Son günlər spirtli içkilərdən zəhlənmələrin sayı xeyli artıb. Hətta ölüm halları ilə müşahidə olunan zəhərlənmələr kütləvi hal alıb. Bəs görəsən, nə baş verir? Bu zəhərlənmələrin səbəbi nədir?
KONKRET.az-ın suallarını cavablandıran Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, insanı daxildən zəhərləyən spirt, hətta texniki spirt kimi də yararsız hesab olunmalıdır:
“2016-cı ildə dövlət tərəfindən spirtli içkilərin istehsalı üçün zəruri lisenziyalar ləğv edildi. O vaxta kimi cəmisi bir neçə müəssisə spirtli içki istehsal edirdi. Bundan sonra araq və tünd spirtli içkilər istehsal edən zavodların sayı 15-dən 124-ə çatıb. Şərab istehsal etmək üçün gərək üzümçülük təsərrüfatı olsun. Bəzi şərab istehsalçıları da şərab istehsal etməkdən əl çəkdilər və üzüm bağlarını ləğv edərək keçdilər araq istehsalına. Buna paralel olaraq bazar həddindən artıq çirkləndi. Üstəlik keçən ilin sonlarında hökumət qərar qəbul etdi ki, spirtli içkilərin minimum qiyməti müəyyənləşdirilsin. Yəni, keyfiyyətsiz və çox ucuz spirtli içki istehsal edənlər bazara girib qeyri-mütənasib qiymət siyasəti yaradaraq rəqabət mühitini pozmasınlar. Düzdür, bu qərar hələ qəbul olunmayıb. İndi spirtli içkilərin minumum qiyməti müəyyən edilib. Bu dəfə saxta və keyfiyyətli spirtli içki istehsal edənlər qiyməti qaldlrdılar, lakin keyfiyyətə toxunulmadı. Bu daha pis nəticə verdi. Bu vaxta kimi istehlakçılar ucuz mal alıb keyfiyyətə uduzurdular. İndi həm keyfiyyətdə, həm də qiymətdə uduzacaqlar”.
Spirtdən zəhərlənmə hallarının çoxalmasına toxunan ekspert hesab edir ki, bundan alkoqoldan asılı adamlar daha çox istifadə edir:
“Hələ sovet vaxtından apteklərdə satılan spirtlərdən araq düzəldib içən insan qrupları mövcud olub. Mən əminəm ki, bu günlərdə dünyasını dəyişən insanlar məhz köhnə üsuldan istifadə ediblər. Azərbaycan hökumətinin biznes qurumları üçün yaratdığı şəraitdən son dərəcə sui-istifadə olunur və təhlükəli spirtlər apteklərə verilir. Alkaqoldan əziyyət çəkən insanlar oradan həmin spirtləri alaraq istifadə edirlər. Hələlik, əlimizdə olan məlumat belədir. Çox təəssüflər olsun ki, Qida Təhlükəsizliyi Agentliyi bu vəziyyətə nəzarət etməkdə acizdir. İnsanların təhlükəsizliyini təmin edə bilmir. Ümumiyyətlə Qida Təhlükəsizliyi Agentliyinin əsasnaməsində dəyişikliklər edilməlidir. Onlar cəld yoxlama mexanizminə malik olmalıdır. Vaxtaşırı yoxlamar təşkil edilməlidir. Təhlükəli içki anlayışı da müəyyən pir partiya məhsula aiddir. Ehtimal ki, insanları zəhərləyən istehsalçı görünür texniki spirti çox edib. İnsanı daxildən zəhərləyən spirt yararsız hesab olunmalıdır. Bazar bu cür məhsullardan təmizlənməlidir. Bu bazarın bərbad olduğunu 5 il əvvəl Daxili İşlər Nazirliyi müəyyən etdi və göstərdi ki, ən prestijli restoranlarda, ən bahalı içkilər brend şüşələrə tökülən qarmaqarışıq mayelərdir. Bununla bağlı bəzi işbazlar həbs olundu, cəza tədbirləri görüldü. İndi də bu iş davam etdirilməlidir”.
Vəli Həsənoğlu,
KONKRET.az