Stasya Budzis: “Azərbaycan öz şərtləri ilə sülhə razı olacaq”backend

Stasya Budzis: “Azərbaycan öz şərtləri ilə sülhə razı olacaq”

“Cənubi Qafqazda vəziyyət elədir ki, Azərbaycan müharibədə qalib gəlib və hazırda kartlar onun xeyrinədir. Azərbaycan sülhə gedəcək, ancaq öz şərtləri ilə. Sülh olub-olmaması 50-50-dir, amma hazırda Cənubi Qafqazda müharibə heç kimə lazım deyil. Baş verənləri müşahidə edərək bu qənaətə gəlmək olar ki, bəli, iki ölkə arasında sülh müqaviləsi imzalana bilər”.

KONKRET.az xəbər verir ki, bu sözləri Qafqaz və Şərqi Avropa məsələləri ilə məşğul olan jurnalist Stassia Budzisz (Polşa) bildirib.

Onun sözlərinə görə, Qərb dövlətləri Ermənistanda həqiqətən də fəallaşıb, amma açıq-aydın heç kim Ermənistanla Azərbaycan arasında bağlanacaq sülh sazişinin qarantı olmaq istəmir.

“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və Qərblə yaxınlaşması istiqamətində erməni siyasətçilərinin hərəkətlərinə baxın. Əslində, indiki məqamda belə görünür ki, Ermənistan praktiki olaraq Gürcüstanı istisna etməklə Qərbə ən yaxın ölkədir, çünki orada da böyük dəyişikliklər baş verir. Təbii ki, Ermənistan KTMT-nin üzvü olmaqda davam edir, baş nazir Paşinyan yaxın vaxtlarda KTMT-yə üzv olmayacağını desə də, heç vaxt təşkilatdan çıxması ilə bağlı konkret tarixləri qeyd etmir. Digər tərəfdən, Ermənistanla Rusiya arasında qarşılıqlı əlaqələr də çox güclüdür, hamımız bunu çox yaxşı bilirik. Təbii ki, avqustun 1-də rus sərhədçiləri “Zvartnots” hava limanını tərk etməlidirlər, amma hər halda İran və Türkiyə sərhədində ruslar qalmalı olacaq. Bu da nəzərə alınmalı bir amildir. Digər tərəfdən, Azərbaycanla sərhəddə Aİ-nin müvəqqəti missiyası var. Ancaq indiki məqamda üçüncü ölkə kimi həmin sülh sazişinə kimin əl atacağı qəti olaraq bilinmir”.

Jurnalist qeyd edib ki, Cənubi Qafqaz məsələləri ilə məşğul olan müxtəlif analitiklər ABŞ seçkilərinə qədər Ermənistanla Azərbaycan arasında hansısa sənədin imzalanmasının vacibliyini bildirirlər. “Konkret sülh sazişinə gəlincə, bunun baş verib-verməyəcəyi hələ məlum deyil. Əlbəttə, Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin görüşü Vaşinqtonda baş tutdu. Bu olduqca vacibdir, lakin orada hələ heç bir sənəd imzalanmayıb”.

Türkiyənin bölgədəki fəaliyyətinə toxunan Stasya Budzis bunları deyib. “Zəngəzur dəhlizinin Türkiyə və Azərbaycan üçün kifayət qədər əhəmiyyətli olduğunu hamı bilir. Türkiyə davamlı olaraq Ermənistanla Türkiyə arasında münasibətlərin bərpa olunacağından danışır. Bunun nə demək olduğunu zaman göstərəcək, amma hamımız bilirik ki, praktikada Zəngəzur dəhlizinin açılması Ermənistan üçün həyati təhlükədir. Amma bu həm Türkiyə, həm də Azərbaycan üçün vacib məsələdir”.

Azərbaycanın anti-Qərb addımlarına, məsələn, Çinlə bəyannamə imzalamasına gəlincə, o qeyd edib ki, Çin bir çox ölkələrlə, o cümlədən Qərb yönümlü ölkə sayılan Gürcüstanla belə bəyannamələr imzalayıb. “Azərbaycan tez-tez deyir ki, onun daxili işlərinə heç kimin qarışmasını istəmir və doğrudan da Çin bu məsələdə heç nə etmir, halbuki Qərb başqa ölkələrin daxili işinə müdaxilə edir. Və burada aydın olur ki, söhbət Gürcüstanın da iştirak etdiyi mərkəzi dəhlizdən gedir və biz orada vəziyyətin necə inkişaf edəcəyini gözləməliyik. Qərb, doğrudan da, cavab vermir, lakin Azərbaycanın da bu istiqamətdə Qərb qarşısında heç bir öhdəliyi yoxdur.

Çinin bölgədə aktivləşməsi, şübhəsiz ki, Qərb üçün təhlükə yaradır. Bəzi infrastrukturun Çindən asılı olduğu Gürcüstanda baş verənlər təbii ki, təhlükədir. “Open Caucasus Media” Çinin Qarabağ ərazisində 10 Çin şirkətinin açılması tələbi ilə çıxış etdiyi barədə məqalə dərc edib. Bu da maraqlıdır, amma yenə də hər şey aydın deyil”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*