Süni idman qidalarının orqanizmə hansı ziyanı var? – Həkim AÇIQLADIbackend

Süni idman qidalarının orqanizmə hansı ziyanı var? - Həkim AÇIQLADI

Son dövrlərdə idmanla məşğul olan gənclərimizin sayı artmaqdadır. Təsadüfi deyil ki, ölkəmizdə fəaliyyət göstərən idman zallarının sayı günü-gündən artır. Təbii ki, idmanla məşğul olmağın insan orqanizminə böyük faydası var. Təəssüf ki, gənclərin bir qismi sağlamlıq yox, görüntü üçün çalışır. Bir çoxları hətta əzələ kütləsini artırmaq üçün süni qidalardan istifadəyə üstünlük verir.

Əslində bu qidalar insan orqanizminə necə təsir? Belə qidalardan istifadə etmək nə dərəcədə düzgündür?

Mövzu ilə bağlı KONKRET.az-ın suallarını tibb üzrə ekspert, həkim Şəmsiyyə Namazlı cavablandırıb. O bildirib ki, sözügedən qidalardan istifadə edən şəxslərin qara ciyərində müxtəlif dəyişikliklər müşahidə olunur:

“İdman qidaları protein olaraq qəbul edilir və gənclər arasında dəb halını alıb. Lakin bu qidaların həqiqətən proteinlərdən ibarət olması da əslində sual altındadır. Belə qidalardan uzun müddət istifadə olunduqda qara ciyərə mənfi təsir edir. Təcrübədə belə hallarla çox rastlaşıram. Müraciət edən şəxslərin qara ciyərində müxtəlif dəyişikliklər müşahidə olunur. Hətta bu, bəzən qara ciyər piylənməsinə də gətirib çıxara bilir. İdmanla məşğul olan şəxslər belə qidalardan uzaq durmalıdır. Çünki həmin qidaların tərkibində hormonal preparatlar var. Belə preparatlar əzələlərin böyüməsinə və şişməsinə səbəb olur. Gənclər də buna görə belə zərərli qidalara meyllənir. Təəssüf ki, bəzən hətta məşqçilər idmana yeni başlayan insanlara o məhsullardan istifadə etməyi tövsiyə edir. Tək başına idmanla məşğul olanların bəziləri isə dost-tanışından eşitdiyi qidaları alıb bilgisiz qəbul edir. Belə hallar yolverilməzdir”.

 


Həkimin sözlərinə görə, nəzarətsiz şəkildə, miqdarını və dozasını bilmədən süni idman qidalarından istifadə edən şəxslərin sağlamlığında ciddi problemlər yaranır:

“Həmin şəxslər idmanı dayandırdıqda və belə qidalardan imtina etdikdə onların həm daxili orqanlarında, həm də  xarici görünüşündə fəsadlar yaranır. Onların qara ciyər göstəriciləri çox yüksək olur. Qara ciyər böyüyür və strukturu dəyişir. Bəzən hətta qara ciyərin sirrozuna qədər gətirib çıxara bilir. Onlar özü də bunu yaxşı bilir. Buna görə də bəziləri deyir ki, yarım il fasilə verəcəm. Lakin orqanda dəyişiklik baş verdikdə onu əvvəlki vəziyyətinə qaytarmaq mümkün deyil. Proteinin nəinki süni, hətta təbii şəkildə həddən artıq qəbulu düzgün deyil. Biz adi insanlara yumurta, ət kimi məhsullardan çox istifadə etməyi məsləhət görmürük. Ümumilikdə protein adı altında satılan süni qidalardan istifadə insan sağlamlığına ciddi zərər vurur. Gənclər bunu bilməli və belə məhsullardan imtina etməlidir”.

Şəbnəm Mehdizadə,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*