Koronavirus pandemiyası dövründə tətbiq olunan inzibati cərimələrin taleyi yenidən gündəmə gəlib. Xüsusilə həmin cərimələrin ödənilib-ödənilməməsi ilə bağlı vətəndaşları maraqlandıran suallara hüquqi müstəvidə aydınlıq gətirilib. Maraqlıdır, Koronavirus dövründən qalan cərimələr silinəcək?
Mövzu ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin Hüquq departamentinin müdiri, vəkil Fuad Məmmədov KONKRET.az-a açıqlamasında bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 145.1.3-cü maddəsinə əsasən, inzibati tənbehin icrası üçün Məcəllənin 146.1-ci maddəsində müəyyən edilmiş müddət keçdikdən sonra inzibati tənbehin icrasına xitam verilir.
Vəkil bildirib ki, məcəllənin 146.1-ci və 146.1-1-ci maddələrinə uyğun olaraq, inzibati cərimə növündə (pul məbləği formasında) olan tənbeh qanuni qüvvəyə mindiyi gündən etibarən 5 il ərzində icra edilməzsə, artıq icra olunmur. Digər inzibati tənbeh növləri isə qanuni qüvvəyə mindikdən sonra 1 il ərzində icra edilmədikdə qüvvəsini itirir.
“Yəni pandemiya dövründə hər hansı şəxs barəsində pul məbləği formasında inzibati cərimə tətbiq edilibsə və həmin qərarın qanuni qüvvəyə mindiyi tarixdən 5 il keçibsə, artıq bu cərimənin ödənilməsi tələb edilə bilməz”, – deyə Fuad Məmmədov vurğulayıb.
O, əlavə edib ki, bunun üçün müvafiq inzibati tənbehi tətbiq etmiş hakim və ya səlahiyyətli vəzifəli şəxs tərəfindən ayrıca qərar qəbul edilməlidir.
Aynurə İsmayıl
KONKRET.az

