Sumqayıt şəhərində bayram şənliyi faciə ilə nəticələnib. Novruz bayramı münasibətilə təşkil olunan mərasimdə qəfildən baş verən güclü partlayış ərazidə böyük təşvişə səbəb olub.
KONKRET.az xəbər verir ki, hadisə şəhərin 7, 8 və 12-ci məhəllələrinin kəsişməsində, sakinlərin bayram tonqalı ətrafına toplandığı vaxt qeydə alınıb. Şahidlərin sözlərinə görə, tonqal alovlanan zaman daxildə naməlum kütlənin partlaması nəticəsində alov və qəlpələr ətrafa yayılıb.
Hadisə nəticəsində tonqal ətrafında olan sakinlərdən bir neçəsinin xəsarət aldığı bildirilir. Yaralılar dərhal əraziyə çağırılan təcili tibbi yardım maşınları ilə xəstəxanaya çatdırılıb. Onların vəziyyəti və xəsarətlərinin dərəcəsi barədə hələlik rəsmi məlumat verilməyib.
Faktla bağlı əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasetmə briqadaları və polis əməkdaşları cəlb olunub. Partlayışın dəqiq səbəbləri və tonqala hər hansı partlayıcı maddənin atılıb-atılmadığı araşdırılır.
Natiq Səlim,
KONKRET.az
