“İndi karyera seçən gənclər elm, mühəndislik və riyaziyyatı öyrənməyə can atmamalıdırlar, çünki gələcəkdə süni intellektin hökm sürdüyü dünyada onlara inkişaf etməyə kömək edəcək “empatik” və yaradıcı bacarıqlar daha çox lazım olacaq”.
KONKRET.az xəbər verir ki, bu proqnozla Nobel mükafatı laureatı, əmək bazarı üzrə mütəxəssis, London İqtisadiyyat Məktəbinin professoru Kristofer Pissarides çıxış edib.
O, hesab edir ki, İT-nin müəyyən sahələrində çalışan işçilər süni intellekti inkişaf etdirməklə öz əlləri ilə “özünüməhv toxumları” səpmək riski ilə üzləşirlər ki, bu da son nəticədə öz mənfi təsirini göstərəcək.
Pissarides hesab edir ki, texnoloji tərəqqi getdikcə dünyada işsizliyin səviyyəsini artıracaq. Hətta elm, texnologiya, mühəndislik və riyaziyyat – təbiət elmləri populyarlığını itirəcək.
“Məlumat toplamaq, ardıcıllığı təmin etmək və ondan süni intellektin növbəti mərhələsini yaratmaq üçün istifadə etmək, eləcə də süni intellektə lazım olan bacarıqları tətbiq etmək yeni yanaşmaları tələb edir.
Pissarides bildirib ki, uzun müddət ərzində idarəetmə, yaradıcılıq və empatiya bacarıqlarını süni intellekt əvəz edə bilməyəcək.
Qeyd edək ki, 2016-cı ildə Pissarides Rusiyaya son illərdə iqtisadiyyatı durğunluq yaşayan Yaponiyanın taleyini proqnozlaşdırmışdı. “Əsas risk Rusiyanın Yaponiya kimi bir yerdə ilişib qalmasıdır. Lakin Yaponiya çox yüksək səviyyəyə çatıb. Amma Rusiyada işlər heç də yaxşı getmir.
Yeri gəlmişkən, 2010-cu ildə iqtisadiyyat üzrə Nobel mükafatı laureatları Peter Diamond (ABŞ), Deyl Mortensen (ABŞ) və Kristofer Pissarides (Kipr) öz tədqiqatlarında əmək bazarının fundamental suallarına cavab verə biləcək nəzəriyyə işləyib hazırlayıblar. Həmin tədqiqatlarda vurğulanır ki, iqtisadiyyatda getdikcə daha çox yeni iş yerləri yaransa da hələ də dünyada işsizlərin sayı azalmır.
Alimlər iqtisadi siyasətin işsizliyə necə təsir edə biləcəyini anlamağa çalışıblar. Üstəlik, onların nəzəriyyəsi təkcə əmək bazarının deyil, həm də digər bazarların təhlilinə şamil edilib.
Rəsmiyyə Şərifova,
KONKRET.az