İsrail ilə HƏMAS arasında atəşkəs sazişindən başlamaq istəyirəm. Yox, geniş təhlil etməyəcəm; mövzumuz o deyil. Bir-iki cümlə ilə toxunub keçəcəm. Amerika mediası bu atəşkəsi “Donald Trampın ilk qələbəsi” adlandırdı. Üstəlik bunda Türkiyənin də xüsusi rolu vurğulandı.
Bəs Qəzza böhranını kim yaratmışdı? Ya kim körükləmişdi? İsrailə hücum, çox sayda insanın öldürülməsi, İsraili cavab addımlarına məcbur qoyub, Qəzzanı dağıtmaq, sonra eyni işləri Livanda görüb, İsraili oraya hücuma sövq etmək kimə lazım idi?!
Doğrudanmı, bu, Amerikanın daxili siyasəti ilə sıx bağlı olub?!
Hər halda Amerikanın öz mediasında, ekspert dairələrində bu suala cavab axtarılır. Bəlkə də konsprioloji nəzəriyyələrə yozulacaq, ancaq yenə də olsun: prezident Co Baydenin və dövlət katibi Entoni Blinkenin İran proksilərini İsrailin əli ilə vurması Amerika seçicilərinin diqqətini daxili siyasətdən yayındırmaq cəhdi kimi qiymətləndirilir.
Bunu da mən demirəm, Qərbin aparıcı media orqanları, ekspertləri, siyasətçiləri deyir. Xüsusilə, Demokratlar rəqib Donald Trampın dünyada müharibələri dayandırmaq şüarını vurmaq üçün… müharibələri daha da qızışdırır, yeni-yeni müharibə, münaqişə ocaqları yaratmağa, Amerikaya daha çox düşmən qazandırmağa çalışırdılar. Məsələn, Veneauela prezidenti Nikolas Maduronun başına 25 milyon dollar mükafat qoyulmasını götürək. Amerika mediasında məşhur köşə yazarı qara yumor üslubunda acı ironiya edir: “Maduronun başı bizim nəyimizə yarayacaq?!”
Məsələ Maduroda deyil. Məsələ dövlət təfəkkürünə sığışmayan, illah da superdövlətə yaraşmayan siyasi üslubdadır.
Öz başını itirmiş Bayden administrasiyası nə etdiyini, nələri, kimləri itirib, nələri, kimləri qazandığını bilmədi. Baydeni yanlış siyasi riyaziyyatı Amerikanın ən elementar gəlir-çıxar hesabatını düzgün hesablayıb çıxara bilmədi.
Yeri gəlmişkən, Ermənistanın məhz Bayden administrasiyası dövründə yenidən silahlandırılmasına da bu kontestdən baxmaq lazım gəlir. Ermənistan ordusunu yenidən qurmaq və gücləndirmək də buna yönəlib. Amerikalılar, Avropalılar erməni toplumunu yaxşı tanıyır; bilirlər ki, bir az pul, bir az silah, arxalarında bir azca güc hiss edən kimi qonşuların torpaqlarına iştahlanırlar. Bu da, təbii ki, münaqişə, müharibə deməkdir. ABŞ-ın yola salınmaqda olan administrasiyası – prezident Bayden və dövlət katibi Blinken də məhz dünyada münaqişədən, müharibədən – cəsəddən, qandan, göz yaşından bəslənirdilər. İndi həmin mirası yeni gələn prezidentə buraxıb getmək istəyirlər. Dünyanın dörd bir yanında o qədər müharibə potensialı, müharibə ocaqları yaratmağa çalışdılar ki, Donald Tramp bilməsin, hansı ocağı necə söndürsün.
Qonşu Gürcüsranda xaos yaratmağa çalışdılar. Ermənistan üzərindən isə bütün Cənubi Qafqaz bölgəsinə yeni müharibə toxumu səpdilər. Yeni savaş layihəsi qurdular, ya da ən azı qurmağa çalışdılar. Həm də Avropa Komissiyaaının prezidenti Ursula fon der Leyen ilə birlikdə. Avropanın Baydeni fon der Leyen idi. Avropa İttifaqının xarici siyasət və təhklükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel isə Avropanın Blinkeni olmuşdu (artıq təqaüdə göndərilib).
Sözügedən layihənin birinci addımları Ermənistanın silahlandırılması, Ermənistanla birlikdə hərbi təlimlər keçirilməsi, maliyyə yardımının artırılması, Ermənistanın Rusiya mərkəzli strukturlardan uzaqlaşdırılması, bu ölkənin ərazisində Avropa İttifaqının Müşahidə Missiyasının yerləşdirilməsi və sayının artırılması, mandatının uzadılması və sair idi. Amma ən əsas iki tarix var: birincisi, 2024-cü il aprelin 5-də Brüsseldə Blinken, fon der Leyen, Borrel və Paşinyanın iştirakı ilə danışıqlar – “miniMarşall planı”nın təqdimatı, ikincisi isə, 2025-ci il yanvarın 14-də Vaşinqtonda ABŞ-la Ermənistan arasında imzalanmış strateji tərəfdaşlıq xartiyasıdır. Bu sənədlər Ermənistanı Cənubi Qafqazın öz bölgədaxili inteqrasiya və tərəfdaşlıq gündəliyindən qoparıb Vaşintona, Brüsselə bağlamaq, bu paytaxtlardan asılı vəziyyətə salıb, öz iradələrinə tabe tutmaq, sonra da istədikləri “qara işləri” gördürmək üçündür. Ona görədir ki, Blinken yenə “Dağlıq Qarabağ” ifadəsi işlədir.
Tarixdə uğursuz diplomatlar çox olub, ancaq yəqin ki, Entoni Blinken bu mənada “rekord” qırıb. Nəinki ABŞ-ın, bütövlükdə bəlkə də dünya tarixində ən uğursuz diplomatdır. Çünki Blinkenin ayağı hara dəyibsə, orada müharibə, dağıntı, fəlakət baş verib. O, heç bir münaqişə həll etməyib, yeni münaqişələr yaratmaqla məşğul olub. Başını qaldıranın başından sanksiya paketləri ilə vurub. Təbii ki, Baydenin iradəsi, daha doğrusu, iradəsizliyi sayəsində.
Bayden prezident maketi idi, Blinken isə bu maketi üzünə tutub öz bildiyi kimi hərəkət edirdi. Bayden sanksiyanı polis dəyənəyinə çevirmişdi, ötürmüşdü Blinkenə, o da kimə gəldi, zərbə vururdu. Nəticədə, Bayden-Blinken erası 2022-ci ildə Rusiya-Ukrayna müharibəsinin başlanmasına və misli-bərabəri görünməyən dağıntılara və qırğınlara səbəb oldu. Amerikada Bayden-Blinken, Avropada fon der Leyen-Borrel cütlükləri, eləcə də, Makron və sair bu qanlı müharibənin memarlarıdır. Dünyanı dünya müharibəsinin, nüvə müharibəsinin astanasına gətirib çıxaranlar məhz bu personajlar, antiqəhrəmanlardır.
Xüsusilə, Trampın seçiləcəyini, qarşısını ala bilməyəcəklərini gördükdə, Bayden-Blinken tandemi müharibə ocaqlarını daha da alovlandırdılar. Məqsəd, dediyimiz kimi, nüharibələrlə, toqquşmalarla, terror və xaosla dolu bir dünya buraxmaqdır. Dünya xalqları içərisində ABŞ-a mümkün qədər çox düşmən qazandırmağa çalışdılar. Buna da nail oldular. Əsas narrativləri bu idi: dünyada Amerikaya qarşı bu qədər düşmən münasibət varsa, deməli, Amerikanı qorumaq lazımdır; bunun yolu isə Amerikadan uzaq bölgələrdə müharibələr yaratmaqdır.
Bu narrativ, heç şübhəsizdir ki, insanlığa nifrətdən qaynaqlanır.
Nəticə də gözlənildiyi kimi oldu: indi dünyada belə bir fikir formalaşıb ki, ABŞ qan yatıran deyil, ortalığa qan salan gücdür.
Məlumdur ki, diplomatiya müharibələri dayandırmaq, münaqişələri həll etmək vasitəsidir. Blinken isə diplomatiyanı müharibə, münaqişə yaratmaq kimi başa düşürdü. Bayden administrasiyası, xüsusilə, Blinken öz səlahiyyətlərinin son günlərində də ABŞ siyasətini, xarici siyasətini “mina tarlası”na çevirməkdən əl çəkmədi. O cümlədən, Ermənistanla imzalanan strateji tərəfdaşlıq xartiyası da Vaşinqtonun Cənubi Qafqazın sülhə, sabitliyə və təhlükəsizliyə gedən yoluna “geosiyasi mina” döşəmək idi. Məqsəd odur ki, yeni gələn Respublikaçı administrasiya, yeni prezident, yeni dövlət katibi üçün çətin olsun. Qəsdən o qədər çox yeni problemlər yaradıblar ki, yeni hakimiyyət bunları həll edə bilməsin, növbəti seçkilərdə uduzsun.
Dünyada, dünyanın müxtəlif nöqtələrində ABŞ-ın maraqlarına zərbə vurmaq hesabına da olsa, öz partiya maraqlarını, hakimiyyət ambisiyalarını ön sıraya qoydular. Həm də Ermənistanla imzalamaq üçün elə bir sənəd növü seçiblər ki, onun Konqresdə ratifikasiyaya ehtiyacı olmasın. Çünki sənədin Konqresdən keçə bilməmə ehtimalı cüzi də olsa, belə nəzərə alınıb. Mümkün olan hər şeyi edirlər ki, Donald Tramp, Respublikaçıların hakimiyyəti qarşıdakı dörd ildə qarşısına qoyduğu məqsədlərə nail ola bilməsin, yeni müddətə seçilmək şansı olmasın.
Co Bayden son çıxışlarından birində dedi ki, onun administrasiyası guya uğurla işləyib, Amerika üçün çox işlər görüb. Ardınca da əlavə etdi: “Ancaq bundan sonrakı dönəmdə Amerika üçün hər şeyin yaxşı olacağını deyə bilmərəm”.
Ən yüksək inkişaf səviyyəsində olan ABŞ kimi superdövlətə dörd il rəhbərlik etmiş bu adamda siyasi mədəniyyət, görünür, ən aşağı səviyyədədir. Yoxsa, heç olmasa, Donald Trampa və komandasına uğurlar arzulayardı. Axı bu yeni prezident düşmən deyil, sadəcə, siyasi rəqibdir.
Paradoksa baxın: siyasi rəqib də olsa, öz soydaşını – Amerikanın yeni prezidentini düşmən gözündə görən Bayden-Blinken cütlüyü… Ermənistan rəhbərlərinin simasında dost axtarır. Donald Trampın əlini geri itələyib, Nikol Paşinyanı qucaqlamaq! Bayden adına Absurd Teatrı bu olsa gərək!
Məşhur yumorist Mixail Jvanetski deyirdi: “Deyirlər, müdriklik yaşla gəlir. Amma bir də görürsən, yaş gəlib çatıb, ancaq müdriklik gəlib çıxmayıb”.
Bu yumor olsa da, Baydenə münasibətdə həqiqətdir; adam dünyanın ən böyük dövlətinin ən böyük vəzifəsində dörd il oturdu (ondan da əvvəl Delaverdən senator seçildi, Senatın beynəlxalq siyasət məsələləri üzrə komissiyasının sədri oldu, vitse-prezident oldu), amma dövlət təfəkkürü gəlişmədi. 78 yaşında hakimiyyətə gəldi, indi 82 yaşını tamamlaylb, 83-ə keçib. Hələ də müdrikləşə bilməyib. Hələ də dünyanın və ölkəsinin taleyinə kiçik hesablardan və cılız duyğulardan – qrupbazlığın “keşikçi qülləsindən”, partiya maraqlarının pəncərəsindən baxır. Adam Narkotiklərə Nəzarət üzrə Beynəlxalq Qrupa da bir müddət rəhbərlik edib. Narkotiklərə necə nəzarət edib, deyə bilmərəm, amma öz iradəsinə nəzarəti çox da ürəkaçan səviyyədə deyildi. Onunla bağlı iki epizod Bayden hakimiyyəti dövründə Amerikanın nələr yaşadığını simvolizə edir: biri Baydenin publik çıxışdan sonra tribunadan ayrılıb hara gedəcəyini çaşdırması, yönünü itirməsi, o birisi isə, təyyarənin trapında dəfələrlə yıxılması idi.
Yox, qocalıq, xəstəlik üzərindən mühakimə yürütmək deyil bu. Prezidentin fiziki olaraq qocalmış olması deyil, siyasi cəhətdən tükənmiş olmasıdır mətləb. O vəziyyətdə hələ ikinci müddətə də tamahlanıb, seçkiyə qatılması, sonra da özü, partiyası, ölkəsi üçün rüsvayçı formada namizədlikdən yarımçıq çəkilməsi, daha doğrusu, seçki marafonundan qovulmasıdır mövzu. Yoxsa hamı xəstələnir, hamı qocalır, hamı ölür. Hətta heç xəstələnmədən də, qocalmadan da ölür insan.
Bir sözlə, söhbət Baydenin fiziki yorulmuşluğundan deyil, siyasi bitkinliyindən gedir; o, özü ilə bərabər Amerikanın da yönünü çaşdırdı; qanlı-ziyanlı macəralara sürüklədi. Özünü necə aparırdısa, ölkəsini də elə aparıb, daşlığa, tikanlığa saldı. Əgər uçuruma salmadısa. Özü ilə bərabər ölkəsinin də büdrəməsinə səbəb oldu.
Amerika kimi nəhəng dövləti – 300 milyon nəfərdən çox sayı olan cəmiyyəti elə yerə gətirib çıxardı ki, bəşəriyyət nəfəsini içinə çəkib Donald Trampın andiçmə mərasimini gözləyir; həftələri, günləri yox, hətta saatları, dəqiqələri hesablayır.
Bayden-Blinken ikilisi öz ikili standartları, ikiüzlü siyasəti ilə dünyanı – milyardlarla insanı elə bir uçurumun kənarına gətirib ki, artıq Yer üzündə ağlı kəsən hər kəs Donald Trampa Cerom Devid Selincerin dünyaca məşhur “Çovdarlıqda uçurumdan qoruyan” romanındakı “Holden Kolfild” kimi baxır.
Əsəri oxuyanlar bilir: Holden uçurumun kənarında durub, yaxınlıqdakı çovdarlıqda qaçdı-tutdu oynayan, oyun həyəcanı ilə gözü ayağının altını görməyən və uçurumdan yıxılmaq təhlükəsi olan uşaqları tutur, ölümdən xilas edir. Bayden-Blinken cütlüyü və Putin, bəli, dünyanı nüvə müharibəsinin bir addımlığına gətirib çıxardılar. O üzdən bu gün bəşəriyyət Donald Trampı “Holden Kolfild” obrazında – “çovdarlıqda uçurumdan qoruyan” olaraq görür…
Yeri gəlmişkən, Amerikanın qüsurlarını, mənfilikləri kəskin tənqid etdiyinə görə bu romanın çapı da vaxtında qadağan olunmuşdu, amma əsər bütün dünyada onu oxuyan hər kəsin, xüsusilə, gənc, yeniyetmə insanların sevimlisinə çevrildi. Eynilə Donald Trampın da rəqibləri, düşmənləri onun yolunu kəsməyə, onu “qadağan etməyə” çalışdı; barəsində onlarla cinayət işlərinin açılmasından tutmuş, ona atəş açılmasına qədər – həbs cəhdlərindən tutmuş, həyatına sui-qəsdlərə qədər hər şey etdilər. Hətta inaqurasiya mərasiminə 10 gün qalmış məhkəmə Tramp barəsində hökm belə verdi. Ancaq Amerika onu prezident seçib, ona inanıb.
Bilmirəm, Donald Tramp necə prezident olacaq, bunu zaman bir dəfə göstərib, bir də göstərəcək. Ancaq fakt budur ki, Amerikada və bütün dünyada çoxları onun müharibələri dayandıracağına, dünyaya sülh gətirəcəyinə inanıb.
Bəli, necə deyərlər, Tramp da “hədiyyə deyil”. Amma müharibələrdən sarsılmış, yorulmuş, tükənmiş, çoxlu can, çoxlu qan itirmiş dünya Trampı insanlığı qlobal missiyalı “Holden Kolfild” kimi görür. Donald Tramp, doğrudan da, təhlükəli “qaçdı-tutdu”, daha doğrusu, “qırdı-çatdı” oynayan “saqqallı uşaq”ları çovdarlıqda uçurumdan qoruyacaqmı?! Hər halda ən yaxşı halda yüz gündən sonra bu suala cavab ala biləcəyik.//Bahəddin Həzi, Bizimyol.info