Su quyularının VEDRƏLƏRİ – “Azərsu” QƏZALI VƏZİYYƏTDƏDİRbackend

Su quyularının VEDRƏLƏRİ - "Azərsu" QƏZALI VƏZİYYƏTDƏDİR

Əvvəl “su qədər ömrün olsun” deyimi Azərbaycanda alqış, xeyir-dua kimi qarşılanırdı.

KONKRET.az xəbər verir ki, təmiz su mənbələrinin azaldığı dövrdə də bu məsəl arzu kimi səciyyələndirilirdi.

Su quyusu və vedrələr

Amma indi qulaqlara qarğış kimi gəlir. Kimə desən ki, “su qədər ömrün olsun” adamın üzünə qayıdar ki, “quruyum ölüm?” Ya da söyləyəcək ki, “kasıb adamam, suyun qiymətindən xəbərin var?” Neyləsinlər, suyun qiyməti hər il qalxır. Bunu da onunla əsaslandırırlar ki, “bütün dünyada bahalaşma və su çatışmazlığı var deyə Azərbaycanda da qiymətlər qalxır”.

Elə bil ki, Azərbaycan suyu Baykaldan alır, Karlovı Varıdan gətirir. Öz suyumuzdur da! Buna da bir bəhanələri tapılacaq ki, “su xətlərinin çəkilməsi, bir məntəqədən digərinə ötürülməsi üçün istifadə olunan xarici texnikanın qiyməti bahadır”. Hə, yəqin ona görə “turbalarınız paslanıb”, mənzillərə ərpli su gəlir. Adam arada çaşır ki, bəlkə “Azərsu” kakao kampaniyasına start verib, yaxud evləri pulsuz kofe ilə təmin edir. Buna da bir əncam çəkib deyəcəklər ki, su filtrləri alın. Allah bilir, kimin monopoliyasıdır. Biz isə onu bilirik ki, suyun qiyməti minbir bəhanə ilə qaldırılır. Və kimsə də demir ki, yeni binamızın pulunu çıxartmaq üçün artırırıq. Ya da hansısa qəzadan sonra dəymiş ziyandan çıxmaq üçün camaatın cibinə giririk.

Azərbaycanda rayon camaatının evlərində suyu kəsib öz hovuzlarında fəvvarə şırıldadan sabiq icra başçıları haqqında da eşitmişik. Bəzi vəzifəlilər camaata təkrarlayır ki, Azərbaycanda su qıtlığı var. Biz də onlara inananları ayıldaq ki, Suqovuşan azad olunub, separatçıların işğalda saxladığı onlarla SES artıq Azərbaycanın nəzarətindədir və yeni su elektrik stansiyaları da istifadəyə verilməkdədir. Yəni Azərbaycanda bolsulu çaylar və SES-lər yetərincədir. Bir şey ki, ölkəmiz yaşıl enerjiyə keçid etapına başlayıb. Odur ki, insanları susuzluq rəvayətləri ilə bezdirməyin. Əhali səhrada yaşamadığını bilir və vahə axtarışında deyil. Kiminsə fəaliyyətinə vedrə bağlamaq fikrimiz yoxdur. Sadəcə xalqın su quyusuna vedrə sallayanları və ya sallanan “vedrə”ləri tənqid edirik.

Xəbər bəhanəmiz də var: Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində qəza yaşanıb. Nəticədə ətraf ərazilər, o cümlədən Bakı-Qazax avtomagistralında subasma halı baş verib. Suyun tapılmayan vaxtı. Elə bil avtoyuma günlüyü keçirirlər, nədir! Buna da bir şey fikirləşib fışqıran sudan quru çıxa biləcəklər: “Qəza olanda, olur da. De, Türkiyənin kömür mədənində partlayış baş verib və onlarla insan ölüb”. Yeri gəlmişkən, qardaş ölkəyə başsağlığı verir, acılarını bölüşürük. Lakin od və su bir-birinə tərs ünsürlərdir.

Boruda qəza niyə baş versin ki? Axı biz Ukraynada yaşamırıq ki, “qəza rusların raket zərbəsinə görə baş verdi” deyək. Azərbaycan hökuməti ölkədaxili prosesləri diqqətdə saxlayır, güclü və gizli mafiya şəbəkələri də yoxdur ki, “Azərsu” rəhbərindən şəxsi mübahisəyə görə belə intiqam alsın. Deməli, su xətlərinin yoxlaması, mütəmadi monitorinqləri zəifdir. Amma suya görə yığılan borcu dərhal qapıya gətirirlər. Hər halda yaxın günlərdə məsələyə aydınlıq gətiriləcək. Amma bir mühüm məsələni unutmaq olmaz:

Xalqını sərvətini talamaq yox, qorumaq lazımdır.

KONKRET.az-ın Analitik Qrupu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*