Biz kimik?

Dəyərli oxucular, heç şübhəsiz, yaşadığımız XXI əsr informasiya əsridir. Bəzən belə bir ifadə ilə də rastlaşırıq ki, dünyada ən bahalı əmtəə informasiyadır. Bu isə o deməkdir ki, insanlar bir məlumat aclığı keçirirlər, baş vermiş hadisənin əhəmiyyətinə görə araşdırılması və analitik təfəkkür süzgəcindən keçirilməsinə yaranan ehtiyac hələ də tam aradan qalxmır.

Bugünkü media orqanları və informasiya agentliklərinin bolluğu bu problemi nəinki tam aradan qaldırmır, əksinə, yeni nəfəsə, informasiyaya yanaşma tərzinə, ölkədə və dünyada baş verən qlobal hadisələrə baxış bucağını formalaşdırmağa bəzən mane olur. Odur ki, tərəfli, qərəzli, oxucuların haqlı tələb və təkliflərinə, müraciətlərinə peşəkar yanaşmayan xeyli sayda media orqanlarının mövcudluğu sırasında yeni bir onlayn informasiya məkanına ciddi tələb yaranır.

Bu baxımdan KONKRET.Az saytı yuxarıdakı tələbləri ödəyəcək bir layihə olaraq meydana gəldi. Bu media orqanı işini peşəkarlıq, dövlətçilik baxışı, əksəriyyət oxucu zövqünü təmin etmək prinsipi üzərində quraraq düşündürücü mövzularda bir müzakirə masası yaradacaq.

Ölkəmizdə və dünyada baş verən prosesləri açıq və müqayisəli işıqlandırmaq, oxucularımızda informasiya aclığını aradan qaldırmaq üçün böyük əmək və ciddi səy ortaya qoymağın zamanıdır. İstəyimiz budur ki, layihəmizdə iştirak edən hər bir oxucu məkanımızda özünü rahat hiss etsin, aktual məsələlərdə optimist analitik-informatik düşüncə tərzinə köklənən yazı və materialların əhatəsində olsun. Xüsusən də əsas problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ən xırda detallar belə nəzərdən qaçırılmayacaq, işğalçı ölkə haqqında bəzən əhəmiyyətli hesab olunmayan, lakin ölkənin iç üzünü göstərən hər bir olay diqqətdən kənar qalmayacaq.

KONKRET.Az-ın Orta Asiya, Rusiya, Belarus və Baltikyanı ölkələr üzrə bürolarının, “Konkret” Beynəlxalq Araşdırmalar Qrupunun üzvləri və digər əməkdaşlarımızın qarşıya qoyulan vəzifənin öhdəsindən layiqincə gəlməsi üçün oxucuların dəstəyinə böyük ehtiyacı var. İnanırıq ki, bu yolda uğur qazanacağıq. Çünki niyyətimiz təmizdir.

Gəlin bir yerdə olaq və bir olaq!