Sülh üçün yaranan tarixi fürsət əldən çıxan bilər – Türkiyə faktoru ÖN PLANDAbackend

Sülh üçün yaranan tarixi fürsət əldən çıxan bilər - Türkiyə faktoru ÖN PLANDA

Ermənistan hökuməti 15 sentyabr tarixindən etibarən ölkəyə giriş-çıxış möhürlərində yer alan Ağrı dağı simvolunu ləğv edib.

KONKRET.az xəbər verir ki, bu qərar İrəvanda mübahisələr doğurub. Müxalifət addımı Türkiyənin təzyiqi ilə əlaqələndirsə də, Baş nazir Nikol Paşinyan uzun müddətdir Ağrı dağı ilə bağlı qadağaları (və ya toxunulmaz mövzuları) sındırmaq siyasəti aparır.

Paşinyan hesab edir ki, Ermənistanın kimliyinin ölkə sərhədləri xaricində – Ağrı dağı üzərində qurulması “gerçəkçi” yanaşma deyil. Onun məqsədi Ermənistan üçün yeni və daha realist milli hekayə formalaşdırmaqdır.

Türkiyə ictimaiyyətində isə bu simvol dəyişikliyi barədə geniş müzakirə aparılmayıb. Analitiklər bunu Ankaranın Bakının mövqeyinə zidd addım atmaq istəməməsi ilə izah edirlər.

Bakı-İrəvan təmasları intensivləşir

Son aylarda Azərbaycan və Ermənistan arasında dialoq istiqamətində mühüm, lakin səssiz addımlar atılır. İki həftə əvvəl azərbaycanlı beş nəfərlik ekspert heyəti dövlətə məxsus xüsusi təyyarə ilə İrəvana gedib. Bu səfər ictimaiyyətə əvvəlcədən açıqlanmayıb. İrəvanda “Azərbaycan” yazılmış təyyarəni görən hava limanı əməkdaşları təəccüb içində qalıblar.

Eyni ekspertlərdən Rusif Hüseynov ötən həftə yenidən İrəvanda keçirilən beynəlxalq toplantıda iştirak edib. On gün ərzində ikinci dəfə Ermənistan paytaxtına gələn ilk azərbaycanlı kimi qeyd olunub. Təhlükəsizlik məqsədilə azərbaycanlı nümayəndələrə İrəvanda geniş mühafizə qrupu ayrılıb.

Gələcəkdə beş erməni mütəxəssisin də Bakıya səfər edəcəyi gözlənilir. Hər iki tərəf bu səfərlərin davamlı olacağını bildirir.

Digər tərəfdən, Azərbaycan ötən aya qədər Ermənistan istiqamətinə kargo daşımalarına icazə vermirdi. Lakin bu məhdudiyyət aradan qaldırılıb. Beləliklə, Qazaxıstandan çıxan buğda yükü ilk dəfə Azərbaycan üzərindən keçərək Ermənistan ərazisinə çatıb.

Paşinyan: “Barış bizim üçün yad anlayışdır”

İrəvanda keçirilən konfransın açılışında çıxış edən Nikol Paşinyan qeyd edib ki, “siyasi baxımdan Azərbaycanla Ermənistan arasında münaqişə başa çatıb, lakin hələ də psixoloji və sosioloji maneələr qalır”. Baş nazirin sözlərinə görə, “barış” anlayışı hər iki xalq üçün hələ də yad qavramdır.

O, uzun illər davam edən düşmənçilikdən sonra cəmiyyətlərin barışa hazırlanmasının vacibliyini vurğulayıb.

Əliyev və Paşinyan ritorikasında fərqli ton

Paşinyanın çıxışından bir gün öncə Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan ərazisindəki bir çox coğrafi adların əslində Azərbaycan mənşəli olduğunu xatırladıb və Sevan gölünün tarixi adının “Gökçə” olduğunu deyib.

Bununla belə, Əliyev son günlərdə sərt bəyanatlardan çəkinib. Müşahidəçilər bunu regionda sülh prosesinə zərbə vurmaq istəməməsi ilə əlaqələndirirlər.

Türkiyə-Ermənistan normallaşma prosesinə gəlincə, Ankara hələ də təşəbbüsü Bakıya buraxmış görünür. 2022-ci ildə qəbul edilən, üçüncü ölkə vətəndaşlarının quru sərhədindən keçidinə icazə verən qərar belə, üç ildir ki, həyata keçirilmir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan son açıqlamasında bildirib ki, “sülh prosesinin tezliklə başa çatması, müharibənin qalibi olan Azərbaycanın bölgədə sülhün də memarı kimi önə çıxmasına imkan verəcək”.

Ərdoğan həmçinin Paşinyanın “cəsarətli addımlarını” məmnuniyyətlə izlədiyini söyləyib.

Lakin analitiklər hesab edir ki, Ankara prosesdə daha aktiv rol oynamasa, Cənubi Qafqazda sülhün bərqərar olması üçün yaranmış tarixi fürsət əldən çıxa bilər.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*