Bir çox siyasi analitiklər son erməni təxribatlarında İranın əlinin olduğunu iddia edən fikirlər səsləndirirlər. Bunun üçün bir sıra əsaslı şübhələrin olduğuna dair arqumentlər gətirirlər. Təbii ki, Tehranın Zəngəzur dəhlizinin açılmasına maneə yaratması və sülhün imzalanmasını istəməməsi bu iddiaların reallığına dair əsaslı şübhələr yaradır. Bəs görəsən, İranın bu təxribatlarda əli varmı?
Mövzunu KONKRET.az-a şərh edən politoloq Əlimusa İbrahimov bildirib ki, İran regionda vəziyyətin gərginləşməsində və təxribatların törədilməsində maraqlıdır və Tehranın bu işlərdə əli var: “Artıq son dövrlərdə Türkiyə prezidenti Ərdoğan bu barədə bəyanat verməyə məcbur olub. İran həqiqətən də Zəngəzur dəhlizinin açılmasına əngəl yaradır. Təbii ki, bu təxribatlar Zəngəzur dəhlizinin açılmasının və sülh müqaviləsinin imzalanmasının qarşısını almağa hesablanıb. Son təxribatlarda İranın əlinin olduğunu sübut etmək bir qədər çətindir. Çünki bunun üçün İrandan göndərilən silahların istifadəsini, yaxud təxribat törədən qrupların Tehrandan gəlməsini sübuta yetirmək lazımdır. Bu isə bir qədər vaxt tələb edir. Amma dolayısı ilə bu təxribatlarda İranın iştirakı mütləqdir”.
Politoloqun sözlərinə görə, Tehran Zəngəzur dəhlizinin açılmasına imkan verməyəcəyinə işarə edir: “Həm Ermənistanda, həm də Qarabağda olan terrorçuların arxasında dayandığını vurğulayır. Bu bəyanatlar sözügedən təxribatlarda İranın əlinin olduğunu deməyə əsas verir. Çünki Tehran vəziyyəti qızışdırmaq üçün Qarabağdakı separatçılara dəstək göstərir. Düşünürəm ki, son hadisələrdə erməni təxribatçılarını qızışdıran dövlətlər arasında İran da yer alıb”.
Müşviq Tofiqoğlu,
KONKRET.az