Hər il avqustun 13-ü Ümumdünya Solaxaylar Günü kimi qeyd olunur. 1992-ci ildə Britaniya Solaxaylar Klubu həmin günün qeyd olunması təşəbbüsü ilə çıxış edib.
Hazırda dünya əhalisinin 800-900 milyon nəfəri solaxaydır. Ötən ilin statistikasına görə, Azərbaycan əhalisinin 8%-i solaxaydır.
Məşhur solaxaylar da kifayət qədərdir. Məsələn, həmin siyahıda Barak Obama, Mikelancelo, Leonardo da Vinçi, Yuli Sezar, Makedoniyalı İsgəndər, Janna d’Ark, Napoelon Bonapart, Uinston Çörçill, Albert Eynşteyn, Bryus Uillis, fizik Maksvell, Bill Klinton, Corc Buş (oğul), Bill Qeyts, Melin Monro, Pol Makartni, Robert de Niro, Tom Kruz, Nikol Kidman, Mark Tven, Bethoven, Sergey Raxmaninov və digərlərinin də adları var.
Maraqlıdır, valideynlər övladlarının solaxaylığına necə yanaşır? Bundan narahatlıq keçirirlərmi?
Mövzu ilə bağlı KONKRET.az-a danışan psixoloq Aytən Ələkbərova deyir ki, valideynlərin çoxu övladının solaxaylığını problem kimi qəbul edirlər:
“Mənə müraciət edən bir çox valideynlər solaxay olduqlarına görə övladlarında problem olduğunu düşünür. Bu cür uşaqlar ibtidai təhsil zamanı sağ əllə yazmağa məcbur edilir. Bu isə müəllimlərin etdiyi yanlışlardan biridir. Bu tip davranışlar həmin uşaqlarda nevrozun əlamətlərinin baş qaldırmasına, kəkələmələrin yaranmasına səbəb ola bilər. Həmçinin uşaq bu davranışdan bezdikdə onda tənbəllik yaranır, dərs oxumaq, yazı yazmaq istəmir. Solaxay uşaqları olduğu kimi qəbul etmək lazımdır. Həmçinin onlara psixoloji zorakılıq edilərək xəstə kimi yanaşılır, lakin onlar fəallığı ilə xəstə olmadıqlarını sübuta yetirirlər. Anlamaq lazımdır ki, uşaqları döyərək sağ ələ keçirməyə çalışanda onlarda yaranan qorxu, stres sonradan şizofreniyanın yaranmasına gətirib çıxara bilər”.
Psixoloq Sevinc Həbibova solaxay olan uşaqların çox ağıllı olduqlarını bildirib:
“Bu xəstəlik deyil. İrsən, gendən gələn xüsusiyyətdir. Müşahidələrim əsasında onu deyə bilərəm ki, bu uşaqlar həddən artıq ağıllı olurlar. Həmçinin tez əsəbləşib, tez sakitləşən xarakterə malikdilər. Onların çox iti yaddaşı var. Əşyanı qoyduğumuz yeri biz unutsaq da, solaxaylar üzərindən 1 ay keçsə də, onun yerini asanlqla xatırlayırlar. Eyni zamanda onların fitrətində ixtiraçılıq ruhu var”.
Aygün Mirakif,
KONKRET.az