Son illər havaların qeyri-sabit keçməsinin əsl səbəbləri bilindi – Meteoroloq elə şeylər danışdı ki…backend

Son illər havaların qeyri-sabit keçməsinin əsl səbəbləri bilindi - Meteoroloq elə şeylər danışdı ki...

“Ümumdünya Meteorologiya Təşkilatının (WMO) El Niño/La Nina barəsində verdiyi proqnozlara əsasən, La Nina sentyabr ayından etibarən hava və iqlim modellərinə təsir göstərə bilər. Lakin “La Nina”nın müvəqqəti soyutma təsirinə baxmayaraq, temperaturun hələ də dünyanın əksər hissəsində orta səviyyədən yüksək olacağı gözlənilir”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında iqlim məsələləri üzrə ekspert Cavid Hüseynov səsləndirib:

Ekspertdən HƏYƏCAN TƏBİLİ: Xanbulançayın suyu buna görə azalır | KONKRET

“Sentyabr-noyabr ayları ərzində Şimal və cənub yarımkürəsinin əksər hissələrində temperaturun normadan yüksək, yağıntıların isə normaya yaxın olacağı gözlənilir. Son proqnozlarına görə, 2025-ci ilin oktyabr-dekabr ayları üçün La Nina şərtlərinin ehtimalı təxminən 60%-ə qədər artır. “El Nino”nun sentyabr-dekabr aylarında inkişaf etmə şansı azdır. Ölkəmizin ərazisində iqlimin və sinoptik şəraitin formalaşmasında Arktik, Tropik və mülayim en dairələrinin kontinental hava kütlələrinin, həmçinin Azor maksimumunun, Cənub siklonlarının, Orta Asiya antisiklonlarının və yerli hava proseslərinin mühüm rolu var. Havaların qeyri-sabit keçməsi əsasən sinoptik şəraitlə əlaqədardır”.

Ekspertin sözlərinə görə, bu gün butün dünyanı narahat edən əsas problemlərdən biri qlobal və regional iqlim dəyişiklikləridir:

“Əsasən yağıntıların azalması və iqlim normaları ilə müqayisədə havanın temperaturunun artması ilə özünü göstərən qlobal iqlim dəyişikliyi biomüxtəlifliyə təsir edən əsas təbii amillərdən və onun itirilməsinin əsas səbəblərindən biridir. İqlim dəyişikliyi ərazilərin ekoloji tarazlığının və su balansının pozulmasına, flora və faunanın növ tərkibinin dəyişməsinə səbəb olur. İqlim dəyişikliyi, yaşayış mühitinin məhv edilməsi və çirklənməsi ilə yanaşı, növlərin yox olmasına səbəb ola biləcək vacib stres amillərindən biridir. 1980-ci illərdən bəri hər onillik əvvəlkindən daha isti olmuşdur. Son onillik, 2011-2020-ci illər tarixdə ən isti dövr kimi qeyd edilib. Bir çox bölgələrdə dağıdıcı fırtınaların intensivliyində və tezliyində artım müşahidə olunur. İqlim dəyişikliyi suyun mövcudluğunu dəyişir, sudan əziyyət çəkən bölgələrdə su qıtlığını və məhsuldarlığa təsir edən ekoloji quraqlıq riskini artırır”.

Cavid Hüseynov əlavə edib ki, ekstremal hava hadisələrinin artması dünyada aclıq və qida çatışmazlığının artmasına səbəb olur:

“Okean səthinin istiləşməsi və suyunun turşulaşması milyardlarla insanı qidalandıran dəniz ehtiyatlarını təhdid edir. İstilik stressi su və otlaqların əlçatanlığını, həmçinin məhsuldarlığı azalda və mal-qaranın sayına təsir göstərə bilər. Dəyişən hava şəraiti və ekstremal hava hadisələri xəstəliklərin yayılmasına səbəb olmaqla səhiyyə sisteminin işini çətinləşdirir. İqlim dəyişikliyi insanları yoxsulluğa sövq edən və onların vəziyyətdən çıxmasına mane olan amilləri daha da gücləndirir. Son onillikdə (2010-2019) ekstremal atmosfer hadisələri hər il dünyada orta hesabla 23,1 milyon insanı köçkün vəziyyətinə salaraq, daha çox insanı yoxsulluq təhlükəsi ilə üz-üzə qoyub.

Dünyanı və ölkəmizi iqlim dəyişmələrinin mənfi təsirlərindən və ekstremal anomaliyalardan qorumaq üçün havaya atılan, istixana effekti yaradan qaz emissiyalarının miqdaraı əhəmiyyətli dərəcədə azaldılmalı, havanı, suyu təmizləyən və ekoloji qalxan kimi istilərlə mübarizə aparan yaşıllıqları qorumalı, beton cəngəlliklərini “yaşıllığa” çevirməli və vaxtilə məhv edilən təbii meşə örtüklərini bərpa etməliyik”.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*