edən azərbaycanlı ziyalıların soyadlarına tətbiq edilirdi. Tanınmış Azərbaycan ziyalısı Abbasqulu ağa Bakıxanov və bir sıra ədiblərimiz də o dövrdə rus familiya sonluğunu öz soyadlarına əlavə etmişdilər. Lakin bir məqamı da vurğulamaq lazımdır ki, bu soyad sonluqları məcburi qaydada heç kəsə şamil olunmayıb. Eyni sözləri Mirzə Fətəli Axundov haqqında da demək mümkündür. Həmçinin, Mirzə Fətəli rusca yazanda Axundov yazırdı. Fars, ərəb və öz dilimizdə yazanda isə Axundzadə kimi yazırdı”.
Akademik onu da qeyd edib ki, sonradan dilimizə Avropadan “ski” soyad sonluğu da daxil olub. Misal üçün Şaxtaxtinski soyadını göstərmək olar. Bu da polyaklara aid ümumi slavyan dilinə aid elementdir. Heç də bütün ziyalılar o zaman bu familiya sonluqlarını məcburiyyət qarşısında qəbul etməyiblər. Sonrakı dövrlərdə, xüsusilə də sovetlər zamanı situasiya başqa idi. Ziyalılar üçün bu mövzuda sərbəstlik var idi. 40-cı və 50-ci illərdə sovet idarəetmə sisteminin inkişafı və vətəndaşların təhsilə cəlb olunması ilə bağlı bu soyad sonluqlarının tətbiqi tamamilə kütləviləşdi. Artıq bu kütləviləşmə təzyiq idi”.
Nizami Cəfərovun qənaətinə görə, o dövrün sadə əmək adamları bu cür mənəvi zorakılıqların millətin əleyhinə olduğunu dərk etmirdilər. Çünki sovet ideologiyasının təbliği müəyyən təntənəli tədbirlərlə icra olunurdu. Həmçinin, o zamanlarda milli şüurun özü məhv olmuşdu.
Gürcü və ermənilərlə bağlı da situasiya bizdəki kimi baş verib. Həm gürcü, həm də erməni ziyalıları öz istəkləri ilə rus familiya sonluqlarını qəbul ediblər. Hazırda ermənilərdə də, gürcülərdə də “ov” və “yev” soyad sonluqlarını daşıyan şəxslər var. Lakin bir məqam da var ki, xristian həmrəyliyi və digər amillərlə bağlı gürcü və ermənilərə bizim qədər mənəvi təzyiqlər edilməyib. Ona görə də onlar milli soyad formalarını saxlaya biliblər. Məsələnin mahiyyəti bundan ibarətdir”.
Akademik xüsusi olaraq vurğulayıb ki, günümüzdə soyad məsələlərində insanlara sərbəstlik verilib. “Hər kəs yeni doğulan uşaqlara milli soyad verə bilər. Bu məsələ ilə bağlı dövlət səviyyəsində tövsiyələr olunur. Amma cəmiyyətin 70-80 faizi rus soyad sonluqları daşımaqdadır. Bunun səbəbi isə rus familiya sonluqlarına rəğbət yox, laqeydlikdir. Yaşlı nəsil xüsusilə soyad formasını dəyişməyə çətinlik çəkir. Şəxsən mənim özüm də bunu istəmirəm. Çünki mənim bütün sənədlərim bu formadadır. Amma fərqli düşünənlər də var. Lakin təbii ki, mən övladlarımın və nəvələrimin milli soyadlar daşımasını çox istərdim”.
Bünyamin Bünyadzadə,
KONKRET.az