Son 22 ayın 21-də qlobal orta temperatur sənaye dövrü öncəsi göstəricilərdən 1,5 dərəcə yüksək olub.
KONKRET.az xəbər verir ki, alimlər bildirir ki, temperaturun bu həddi aşması iqlim sistemindəki tarazlığı ciddi şəkildə poza bilər və hətta ən kiçik artım belə dağıdıcı təsirləri daha da artırır.
Copernicus: Rekordlar zənciri davam edir
Avropa İttifaqının Copernicus İqlim Dəyişikliyi Xidmətinin məlumatına görə, iyul 2023-cü il tarixində qlobal temperatur ilk dəfə sənaye dövrü öncəsi ortalama ilə müqayisədə 1,5 dərəcə səviyyəsinə çatıb. O vaxtdan bəri yalnız 20214-cü ilin iyul ayında bu hədd 1,48 dərəcə ilə aşılmayıb. Qalan bütün aylarda temperatur artımı 1,50–1,78 dərəcə arasında dəyişib.
Aprel ayı isə 1,51 dərəcə artımla ən isti ikinci aprel ayı kimi tarixə düşüb. “Berkeley Earth” tədqiqatları da bunu təsdiqləyərək son 12 ayın orta temperaturunun 1,62 dərəcə olduğunu bildirir.
Paris Sazişi təhlükədə
Copernicus iqlim alimlərindən Rebecca Emerton bildirib ki, 1,5 dərəcə artımın bir neçə il ərzində qeydə alınması Paris Sazişinin pozulması anlamına gəlmir. Bu hədəfin keçildiyini demək üçün temperaturun 20 il ardıcıl 1,5 dərəcədən yuxarı olması lazımdır. Lakin indiki artım sürəti ilə bu hədəfin 2030-cu illərdə keçiləcəyi ehtimal edilir.
“Hər onluq artım belə böyük əhəmiyyət daşıyır. Çünki istiləşmə artdıqca, qlobal fəlakətlərin – daşqınlar, quraqlıqlar və tufanların sayı və təsiri daha da ağır olacaq”, – deyə Emerton vurğulayıb.
“Heç bir ölkə təkbaşına bacara bilməz”
Avropa Orta Müddətli Hava Proqnozları Mərkəzinin (ECMWF) baş direktoru Florence Rabier deyib ki, ABŞ-la elmi əməkdaşlığın gücləndirilməsi iqlim dəyişikliyinə qarşı mübarizədə həlledici rol oynayacaq.
“Əgər müşahidə sistemlərində bir boşluq yaranarsa, bu yalnız bu gün üçün deyil, gələcək nəsillər üçün də ciddi problemlər yaradacaq.” , – deyə o, bildirb.
Ümid: Bərpa olunan enerji
Friends of the Earth təşkilatının tədqiqat və siyasət rəhbəri Mike Childs isə ümidsizliyə qapılmamağa çağırır. O qeyd edir ki, artıq ən ucuz enerji mənbəyi bərpa olunan enerjidir və elektrik avtomobilləri qısa zamanda əsas seçimə çevriləcək: “Paris Sazişi hədəfi tamamilə əldən çıxmayıb. Hər bir temperatur artımına qarşı mübarizə aparmalıyıq. Çünki bu, təkcə iqlim deyil, insanlıq məsələsidir.”
Nəticə: Temperatur artır, amma mübarizə də davam edir
İqlim dəyişikliyinin təsirləri artıq daha aydın görünür və hər yeni hesabat dünya üçün xəbərdarlıq siqnalıdır. Alimlər hələ də bu prosesi yavaşlatmağın və nəzarətə almağın mümkün olduğunu deyir.
Müşviq Tofiqoğlu,
KONKRET.az