Sosial şəbəkələrdən böyük məbləğdə gəlir əldə edən şəxslərin vergi ödəməsi məsələsi ölkədə müzakirə mövzusuna çevrilib. Yeni qanunvericilik təşəbbüsü reallaşacağı təqdirdə, fenomenlərdən tutmuş onlayn kontent yaradan digər şəxslərə qədər geniş bir kütlənin fəaliyyətinə təsir göstərə bilər. Maraqlıdır, sosial şəbəkələrin vergiyə cəlb olunması nə dərəcədə məqsədəuyğundur?
Məsələ ilə bağlı KONKRET.az-a danışan sosioloq Nailə İsmayılova sosial şəbəkə fenomenlərinin böyük məbləğdə qazanc əldə etdiyini deyib və bu gəlirə görə vergi tətbiqinin məntiqli olduğunu bildirib.
Onun sözlərinə görə, əgər ölkədə müxtəlif sahələrdə çalışan və qazanc götürən hər bir vətəndaş vergi ödəyirsə, sosial şəbəkədə yüksək gəlir əldə edən insanların də bu prosesdən kənarda qalması doğru deyil:
“Sosial şəbəkədə oturub yaxşı pul qazanan insanlar var. İnsan hansısa faydalı işlə məşğul olur, öz ailəsi üçün qazanc əldə edir və bundan vergi tutulursa, sosial şəbəkədə gəlir qazanan şəxslərə qarşı da eyni addımın atılması məntiqlidir”, – deyə o, qeyd edib.
Sosioloq vurğulayıb ki, fenomenlərin populyarlığı və qazanc əldə etməsi birbaşa cəmiyyətin maraq və davranışlarından qaynaqlanır. Onların eqolarının yüksəldiyini, hətta bəzi hallarda hədiyyə göndərən izləyiciləri belə bəyənmədiklərini deyən İsmayılova hesab edir ki, insanlar öz pullarına dəyər vermədən fenomenlərə hədiyyələr atmaqla onların gəlirini artırırlar.
“Əgər kimsə öz pulu ilə başqasına gəlir qazandırırsa, bu şəxslər də vergi ödəməlidir. Bu, çox normal haldır”, – deyə o, əlavə edib.
Ekspertin fikrincə, sosial şəbəkələrin vergiyə cəlb olunması qanuniləşərsə, əsas dəyişiklik həmin platformalarda gəlir əldə edən kontent istehsalçılarının rəsmi uçota alınması və şəffaf gəlir deklarasiyalarının ortaya çıxması olacaq. Bu isə həm dövlət nəzarətini gücləndirəcək, həm də rəqabət mühitini tənzimləyə bilər.
Müşviq Tofiqoğlu
KONKRET.az

