Sərnişinlər son dövrlərdə “Uber” və “Bolt” kimi taksi platformalarında sifariş zamanı sistemdə göstərilən avtomobil əvəzinə başqa maşının göndərilməsi halları ilə qarşılaşdıqlarını bildirirlər. Maraqlıdır, belə olan hallarda sərnişinlər hara müraciət etməlidir? Bu sürücüləri cəza gözləyirmi?
Mövzu ilə bağlı nəqliyyat eksperti Rauf Ağamirzəyev KONKRET.az-a açıqlamasında bildirib ki, bu cür hallarda sərnişinlərə diqqətli olmaq və aidiyyəti üzrə rəsmi şəkildə müraciət etmək tövsiyə edilir.
“Belə hallar xidmət keyfiyyətinin pozulması və sərnişin təhlükəsizliyinin risk altına düşməsi kimi qiymətləndirilir. Sərnişinlər bu kimi hallarla qarşılaşdıqda AYNA-nın qaynar xətt nömrələrinə, sosial media hesablarına və ya WhatsApp əlaqə nömrələrinə məlumat verə bilərlər.
Şikayət zamanı aşağıdakı məlumatların təqdim edilməsi vacibdir:
•Hadisənin baş verdiyi tarix və saat;
•Sifarişin nömrəsi və ya platforma üzərindən məlumat;
•Göstərilən və gələn avtomobilin dövlət qeydiyyat nişanları;
•Avtomobil markası və sürücünün adı.
Daxil olan məlumatlar araşdırılır və qaydalara zidd davranan sürücülər barəsində ciddi tədbirlər görülür. Bu tədbirlər sürücünün platformadan uzaqlaşdırılmasına qədər gedə bilər”.
Ekspert qeyd edir ki, bu cür pozuntular sərnişinlərin təhlükəsizliyi baxımından risk daşıdığından, hər bir istifadəçi belə halları vaxtında və rəsmi şəkildə bildirməlidir.
Aynurə İsmayıl
KONKRET.az