Şəhid Milli Qəhrəman Şükür Həmidovun atası Nəriman Həmidov dünyasını dəyişib.
KONKRET.az xəbər verir ki, bu barədə sosial şəbəkələr məlumat yayıb.
Allah rəhmət eləsin!
***
Xatırladaq ki, Şükür Nəriman oğlu Həmidov 1 aprel 1975-ci ildə Qubadlı rayonunda doğulub.
Aprel döyüşlərində Milli Qəhrəman Horadiz şəhərində “N” saylı hərbi hissənin komandiri olub. Cəbhənin Cəbrayıl rayonu istiqamətində gedən döyüşləri o, idarə edilib. Nəticədə gecə döyüşləri zamanı Cəbrayıl rayonunun Lələtəpə istiqamətində olan əlverişli mövqeləri və Lələtəpə zirvəsi işğaldan azad olunub.
Buna görə də Prezident İlham Əliyevin 20 aprel 2016-cı il tarixli Sərəncamına əsasən, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. O, son 17 il ərzində sağlığında bu ada layiq görülən birinci şəxs olub.
2020-ci ildə 2-ci Ordu Korpusunun komandir müavini olan Şükür Həmidov cənub istiqamətində aparılan döyüşləri idarə edənlərdən biri olub.
Zəngilanın azad edilməsindən sonra Azərbaycan Ordusunun bölmələri Qubadlı rayonu ərazisinə istiqamətləniblər. Oktyabrın 22-də səhər saatlarında 2-ci Ordu Korpusunun komandir müavini Şükür Həmidov Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlər zamanı Mahmudlu istiqamətində ön xətdə şəhid olub.
O, II Fəxri Xiyabanda dəfn olunub.
Şükür Həmidov ölümündən sonra Prezidentinin Sərəncamına əsasən, “Zəfər” ordeni, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.
KONKRET.az