Solonnikov: “Vaşinqtonun dərdi Rusiyadır, Paşinyan da pul hayındadır”backend

Solonnikov: "Vaşinqtonun dərdi Rusiyadır, Paşinyan da pul hayındadır"

“ABŞ-ın son dövrlər Cənubi Qafqazla bağlı maraqları onun geosiyasi strateji xətti ilə bağlıdır. Ermənistan üzərindən regiona daxil olmaq istəyən Amerika bu niyyətinə çatmaq üçün qarşısına çıxan bütün maneləri zərərsizləşdirmək istəyir”. 

KONKRET.az xəbər verir ki, bunu Rusiya Müasir Dövlət İnkişafı İnstitutunun direktoru Dmitri Solonnikov deyib.
Onunla müsahibəni təqdim edirik.

– Dmitri Vladimiroviç, Vaşinqtonun açıq-aşkar ermənipərəst mövqeyini nəzərə alsaq, ABŞ-ın Cənubi Qafqazdakı fəaliyyəti nə ilə nəticələnə bilər?

– ABŞ bütün dünyada – Asiya-Sakit okean regionunda, Afrikada, Latın Amerikasında, Arktikada, Avropada, o cümlədən Cənubi Qafqazda fəaldır. Ona görə də demək olmaz ki, burada başqa yerlərə nisbətən xüsusi fəallıq var.  Burada söhbət qlobal qarşıdurmadan gedir, çünki Cənubi Qafqaz “Bir kəmər-bir yol” layihəsi nöqteyi-nəzərindən Çinin və Rusiyanın maraqlarının kəsişdiyi regiondur. Ona görə də ABŞ göstərmək istəyir ki, bu regionda istənilən məsələ onların iştirakı olmadan həll oluna bilməz. Bu səbəbdən onlar Cənubi Qafqazda gedən proseslərdə fəallıq nümayiş etdirirlər.

Vaşinqtonun ermənipərəst mövqeyinə gəlincə, amerikalılar öz maraqlarını Ermənistan üzərindən həyata keçirmək istəyirlər. Xüsusilə, Ermənistan baş naziri Nikol Paşinyan ABŞ-ın göstərişlərini yerinə yetirir və onun vasitəsilə Vaşinqton regionda öz siyasətini həyata keçirir.

– Amerika hərbi bazalarının Ermənistanda yerləşməsi ehtimalı nə qədərdir?

– Güman etmirəm ki, bu məsələ tezliklə reallaşsın. Amma NATO ölkələrinin gizli silahlı qüvvələri Ermənistan ərazisində sülhməramlı missiya və müşahidəçi pərdəsi altında yerləşdirilə bilər. Hesab edirəm ki, nə qədər ki, Ermənistan KTMT-nin üzvüdür, orada Amerikanın hərbi bazaları olmayacaq.

– Ermənistan KTMT-dən çıxmır, eyni zamanda hərbi alyansın tədbirlərində iştirakdan da imtina edir.

– Mən düşünmürəm ki, Ermənistan hazırda KTMT-dən çıxmağa hazırdır. Bu gün İrəvanın mütləq xarici təhlükəsizlik çətirinə ehtiyacı var, ona görə də çox güman ki, Ermənistan KTMT tədbirlərində iştirak etməyəcək, lakin KTMT formatı de-yure saxlanılacaq.

– Paşinyan “Dünyanın kəsişməsi” layihəsini beynəlxalq səviyyədə təbliğ etməyə çalışır. Sizcə, onun məqsədi nədir?

– Əsasən Avropadan müəyyən qədər pul qoparmağı planlaşdırıb.  Avropadakılar isə ermənilərə çoxlu pul ötürməklə onları öz tərəflərinə çəkməyə çalışırlar. Artıq buna nail də olublar. Ermənilər pula çox meyillidirlər.

– Ermənistanın Qərb və ABŞ-la yaxınlaşmasından sonra İranın reaksiyası necə olacaq?

– Tehran ehtiyatlı siyasi xəttə sadiq qalacaq. İran Ermənistanla ümumi sərhədin saxlanmasında maraqlıdır. Lakin Ermənistanın hazırkı rəhbərliyi ilə açıq qarşıdurmaya getməyəcək. Ona görə də Tehran sakit rejimdə qalmaqla regionda özünün mühafizəkar xəttinə sadiq qalacaq.

– Yaxın gələcəkdə Ermənistan-Rusiya münasibətlərini necə görürsünüz?

– Ermənistan Rusiyadan uzaqlaşmağa davam edəcək. Ermənistandan danışarkən mən ölkənin indiki rəhbərliyini nəzərdə tuturam. Çünki İrəvanda həm anti-rusiya, həm də rusiyapərəst əhval-ruhiyyə var. Heç kim orada hakimiyyət dəyişikliyinin olacağına təminat vermir. Bu ssenari mümkündür. Amma indiki rəhbərlik Ermənistanı Rusiyadan uzaqlaşdıracaq. Ermənistan Avropa ilə, ilk növbədə Fransa ilə yaxınlaşmağa doğru istiqamət götürüb.

– Ermənistanda çevriliş baş versə, hakimiyyətə Rusiyanın adamı gələ bilərmi?

– Rusiya başqa ölkələrdə çevriliş təşkil etmir. Amma Ermənistanda Rusiya yönümlü, yaxud Avropa layihələrinə mənfi münasibət bəsləyən bir adamın hakimiyyətə gəlməsi tamamilə mümkündür. Bunun yalnız inqilabi üsullarla baş verəcəyini düşünürəm.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*