ŞOK: Səfər Mehdiyev həbs edilir – Gömrük Komitəsi ləğv olunur?backend

ŞOK: Səfər Mehdiyev həbs edilir - Gömrük Komitəsi ləğv olunur?

Tural Abbaslı: “Dövlət Gömrük Komitəsi ləğv olunmalı və İqtisadiyyat Nazirliyinin, yaxud Vergilər Komitəsinin tərkibində departament kimi fəaliyyət göstərməlidir”

Azərbaycanda illərdir insanların narazı qaldığı qurumlardan biri də Dövlət Gömrük Komitəsidir. Gömrükdən məhsul keçirmək istəyənlərdən alınan böyük məbləğdə vergi, inhisarçılıq və müxtəlif malların monopoliyasının həyata keçirilməsi insanların canını boğazına yığıb desək yəqin ki yanılmarıq. Üstəlik bəzi media qurumlarında yayılan iddialara görə, Komitədə ciddi yoxlamalar başlayıb və 700 milyonluq kəsirin yarandığı aşkar edilib. Bütün bunlar Dövlət Gömrük Komitəsində də yaxın zamanlarda “qara maskalıların” görünəcəyini deməyə əsas verir.

Mövzu ilə bağlı fikirlərini KONKRET.az-la bölüşən “Ağ Partiya” sədri Tural Abbaslı bildirib ki, bu gün xalqı narazı salan qurumların ən önündə gəlir Dövlət Gömrük Komitəsi və onun rəhbərinin yarıtmaz fəaliyyəti: “Əsasən orta və kiçik bizneslə məşğul olan sahibkarları “soymaqla”, onların fəaliyyətini çökdürməklə məşğuldur Dövlət Gömrük Komitəsi. Süni şəkildə Monopoliyanın saxlamaqla, özlərinə yaxın şirkətlərə xüsusi imtiyazlar verməklə rəqabəti aradan qaldıran və bunun hesabına milyonlarla qazanc əldə edən bir insandır Səfər Mehdiyev. Bu gün insanları narazı salan ən vacib məsələ öz şəxsi istifadələri üçün ölkəyə gətirdikləri mallara tətbiq olunan limitin 1000 dollardan, 300 dollara salınması oldu. Yüksək gömrük qiymətlərinin mövcudluğu, rüsumların hesablanmasında primitiv bazar üsulunun tətbiqi, Komitənin yazılmayan qanunlarla idarə olunması sahibkarları və sadə insanları narazı salır”.

Tural Abbaslının sözlərinə görə, ilk dəfə onun rəhbəri olduğu Partiyanın mütəxəssisləri hesablama apararaq, Gömrük Komitəsində dördüncü rübü çıxmaq şərti ilə 608 milyon manat kəsirin olduğunu təsbit ediblər və bunu ictimailəşdiriblər: “Mərkəzi Bankın verdiyi rəqəmlərlə Dövlət Gömrük Komitəsinin açıqladığı rəqəmlərin müqayisəli təhlili, 608 milyon manatdan artıq bir məbləğin ortada olmadığını göstərdi. Ümumiyyətlə hesab edirəm ki, Dövlət Gömrük Komitəsi ləğv olunmalı və İqtisadiyyat Nazirliyinin, yaxud Vergilər Komitəsinin tərkibində departament kimi fəaliyyət göstərməlidir. Eləcə də Səfər Mehdiyevin fəaliyyəti ciddi şəkildə araşdırılmalı və onun büdcədən taladığı vəsaitləri mənimsəməsi haqda istintaq başlamalıdır. Təbii ki, Səfər Mehdiyev həbs olunmalıdır və onun büdcədən oğurladığı milyonlar geri qaytarılmalıdır”.

Partiya sədri əlavə edib ki, Səfər Mehdiyevin vəzifədə qaldığı hər gün sahibkarların işini itirməsi və onların şirkətlərinin məhv olması deməkdir: “Ümumiyyətlə gömrükdəki problemləri saymaqla bitməz. Ona görə də təklif edirəm ki, Gömrük Komitəsi ləğv olunsun və departament kimi fəaliyyət göstərsin. Həmçinin Səfər Mehdiyev və onun əlaltılarına isə cinayət işi açılaraq məsuliyyətə cəlb olunsunlar”.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*