SSRİ-dəki məxfi sənədlər: UNO-ların öyrənilməsi üzrə xüsusi qruplar necə işləyirdilər?backend

SSRİ-dəki məxfi sənədlər: UNO-ların öyrənilməsi üzrə xüsusi qruplar necə işləyirdilər?

Son sovet onilliyində hər hansı bir anomal hadisəni araşdırmaq üçün rəsmi səlahiyyətlərə sahib olan yalnız iki xüsusi qrup var idi.

1977-ci ilin oktyabr ayının əvvəlində hərbi-sənaye kompleksinin (HSK) elmi-texniki şurasının (ETŞ) iclası keçirildi və bu iclasda SSRİ-də anormal hadisələri və xüsusən də UNO fenomenini öyrənəcək bir qrupun yaradılması qərara alındı. Bir il sonra müxtəlif elmi sahələrdə çalışan hörmətli və görkəmli mütəxəssislərdən ibarət olmaqla yaradılan bu qrup (sonradan iki şəbəkəyə bölündü) SSRİ-nin dağılmasına qədər fəaliyyət göstərdi.

Məxfi sənədlər (X Fayllar) necə peyda oldular?

1977-ci ilin sentyabr ayında Kareliya və Finlandiyanın minlərlə sakini səmada “Petrozavodsk fenomeni” adlandırılan qeyri-adi bir cisim müşahidə etdi. Bu, SSRİ-də ilk belə hallardan biri idi və xeyli rezonans doğurdu. Bu hadisədən bir neçə həftə sonra Elmlər Akademiyasının prezidenti Anatoli Aleksandrovun təşəbbüsü ilə hərbi-sənaye kompleksinin elmi-texniki şurasının təcili iclası keçirildi. Bu şura ölkənin müdafiə sahəsində və ya əlaqəli sahələrdə çalışan ən güclü mütəxəssisləri bir araya toplamışdı.

Aleksandrov rəsmi olaraq tədbirin əsas təşəbbüskarı sayılsa da, bəziləri DTK (KQB) sədri Yuri Andropovun ölkənin ən yaxşı ağıllarının təcili toplanmasının əsl təşəbbüskarı olduğunu ehtimal edir.

İclasda son dövrlərdə sovet elminin artan anormal hadisələrlə, o cümlədən hərbiçilərdən gələn xəbərlərlə qarşılaşması faktı müzakirə edildi. Belə bir vəziyyətə göz yummaq artıq mümkün deyildi, buna görə də bu hadisələri öyrənəcək xüsusi bir qurum yaratmaq lazım idi.

Müzakirələrdən sonra ETŞ belə araşdırmalara ehtiyac olduğunu dəstəklədi və Müdafiə Nazirliyinin mütəxəssislərinin də araşdırmalara cəlb edilməsi ilə işə başlamağa qərar verdi.

Kim rəhbərlik edirdi

1978-ci ildə bir-birinə paralel tədqiqat işləri aparan və bəzi fövqəladə hallarda birlikdə işləyən iki xüsusi qrup yaradıldı.

Bir qrup hərbi xətt üzrə yaradıldı və Mıtişidə Elmi-Tədqiat İnstitutunun (ETİ-22) bazasında fəaliyyət göstərirdi. Bu qapalı institut Müdafiə Nazirliyinin tabeliyində idi və radiolakasiya (radar) sahəsində işlərlə məşğul idi. Tədqiqat qrupunun başçısı radar texnologiyası sahəsində ən böyük mütəxəssislərdən biri olan ETİ-nin rəhbəri general-leytenant Viktor Balaşov təyin edildi. Bu qrupa “MN (Müdafiə Nazirliyi) şəbəkəsi” adı verildi.

İkinci qrup isə Yerüstü Maqnetizm və Radio Dalğalarının Yayılması İnstitutunun (İZMİRAN) alim və tədqiqatçılarından təşkil olunmuşdu. Elmlər Akademiyasının müxtəlif institutlarından, Kosmik Tədqiqatlar İnstitutundan, Yer Fizikası İnstitutundan və s. mütəxəssislər də işə cəlb olunmuşdular. Bu qrupun rəhbəri Elmlər Akademiyasının müxbir üzvü, İZMİRAN-ın direktoru Vladimir Migulin idi. Bu qrupa “EA ​​(Elmlər Akademiyası) şəbəkəsi” deyilirdi.

Hər iki təşkilatda ən nüfuzlu və görkəmli mütəxəssislərin işə cəlb olunması SSRİ-nin bu mövzunu çox ciddi qəbul etməsindən xəbər verirdi. Axı, UNO-lar NATO-dan potensial düşmənlərin yeni silahları ola bilərdi, Soyuq Müharibə isə sürətlə davam edirdi. UNO və digər anomal fenomenlərin yerdənkənar mənşəli olması da mümkün idi.

Necə işləyirdi

Qrupların hər biri öz sahəsində çalışırdı. ETİ-22 mütəxəssisləri yalnız hərbçi və təyyarəçilərdən aldıqları məlumatları araşdırırdılar. Bütün sovet hərbi hissələri, qarnizonlar, hava bazaları qarşılaşdıqları qeyri-adi hadisələr haqqında kimə məlumat veriləcəkləri barədə məlumatlandırılmışdılar.

İZMİRAN-ın mütəxəssisləri şahidlərin məlumatları ilə (bir qayda olaraq, şahidlər qəzet və jurnallara məktub yazırdılar, onlar isə məlumatları mütəxəssislərə ötürürdülər), meteoroloqların və digər xidmətlərin məlumatları ilə işləyirdilər. Xüsusi hallar istisna olmaqla hər iki qrup bir-birindən asılı olmayaraq müstəqil şəkildə çalışırdı.

Məsələn, hərbçilər bəzi anomal hadisələrin, naməlum təyyarələrin müşahidəsi barədə məlumat verirdilərsə və bu müşahidələr texniki avadanlıqların işində nasazlıqlarla müşayiət olunurdusa, onda hər iki qrup dərhal tədqiqat ərazisinə gedirdilər və güclərini birləşdirirdilər. Hərbi qrupun əsas vəzifəsi anomaliyaların texnologiyaya və insanlara təsirini təsdiqləmək və ya rədd etmək idi. Elmi qrup ilk növbədə bu və ya digər hadisəni müasir elm baxımından izah etməli idi.

Sahə ekspedisiyalarına gedən işçilərə yerli partiya, elmi və digər təşkilatlara hər cür kömək göstərmələri üçün xüsusi mandatlar verilirdi. Tədqiqat proqramı “Anomal atmosfer və kosmik hadisələrin hərtərəfli öyrənilməsi” adlanırdı.

Anomaliyalar

13 il ərzində hər iki qrup 3 minə yaxın mesaj araşdırdı. Onların yalnız 10%-i həqiqətən anormal adlandırıla bilərdi. Amma bütün hadisələrə elmi izahat verirdilər, baxmayaraq ki, ciddi mənada anomaliyalar müəyyən amillərin nadir birləşməsinin nəticəsi idi.

Əksər hallarda raket və ya peyk buraxılması, hava balonlarının müşahidəsi, təbiət hadisələrinin nadir birləşməsi məsələləri idi. Ən qeyri-adi hallar isə artıq postsovet dövründə proqram iştirakçılarından bəziləri  tərəfindən təsvir edilmişdir. Xüsusilə, 1983-cü ilin oktyabrında Xmelnitski şəhərində baş verən hadisə. Ərazidə yerləşən Strateji Raket Qüvvələri bölməsinin əhəmiyyətli bir hissəsi son dərəcə qeyri-adi hadisələr müşahidə etmişdi: üfüqdən çox yuxarıya doğru uzanan parlaq işıqlı obyektlər. Eyni zamanda, radio avadanlıqlarda nasazlıqlar üzə çıxmışdı. Komandanlıq postuna raket buraxılış sistemindəki nasazlıq barədə də siqnal gəlmişdi.

Hər iki qrupun mütəxəssisləri təcili hadisə yerinə gəlmişdilər. Tədqiqatın nəticələrinə görə, yenə də baş verənlərin elmi izahı verilmişdi. Bölmədən 400 kilometr məsafədəki bir məşq yerində paraşütlərdən enən işıqlandırılmış bombalarından istifadə edildiyi ortaya çıxmışdı. Bu məşqlər bu məşq meydançasında adi hal idi, lakin əvvəllər fərqinə varmamışdılar. Bu dəfə onlar super refraksiyanın nadir effekti səbəbindən belə böyük bir məsafədə görünmüşdülər. Raket buraxma sistemindəki  problemlərə gəlincə, bunlar təsadüf kimi qəbul edilmişdi.

Ancaq heç də bütün hadisələr bu qədər zərərsiz və başa düşülən deyildi. Voronej bölgəsində müşahidə olunan anomal fenomen tədqiqatçıları çıxışlmaz vəziyyətə qoymuşdu və mütəxəssislər tərəfindən araşdırılmayan bir neçə hadisədən biri olmuşdu. Söhbət Borisoglebsk aviasiya mərkəzindən gedir – bir sıra hərbi aerodromların bir-birinə yaxın yerləşdiyi ərazi.

1984-1987-ci illərdə bu ərazidə naməlum obyektlər bir neçə dəfə müşahidə olunmuşdu. Onları həm qırıcı təyyarələrin pilotları, həm də radar stansiyalarının dispetçerləri qeydə almışdıalr. Bəzi hallarda obyektlərin görünməsi qəzalara səbəb olmuşdu.

Ancaq mütəxəssislər bu fenomeni birmənalı izah və müəyyən edə bilməmişdilər.

Anomaliyaların tədqiqat layihəsi 13 il davam etmişdi. SSRİ-nin dağılmasından sonra hər iki “şəbəkə” buraxıldı və bir daha bərpa olunmadı…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*