“Birincisi, separatçılar Qarabağdan ona görə qaçır ki, bu şəxslər tutulacaqlarını bilir. Onlar cinayətkardır. İkincisi, cinayətkar heç vaxt necə qaçdığını, ona kimin kömək etdiyini deməyəcək”.
KONKRET.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.
Hərbi ekspert separatçı rejimin keçmiş “müdafiə naziri” Samvel Babayanın Ermənistana qaçışı barədə ehtimal və iddialara münasibət bildirib.
Xatırladaq ki, S. Babayan Ağdərdən çıxan erməni köç karvanı ilə birlikdə qarışıqlıqdan istifadə edərək bölgəni tərk etdiyini açıqlayıb.
“Təbii ki, Samvel Babayan deyəcək ki, o, “Laçın” sərhəd-keçid məntəqəsindən keçib, lakin bu məlumat doğru deyil, – deyə Ş. Ramaldanov mövzuya öz baxışını diqqətə çatdırıb. – Digər tərəfdən, Azərbaycanın sərhəd-keçid məntəqəsində olan texniki vasitələr müasir texnologiyaya əsaslanır. Azərbaycanı tərk edənlər videonəzarətdən keçirlər, onların artıq kimliyi və s. monitorda əks olunur”.
Polkovnik aydınlaşdırıb ki, Azərbaycanın separatçılara dair xüsusi siyahı var:
“Belə olduğu halda, təbii ki, Babayanın oradan keçməsi demək olar ki, qeyri-mümkündür. Ehtimal etmək olar ki, Rusiyanın sülhməramlı qüvvələri həmin şəxsləri öz maşınlarında ərazidən çıxıblar.
Aydındır ki, separatçıların bütün “rəhbər”liyi bir araya toplaşıb ərazidən qaçmağa çalışır. Azərbaycanın sərhəd-keçid məntəqəsindən kənar yollarla. Hətta bildiyimə görə, Ruben Vardanyan guya hansısa beynəlxalq qurumun paltarını geyinib Qarabağdan çıxmaq istəyib, lakin sonra qayıtmalı olub.
Bu gün sərhədlərimizdə peşəkar heyət çalışır və orada nəzarət tədbirləri yüksək səviyyədədir. Düşünürəm ki, əlavə tədbirlərə və rejimi gücləndirməyə ehtiyac yoxdur”.
Separatçıları yalnız RMK gizli çıxara bilər.