Rusiya sülhməramlıları Qarabağ ərazisində tapşırıqları yerinə yetirməkdə davam edir.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin Qarabağda Rusiya sülhməramlı kontingentinin fəaliyyəti haqqında bülletenində məlumat verilib.
Məlumat 21 dekabr 2022-ci il tarixində dərc olunub və orada azərbaycanlıların sülhməramlıların maşın kolonunu saxladıqları barədə bir kəlmə də yoxdur.
“Rusiya sülhməramlı kontingenti Qarabağ ərazisində tapşırıqları yerinə yetirməkdə davam edir.
Otuz müşahidə məntəqəsində Rusiya sülhməramlıları vəziyyəti gecə-gündüz izləyir və atəşkəs rejiminə əməl olunmasına nəzarət edir.
Rusiya sülhməramlılarının komandanlığı Xankəndi-Gorus yolu ilə avtomobillərin maneəsiz hərəkətinin bərpası ilə bağlı Ermənistan və Azərbaycan tərəfləri ilə danışıqlar prosesini davam etdirir.
Ağdərə, Xocavənd və Şuşa rayonlarında üç marşrut üzrə patrul xidməti həyata keçirilib.
Rusiya sülhməramlılarının təhlükəsizliyini təmin etmək və baş verə biləcək insidentlərin qarşısını almaq üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır”,- məlumatda deyilir.
Qeyd edək ki, sülhməramlıların maşın kolonunun saxlanması videosunun yeni olmadığı bildirilir. Çünki aksiya keçirilən əraziyə qar yağıb. Buna görə də görüntülərin yeni olmadığı vurğulanır.
Sülhməramlıların məlumatında da bu “insident”lə bağlı heç nə yazılmayıb. Videonu isə yolu “həqiqətən Azərbaycan tərəfinin bağladığını sübut etmək üçün” çəkdikləri və bu görüntülərdən bizə qarşı istifadə olunduğu aydındır.
Sülhməramlılar yolu onların yox, sakit, əliyalın azərbaycanlı ekofəalların “bağladığını” nümayiş etdirirlər. Videodakı ekoaktivistlərin sülhməramlılara qarşı heç bir addım atmadığı, heç bir artıq hərəkət etmədikləri görünür. Əksinə, bu günə qədər nə qədər maşın kolonu, təcili yardım və s. olubsa, hamısına azərbaycanlılar şərait yaradıb, yol verib.
Əlbəttə ki, Ukraynadakı haqsızlığı bütün dünya yığılıb rusa sübut edə bilmir, çünki onların hiyləgər taktikası hər yerdə işə keçir.
Burada da məqsəd Azərbaycanı və azərbaycanlıları gözdən salmaqdır.
Onu da qeyd edək ki, onlar məlumatlarında yenə qondarma erməni adlarından istifadə edir və guya “bağlı” olan hansısa yolun açılmasına “çalışır”.
Xuraman Etibarlı,
KONKRET.az