“Sovet Azərbaycanının himninin sözlərini dəyişib qaytarmaq olar” – Araz Əlizadəbackend

"Sovet Azərbaycanının himninin sözlərini dəyişib qaytarmaq olar" - Araz Əlizadə

Bir neçə gün bundan əvvəl millət vəkili Tahir Kərimli xəbər portallarının birinə verdiyi müsahibədə “Millət demirəm, millət olsaq, millətimizin adı olar, bir xalqa ki, türk, azərbaycanlı, azəri, moğol, tatar deyələr, demək, millət deyilik” kimi fikirlər səsləndirmişdi.

Bu və digər məsələlərlə bağlı sabiq millət vəkili, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə KONKRET.az-a müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

– Səhhətinizlə bağlı problemləriniz var idi, hal-hazırda özünüzü necə hiss edirsiniz?

– Bəli. Diqqətinizə görə təşəkkür edirəm. Hər şey qaydasındadır. Hal-hazırda müalicə alıram.

– Müalicəniz bitdikdən sonraki fəaliyyətiniz necə olacaq?

– Hal-hazırda koronavirus məsələsinə görə ölkə olaraq karantin rejimindəyik. Karantin rejimi və müalicəm bitdikdən sonra vaxtımı partiyadaxili işlərə sərf edəcəm.

– Millət vəkili Tahir Kərimli saytların birində verdiyi müsahibədə “Bu millətin bir adı olmalıdır. Hərə bir formada çağırır. Bir qism türk, bir qism azəri, bir qisimdə azərbaycanlı və ya tatar deyir”. Sizin fikrinizcə, bu millətin adı bəlli deyil?

– Millətin adı azərbaycanlıdır! İnsan özünü hansı millətdən hesab edirsə, həmin millətdəndir. Mən özümü azərbaycanlı hesab edirəm və bununla fəxr edirəm. Azərbaycan mənim qanımdır, canımdır. Özümə ayrı bir millət axtarmıram! Kim qeyri millət axtarırsa, özü bilər. Bu millətə türk demək lazım deyil. Doğrudur, dilimiz türk dilləri qrupuna aiddir. Bir jurnalist kimi mənə cavab verin. Görmüsünüzmü ki, hansısa qazax, türkmən özünə türk desin?

– Bəzi siyasətçilər fərqli-fərqli vaxtlarda himnimizin və bayrağımızın dəyişdirilməsi fikrini önə sürərək, bu addımı müdafiə edirdilər, sizin fikrinizcə, buna gərək varmı?

– Bizim bayrağımız çox normaldır. Himnimizə gəldikdə isə Sovet Azərbaycanı himninin musiqisini eynilə saxlayıb sözlərini dəyişib qaytarmaq olar.

– Onda belə çıxır ki, himnimizin sözlərini və musiqisini dəyişməliyik?

– Bəli. Çünki vaxtilə Sovet Azərbaycanının himnini Üzeyir Hacıbəyov yazıb, indiki himn isə himn kimi yazılmayıb. Bir şeyidə nəzərinizə çatdırım ki, Sovet Azərbaycanının dövlət himni 1965-ci ildə Parisdə keçirilən “Dünya Himn Müsabiqəsi”ndə Marsilezer ilə birlikdə birinci və ikinci yerlərə layiq görülüb.

Fəqan MUXTAR
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*