Sovet liderlərini “axmaq” adlandıran rejissor – Andropovun sevimlisi Lyubimovun proqnozubackend

Sovet liderlərini “axmaq” adlandıran rejissor – Andropovun sevimlisi Lyubimovun proqnozu

“Mədəniyətdən anlayışı olmayan axmaqlar” – bu ifadəni SSRİ-nin ən tanınmış teatr rejissorlarından biri olan Yuri Lyubimov 15 mart 1984-cü ildə “New York Times” qəzetinə verdiyi müsahibədə Mərkəzi Komitənin katibi Mixail Zimyaninə, mədəniyyət naziri Pyotr Demiçevə və Moskva şəhər partiya komitəsinin birinci katibi Viktor Qrişinə ünvanlayıb. Sözsüz ki, kommunist rejiminin hələ asıb-kəsdiyi bir dövrdə yüksək ranqlı dövlət məmurlarını, Siyasi Büronun üç üzvünü axmaq adlandırmaq rejissora baha başa gəlib.

Yuri Lyubimov kütlələr, xüsusilə də ziyalılar tərəfindən sevilən mədəniyyət xadimi olub. O, təkcə istedadlı rejissor olduğuna görə yox, həm də açıq fikirli, aydın və işıqlı bir sima olduğuna görə sevilib. Yuri Lyubimovun 1970-80-ci illərdə şöhrəti, populyarlığı eynu teatrda çalışdığı Vladimir Vısotskidən heç də az omayıb. Rejissor qoyduğu tamaşalarda, iştirak etdiyi tədbirlərdə sovet rejiminin qadağalarını, nöqsanlarını qabartmaqdan, yaradıcı insanların fəaliyyətini məhdudlaşdıran senzuranı tənqid etməkdən çəkinməyib.

2039225.jpg (107 KB)

Əslində, bu cəsarətinə görə Lyubimov çoxdan “Lubyanka”nın zirzəsimində sorğu-suala tutulmalı idi. Amma DTK sədri, daha sonra baş katib olan Yuri Andropovla şəxsi münasibətləri onu, yaradıcısı və rəhbəri olduğu “Taqanka” teatrını xilas edib. Andropov Lyubimovun yaradıcılığına yüksək qiymət verib, onun rejissor talantını dəyərləndirib. Hətta baş katib arabir rejissoru yanına dəvət edərək yaradıcılıq mövzusunda onunla həmsöhbət olmaqdan zövq alıb.

Yuri Lyubimov 1917-ci ildə Yaroslavlda anadan olub. 1922-ci ildə ailə Moskvaya köçüb. Orta təhsilini başa vurduqdan sonra o, Şukin adına teatr məktəbində təhsil alıb. İlk fəaliyyətinə Vaxtanqov adına Dövlət Dram Teatrında başlayıb.

Sovet-alman müharibəsi başlananda Lyubimov hərbi xidmətə çağrılıb. Təhsili nəzərə alınaraq onu “NKVD”-nin mahnı və rəqs ansamblına götürüblər. Müharibə illərini Lyubimov cəbhə bölgələrində keçirib, döyüşçülər qarşısında saysız çıxışları olub.

phpThumb_generated_thumbnail.jpeg (93 KB)

Müharibədən sonra Vaxtanqov teatrında fəaliyyətini davam etdirən rejissor 1963-cü ildə Moskva Dram və Komediya Teatrının bazasında “Taqanka” teatrını yaradıb və onun ilk direktoru olub. “Taqanka” çox qısa bir müddətdən sonra Moskvanın ən populyar, ən çox ziyarət olunan mədəniyyət ocaqlarından birinə çevrilib.

Lyubimovun qoyduğu tamaşalar Kreml məmurlarında həmişə narahatlıq yaradıb və rejissor mütəmadi olaraq tənqid və təzyiqlərə məruz qalıb. Məsələn, onun quruluşunda olan “Vladimir Vısotski” tamaşasının (Vısotski də vaxtilə həmin teatrda çalışıb) premyerasına icazə verilməyib. Yuxarıda qeyd etdiyimiz ki, bu cür qadağalar Andropovun sayəsində aradan götürülüb.

1-66-768x493.jpg (86 KB)

1983-cü ildə artıq Avropa səviyyəsində məşhur olan Lyubimov Londondan qastrol təklifi alıb. O, Londonun “The Lyric Theatre” teatrında Dostoyevskinin “Cinayət və cəza” əsərini səhnəyə çıxarıb. Qastrolun uğurlu keçdiyini və böyük qonorar gətirdiyini görən rejissor bir müddət də Londonda qalmağa qərar verib və Moskvaya Londonda müalicə aldığını məlumat verərək ona məzuniyyət verilməsini xahiş edib. Xahiş nəzətə alınıb.

Bu ərəfədə xarici jurnalistlər Lyubimovu rahat buraxmayıblar. “Tayms” qəzetinin jurnalisti isə rejissoru açıq danımağa “məcbur” edib. Belə ki, jurnalist Lyubimovdan dinə, Allah inandığını soruşanda, rejissor “bəli” cavabını verib. Bundan sonra jurnalist növbəti sualını ona ünvanlayıb:

548745.jpg (90 KB)

– Dinə inamı olan bir şəxs necə kommunist partiyasının üzvü ola bilər?

Bu sual Lyubimovu “danışdarmağa” vadar edib. Düzdür, rejissor hədləri çox da keçməyib. Amma kommunist rejiminin bəzi “məqam”larını açıqlayıb.

Həmin həftə qəzet dərc olunub və rejissorun müsahibəsi Kremlin kabinetlərində gəzib. Lyubimov Moskvadan bir-birinin ardınca sərt “ultimatumlar” alıb. O, Moskvada onu nə gözlədiyini yaxşı anlayıb. Amma Londondan sığınacaq almaq fikrinə də düşməyib. Rejissor bu vəziyyətdə Andropova arxalanıb. Baş katibdən reaksiya gözləyib. Bu gözləmə iki ay davam edib, 1983-cü ilin sonlarından 1984-cü ilin fevral ayına qədər. Nəhayət, Moskvadan xəbər gəlib, amma rejissorun istədiyi xəbər yox, Andropovun vəfat etməsi xəbəri.

upload-RIAN_00470690.HR.ru-pic905-895x505-21670.jpg (91 KB)

Növbəti xəbər isə Lyubimov üçün ağır zərbəyə çevrilib. 1984-cü ilin mart 6-da Lyubimov “Taqanka” teatrının direktoru vəzifəsindən azad edilib. Çernenko, Qrişin, Zimyanin və Demiçevin məsləhətləşməsindən sonra onu sovet vətəndaşlağından məhrum ediblər. Məhz bu məlumatı aldıqdan sonra Lyubimov qəzetlərə verdiyi müsahibələrdə məmurları axmaq adlandıraraq sovet rejimini sərt tənqid edib.

Bu ərəfədə Lyubimov bir müddət İtaliyada məskunlaşıb. Bu ölkədəki SSRİ-nin konsulluğunun əməkdaşları rejissordan sovet pasportunu tələb edəndə Lyubimov onların tələbinə əməl etməyib:
– Mən bu pasportu suvenir kimi saxlayacam. Sonrasına isə baxarıq, bir-iki ilə nələr baş verəcək.

4339727.jpg (109 KB)

Lyubimovun proqnozu bir neçə il fərqlə düzgün çıxıb. 1989-cu ildə SSRİ süqutun uçurumunda dayananda Lyubimov SSRİ Ali Sovetinə müraciət ünvanlayıb. Onun müraciətinə müsbət cavab verilib, vətəndaşlığı bərpa olunub. 1990-cı ildən o, yenidən “Taqanka” teatrının direktoru olub.

Yuri Lyubimov uzun bir ömür yaşayıb. 100 illik yubileyini keçirmək arzusunda olan rejissor 2014-cü ildə, 97 yaşında vəfat edib. O, Moskvanın Don qəbirstanlığında dəfn olunub./musavat.com/

 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*