Şirin Mirzəyevin şəhid olması ilə bağlı sensasion açıqlama və ilk dəfə yayılan FOTObackend

Şirin Mirzəyevin şəhid olması ilə bağlı sensasion açıqlama və ilk dəfə yayılan FOTO

“Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant Şirin Mirzəyevin şəhid olması sirli məqamlarla doludur. Ən sirli məqam odur ki, onun avtomobili ermənilərin yola basdırdıqları minaya düşməyib. Şirin Mirzəyev xidməti “UAZ”ına quraşdırılan minanın partlaması nəticəsində şəhid olub”.

KONKRET.az “Yeni Sabah”a istinadən xəbər verir ki, bu sensasiyalı açıqlama ilə Milli Qvardiyanın keçmiş komandiri, ehtiyatda olan polkovnik Əzizağa Süleymanov çıxış edib.

O xatırladıb ki, yanvarın 5-i Birinci Qarabağ müharibəsinin şəhidi Ş.Mirzəyevin doğum gündür.

Ə.Süleymanov doğum günündə dostu ilə bağlı açıqlama verməyi zəruri sayıb:

“Sovet dönəmində Şirin Mirzəyevlə Daxili Qoşunların tərkibində bir yerdə xidmət etmişik. Üstəlik, 1991-ci ilin sonları, 1992-ci ilin əvvəlində cəbhənin Ağdam istiqamətində – Xocalı rayonunun Pirlər, Xanabad, Naxçıvanlı kəndləri, Əsgəran qəsəbəsi istiqamətində erməni separatçı-quldur dəstələrinə qarşı çiyin-çiyinə döyüşmüşük, döyüşləri idarə etmişik.

Şirin Mirzəyevin xidməti avtomobilində minaya düşərək şəhid olması ağır hadisə, böyük itki olmaqla yanaşı, sirli məqamlara malikdir.

Hadisə yerində olan yüksək rütbəli keçmiş iş yoldaşlarımın dediklərinə görə 1992-ci il iyunun 18-də Müdafiə Nazirliyinin rəhbərliyi onu döyüşlərin gedişi, cəbhədəki vəziyyətlə bağlı hesabat verməyə dəvət edib.

Şirin Mirzəyev həmin gün axşam saatlarına yaxın xidməti “UAZ”ı ilə Ağdamın Qaralar kəndi istiqmətindən Ağdərə rayonunun Sırxəvənd kəndinə gedən yolda müəmmalı şəkildə minaya düşüb. Partlayış nəticəsində onun qardaşı oğlu və arxa oturacaqda əyləşmiş hərbçi hadisə yerində şəhid olub. Şirin Mirzəyev isə bel nahiyəsindən ağır yaralanmışdı. Sürücü isə Partlayışdan xəsarət almadan salamat qalmışdı. 

O zaman Şirinin minaya düşdüyü ərazi Daxili Qoşunların mövqey tutduğu 11-ci postun ərazisinə yaxın idi deyə ilk köməyə yetişən də qoşunların zabitləri və əsgərləri olmuşdu. Hadisə yerinə ilk çatan Daxili Qoşunların zabitləri və əsgərlərinin dediyinə görə hadisənin ən sirli məqamı odur ki, Şirin Mirzəyevi aparan xidməti “UAZ” yola basdırılan minaya yox, avtomobilə quraşdırılan minanın partlaması nəticəsində yol kənarına aşmışdır. Həmin ərazidə isə yolda heç bir dağıntı olmamışdı. Hadisə yerinə ilk çatan Daxili Qoşunların zabitləri arasında hətta həkim də olub, ilk yardımı da onlar göstərib”.

Qeyd edək ki, əslən Şuşanın Mirzələr kəndindən olan Şirin Mirzəyev 1947-ci il yanvar ayının 5-də Xankəndində dünyaya göz açmışdır. Nizami adına beynəlmiləl orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yola düşmüşdür. Bir müddət Bakıda yerləşən Daxili Qoşunlar alayında xidmət etdikdən sonra 1967-ci ildə Leninqrad (indiki Sankt-Peterburq) şəhərindəki Ali Siyasi Hərbi məktəbə qəbul olmuş və 1971-ci ildə hərbi təhsilini müvəffəqiyyətlə başa vurub təyinatla İrəvana göndərilib. Beş il orada xidmət etdikdən sonra isə Bakıya qayıtmışdır.

Daha sonra 1976-cı ildə öz sinif yoldaşı Flora Qasımova ilə ailə qurur. Bu evlilikdən onların iki uşağı dünyaya gəlir. 1988-ci ildə Moskvada Hərbi Siyasi Aakdemiyada təhsil alaraq, Daxili Qoşunlar alayında 15 illik xidmət yolu keçmişdir. 1991-ci ildə qəlbində alovlanan Vətən məhəbbəti, vətənə xidmət arzusu onu Ağdama çəkib gətirdi. Özü də elə bir vaxtda ki, onun kimi peşəkar hərbçilərə vətənin böyük ehtiyacı var idi. 1991-ci ilin oktyabr ayında bütün maneələrə və təqiblərə baxmayaraq, polkovnik-leytenant Şirin Mirzəyev respublikamızda ilk nizami özünümüdafiə batalyonunu min bir əziyyətlə yaratdı. Bu, o dövr üçün çox zəruri bir addım idi. Artıq 1992-ci ilin may ayında üç tabordan ibarət alay yaradıldı. Ş.Mirzəyev Ağdam rayonunun həm hərbi komissarı və həm də alay komandiri kimi məsul vəzifələri çox bacarıqla yerinə yetirirdi. 1992-ci il mart ayının 28-də Şirin Mirzəyevin və onun tərəfdarlarının səyi nəticəsində respublikada 1-ci olan tabor yaradıldı və ürəyi Vətən sevgisilə çırpınan podpolkovnik Şirin Vəli oğlu Mirzəyev Ağdam rayon ərazi özünümüdafiə taborunun komandiri seçildi. O 18 iyun 1992-ci ildə Sırxavənd istiqamətində aparılan döyüş əməliyyatı zamanı minaya düşərək həlak olub. Ölümündən sonra 1994-cü ildə “Azərbaycanın Milli Qəhrəmanı” adı ilə təltif edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*