Rusiyanın müdafiə naziri Sergey Şoyqu bütün könüllü dəstələri iyulun 1-dək Müdafiə Nazirliyi ilə müqavilə bağlamağa məcbur edən fərman imzalayıb.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında məlumat verilib.
Bildirilib ki, bu hakimiyyət orqanlarına onların fəaliyyətinə nəzarət etmək və tənzimləmək imkanı verir. Özəl hərbi şirkətlərin ayrılıqda mövcudluğu isə Rusiya qanunvericiliyinə ziddir: Rusiya Federasiyasında formal olaraq muzdlu təşkilatlar qadağandır. Press-relizdə konkret olaraq hansı bölmələrdən söhbət getdiyi göstərilmir.
Rusiya müdafiə nazirinin müavini Nikolay Pankov bildirib ki, bu tədbir “könüllülərə” lazımi hüquqi status verəcək və tapşırıqların təşkili və icrasına vahid yanaşmaları təmin edəcək.
“Sərəncam bütün könüllülərə müqaviləli hərbi qulluqçu kimi Müdafiə Nazirliyi ilə fərdi müqavilə bağlamaq hüququ verir”, – deyə Pankov bildirib.
Günel Mikayılova,
KONKRET.az