“Şıx” sanatoriyasının yeni təmirdən çıxan korpusunun açılışı oldu – FOTOLARbackend

“Şıx” sanatoriyasının yeni təmirdən çıxan korpusunun açılışı oldu - FOTOLAR

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən əsaslı təmir olunan və yenidən qurulan “Şıx” sanatoriyasının yeni korpusunun iyunun 5-də açılışı olub.

KONKRET.az xəbər verir ki, açılış mərasimində AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, deputat Arzu Nağıyev, həmçinin AHİK-ə üzv təşkilatların rəhbərləri iştirak ediblər.

Sanatoriyanın korpusunda bundan əvvəl Şuşa şəhərindən olan məcburi köçkünlərin məskunlaşdığı barədə məlumat verilib. Bildirilib ki, şuşalılar dövlətimiz tərəfindən yeni mənzillərlə təmin olunduqdan sonra burada təmir işlərinə başlanılıb. Hazırda bina müasir tələblərə uyğun bərpa edilib və yenidənqurma işləri həyata keçirilib.

Dördmərtəbəli yataq korpusuna beşinci mərtəbə tikilərək əlavə olunub. Korpusda ümumilikdə 75 çarpayıdan ibarət 44 otaq var. Bunlardan 3-ü lüks kateqoriyalı, 13-ü birnəfərlik, 28-i isə ikinəfərlik nömrələrdir. Bütün otaqlar kondisioner, televizor, soyuducu, seyf, fen və xalatlarla təchiz olunub. Bundan başqa, əlavə yemək zalı da inșa edilib. Burada yeməklərin təqdimatı “İsveç masası” prinsipinə uyğun qurulub.

Binanın zirzəmi hissəsində SPA prosedurları üçün böyük üzgüçülük hovuzu, türk hamamı, sauna və istirahət otaqları tikilib. Eləcə də doqquz vannadan ibarət müasir vanna şöbəsi yaradılıb, şöbənin damında isə günəş vannası qəbul etmək üçün sahə hazırlanıb. Binanın ətrafında gül-çiçək, dekorativ kol və ağaclar əkilib.

AHİK sədri binanın ərazisini gəzib, əsaslı təmirdən çıxmış tibb məntəqəsinə, müalicə və yaşayış otaqlarına, yeməkxanaya və mətbəxə baxış keçirib. Həmçinin Səttar Möhbalıyev yeni tikilmiş hovuza, vanna şöbəsinə, SPA mərkəzinə və yeməkxanaya baş çəkib, xəstələrin müalicəsi və istirahəti üçün yaradılmış şəraitlə maraqlanıb.

Konfederasiya sədri sanatoriya rəhbərliyinə xidmətlərin daha da yüksək səviyyəyə qaldırılması və yaranan hər hansı problemin tezliklə həll olunması üçün tövsiyə və tapşırıqlarını verib.

Korpusa baxış keçirdikdən sonra jurnalistlərə açıqlama verən AHİK sədri Səttar Möhbalıyev deyib ki, məqsədimiz Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq insanların müalicəsi və istirahəti üçün əlverişli şəraitin yaradılması, yüksək standartlara cavab verən sanatoriyaların sayının artırılmasıdır. O diqqətə çatdırıb ki, bu il üçün Naftalanda və Bilgəhdə yeni sanatoriya mərkəzlərinin açılması planlaşdırılır. Naftalandakı mərkəz 140 nəfərlik nəzərdə tutulub. Buzovnada inşa edilən sanatoriya mərkəzinin də bu günlərdə açılışı gözlənilir.

AHİK sədrinin sözlərinə görə, sanatoriyanın sakinləri günəş, palçıq vannasından əlavə qum vannasından da istifadə edə biləcəklər. Bunun üçün artıq Türkiyədən sifariş də verilib. Qış və yay aylarında qum vannalarından istifadə etmək mümkündür. Artıq xarici ölkələrdən 45 nəfər müraciət edib.

Korpusda oynaq və dayaq-hərəkət sistemi xəstəliklərinin müalicəsinin aparıldığını qeyd edən AHİK sədri insanların ən yüksək səviyyədə müalicəsi və əyləncəsi üçün burada hər bir şərait yaradıldığını, onlara peşəkar həkim personalının xidmət göstərdiyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*