Çinin ən böyük şirkətlərindən biri subay və ya boşanmış işçilərindən 2025-ci ilin sentyabr ayının sonuna qədər evlənmələrini tələb edib, əks halda işdən çıxarılacaq.
KONKRET.az unikal.az-a istinadən xəbər verir ki, bu qeyri-adi tələb 28 yaşdan 58 yaşa qədər olan işçilər üçün qoyulub.
“Shuntian Chemical Group” rəhbərliyinin qərarına əsasən, martın sonuna qədər ailə qurmayan subay işçilər açıq məktub yazaraq, özlərini tənqid etməli olacaqlar. İyunun sonuna qədər evlənməsələr, şirkət onların fəaliyyətini qiymətləndirmək məcburiyyətində qalacaq. Sentyabrın sonuna qədər subay qalsalar, işdən çıxarılacaqlar.
Maraqlıdır ki, “Shuntian Chemical Group” Linyi şəhərində (Şandun əyalətinin şərqi) ən böyük müəssisələrindən biridir. Ümumilikdə şirkətdə 1200 nəfər çalışır.
İşçilərin şəxsi həyatı ilə bağlı bu tələbi Pekin Universitetinin Hüquq fakültəsinin dosenti Yan Tian “South China Morning Post” (SCMP) qəzetinə şərh edib. Onun sözlərinə görə, bu cür tələblər Konstitusiyaya ziddir.
Baş verən mübahisədən sonra şirkət yoxlanılıb. Bundan sonra onlar əvvəllər bəyan etdikləri tələblərdən əl çəkiblər. Sonda ailə vəziyyətinə görə işçilərin heç biri işdən çıxarılmayıb.