
Bəzi insanlarımız bilməyərəkdən, bəziləri isə kənar qüvvələrin təhrif edilmiş məlumatları əsasında Azərbaycanın qələbəsinin natamam olduğuna dair fikirlər səsləndirirlər.
Dostlar, dünyada bütün savaşların sonunda bir sülhyratma, bir atəşkəs mexanizmi olur. Vaxtilə Almaniyada, Bosniyada, Kosovada və s. olduğu kimi.
Xalqlar çox zaman müharibənin maksimalist senarisini arzulayır, amma bu hər zaman göründüyü kimi deyil…
Maksimalist senari: Azərbaycan Rusiyanın israrlarına rəğmən hərbi əməliyyatları sonacan davam etdirirdi, Kəlbəcər, Laçın, Ağdərə istiqamətində yenə şəhidlərimiz olur və nəticədə gedib çıxırdıq Ermənistan sərhədinə. Və bu müharibə heç zaman bitmirdi. Hər gün Ermənistana bir on dənə “Toçka U” verirdilər ki, at Gəncəyə, Bərdəyə, Bakıya. Rus tanklarını da düzürdülər sərhəddə. Hər gün də kiçik terrorçu qruplarla dağlarda gerilla müharibəsi aparırdılar. Sonra da deyirdilər hünəriniz var girin Ermənistan ərazisinə. Onunla da buralar olurdu on illiklərlə ikinci Suriya.
Pis senari: Biz 2016-cı ildə 200 şəhidimizin qanı bahasına cəmi her neçə hektar ərazidə irəliləyib Lələtəpə ilə kifayətlənməli olmuşduq. Əgər bu günlərdəki hava şəraiti müharibənin əvvəlində olsaydı, Rusiya daha müasir və güclü Radio Elektron Mübarizə vasitələrini Ermənistana versəydi, hansı ki, doğurdan da bunu etmədi. Müharibə tərs tərəfə də dönə, heç də hər şey xəritədə bu günkü reallıq kimi olmaya da bilərdi.
Unutmyaq ki, bu qərar bizə dəstək verən Türkiyənin də xeyir duası ilə alınıb və cəmi 5 il müddətinə kiçik bir ərazidə rus sülhyaratma missiyasının mövcudluğu Azərbaycanın ərazi bütövlüyünə təhdid yaratmır. Belə də ki, 2012-ci ilə qədər Qəbələ RLS-də ruslar var idi və sazişin vaxtı bitən kimi dinməz-söyləməz çıxıb getdilər.
Rusiya bu münaqişədə gözlənilən aqressiv, hədələyici mövqe tutmadı. Nəzərə alaq ki, Krımda bir gecədə minlərlə şevronsuz silahlı şəxslər peyda olub Krımı ilhaq etmişdilər. Rusiya dünyanın hərbi cəhətdən ən güclü ordularından biridir və əgər istəsə Azərbaycan kimi dövlətlərin suverenliyinə təhlükə yaratmaq sadəcə iki böyük hərbi gəmisi ilə Bakı buxtasına girmək kifayətdir. Sadəcə Rusiya Qafqazda öz ağsaqqal statusunu saxlamaq istəyir, bu dəfə bunu satqın və riyakar Ermənistana “stavka” qoyaraq etmir.
Türkiyənin iştirakı: Türkiyə hərbçiləri sülhə nəzarət edəcək mərkəzdə təmsil olunacaq, bundan başqa Azərbaycan istədikdən sonra lap Şuşada belə yerləşəcək. Kimsə bu hüququ bizdən almır, ala da bilməz. Türkiyəsiz burada heç bir sülhyaratma missiyasından söhbət belə gedə bilməz. Sadəcə bu məsələ Rusiya və Türkiyə arasında ayrıca sazişlə nizamlanacaq ki, bunun da üzərində intensiv iş gedir və bütün detallar yuxarı-aşağı artıq razılaşdırılıb.
Ermənistan cəmiyyətində əhval ruhiyyə bərbaddır. Hətta onlar belə rus sülhməramlılarının onlar üçün heç bir faydası olmadığını, Artsax adlı qondarma qurumu əbədiyyən itirdiklərini etiraf edirlər. Ermənistan bundan sonra Yəmən və Somali kimi daxili qarşıdurmalar fonunda bir qarın çörəyə möhtac bir ölkə olacaq.
Üçtərəfli bəyanat özündə Ermənistanın kapitulyasiya şərtlərini ehtiva edir və tərəflər arasında gələcəkdə bağlanacaq sülh sazişində hər şey daha detallı və net şəkildə əksini tapacaq. Laçın dəhlizinin Şuşadan ayrılması isə başqa bir tarixi uğurdur.
Naxçıvanla quru əlaqəsinin təkcə Azərbaycan iqtisadiyyatına verəcəklərini say-say bitməz. Artıq Böyük İpək Yolu üçün ən ideal marşrutlarda biri yaranacaq. Düşünün, Mincivanda öz maşınımıza oturub 3-4 saat sonra İğdırda, Ərzurumda olacağıq. Hələ mən o yolda hərəkət edəcək sürətli qatarların İstanbula, Avropaya gedəcək yolun verəcəyi imkanlardan danışmıram.
Xocalı, Xankəndi, Ağdərə və Xocavənd məsələsi: Arayik dünənki açıqlamasında dedi ki, Azərbaycan Ağdərə və Xocavəndin çox hissəsini götürüb, bəzi rus mənbələr iddia edir ki, əslində Azərbaycan qoşunları Xankəndi şəhərinin həndəvərində postlar qurub. Yəni rus sülhməramlıları bu təmas xəttində dayanacaq. Təxminən işğaldan azad edilən ərazilərimizin 15-də bir hissəsi qədər kiçik bir ərazidə və 5 il. Bu ərazilərdə əlində silah olan bir nəfər belə erməni olmayacaq, əgər hələ heç mülkisi də qalacaqsa?!
Erməni əhalisi barədə: Əvvəlcə onu deyim ki, orada yaşamış ermənilərdən kimsə Azərbaycana qarşı döyüşübsə cinayətkardır və buna görə məsuliyyət daşıdıqlarını çox yaxşı bilirlər. Bundan başqa, həmin bölgələrdə Azərbaycan qanunları işləyəcək, idarə, təşkilat və müəssisələr bu əsaslarda fəaliyyət göstərəcək. Gerisini çox şərh etmək istəmirəm, çünki onlar da reallıqla barışıblar və bir çox şeyin daha onlar üçün mümkünsüzlüyünü anlayırlar.
Status barədə: Xocalı, Xocavənd, Ağdərənin bir hissəsi və Xankəndidə (bəlkə onun da müyyən bir hissəsində) yaxın beş il ərzində Azərbaycan qoşunu olmasa da inzibati və siyasi idarəetmə ancaq Azərbaycanın olacaq. Həmin rayonlarda, digər Azərbaycan rayonlarında olduğu kimi ermənilərə heç bir özəl status və imtiyaz verilməyəcək. Məsələn Xocalı icra hakimiyyətində yenə bir nervinni day-day oturub bizlərə spravka verməyəcək ki, gedin Xankəndi ASAN Xidmətdən alın. Banklar, mağazalar, altı moyka üstü çayxana olan obyektlər filan hamısı Made in Azerbaijan olacaq.
Son olaraq deyim ki, bu 30 ildə hər kəs yuxarı-aşağı bu torpaqların itirilməsi ilə psixoloji olaraq ümidsizliyə qapılmış, bir növ inamımız tamamilə itmişdi. Müharibədə qalib tərəfin də qalibiyyətinin bir həddi var. Biz artıq Zəngəzur ərazisindən yol çəkəcəyik. Bunun gələcək geosiyasi perspektivlərini siyasi icmalçılar şərh etsə daha yaxşı olar.
Əminəm ki, biz Zəngəzuru da geri qaytarmış olsaydıq, yenə müəyyən narazı insanlar çıxıb deyəcəkdi ki, bəs Göyçə gölünü qaytarmadıq deyə işimiz natamamdır. Əsla stəkana boş tərəfindən baxmayaq. Tarixdə qələbənin bir addımlığında olan, lakin son anda tərs dönən və on minlərlə itki verib geri çəkilən qoşunlar də az olmayıb. Biz bu gün qalib Xalqıq, qalib dövlətik. Ürəyinizi buz kimi saxlayın. Ali Baş Komandan və bizə siyasi dəstək verən qüvvələr qələbəni ən uyğun şəkildə təmin olunduğunu bilirlər. Bir daha qələbəmiz mübarək olsun, hər şey çox gözəl olacaq.
Söz vermişəm, sözüm sözdür. İlk fürsətdə Paşik yallı getdiyi Cıdır Düzündə hamınıza qonaqlıq verəcəyəm, böyük bir dövrə yallı gedəcəyik və bu tarixə düşəcək.