Suriya kimindirsə, Yaxın Şərq də onundur – ŞƏRHbackend

Suriya kimindirsə, Yaxın Şərq də onundur - ŞƏRH 

Suriyada Əsəd rejimi çökdü və bu 2024-cü ilin ən böyük yeniliyi ildu. Qəribəsi və maraqlısı odur ki, 53 il davam edən, öz xalqını soyan və müflis edən, 100 milyardlarla dollara və tonlarla qızıla sahiblənən rejim 13 günə çökdü. Hakimiyyətə silah gücünə, hərbi çevrilişlə gəldiyi kimi, hərbi çevrilişlə də getdi. Suriyaya hətta yaxın qonşusu və uzaq dostu – İran və Rusiya da kömək edə, dəstək verə bilmədi.

Kimsə deyə bilər ki, Suriya diktatoru Bəşər Əsəd qorxaq idi, canının və malının qorxusundan qaçdı, Rusiyaya qucaq açdı. Amma Əsəd 13 il bundan əvvəl qorxmamışdı, 2011-ci ilin martında onun rəhbərlik etdiyi hökumət qüvvələri “Ərəb baharı”ndan köklənən, ABŞ, Avropa Birliyi ölkələri, Səudiyyə Ərəbistanı və Qətər tərəfindən dəstəklənən hərbi müxalifət qrupları arasında gedən silahlı qarşıdurmadan çəkinməmişdi. Tərəflər arasında qarşıdurma “qanlı heç-heçə” ilə nəticələnmişdi, silahlı müxalifət Suriyanın şimalına, Türkiyə ilə həmsərhəd olan İdlib vilayətinə çəkilmişdi.

Bəs indi nə oldu, 13 il davam gətirən Əsəd rejimi niyə 13 günə məğlub oldu?! Təbii ki, burda obyektiv və subyektiv səbəblər var. Yəqin ki, əsas obyektiv səbəb Əsəd rejiminim əsas dostlarının sıradan çıxması – başlarının qarışıq, işlərinin dolaşıq olması idi. Rusiya, məlum olduğu kimi, Ukrayna müharibəsində ilişib qalıb, əsas slahlı qüvvələri Suriyadan uzaqda toplanıb. Rusiya ən yaxşı halda, mövcud silahlı bazalarını Suriyada saxlaya bilər, amma məlum olduğu kimi, Suriyanın yeni hakimiyyəti bunun əleyhinədir. İran isə İsraillə müharibə vəziyyətindədir və Suriyaya qarşı hər hansı silahlı müdaxilə bu müharibəni alovlandıra və ABŞ başda olmaqla, bütün Qərbi İrana qarşı qaldıra bilər. Həm də Suriyanın yeni hakimiyyəti İrana isti münasibət sərgiləmir və bu ölkəni Əsəd rejimi ilə yaxınlıqda ittiham edir. Xalqa gəlincə, Əsəd rejimi 50 il Suriya xalqını talamışdı, əzmişdi və müflis etmişdi, odur ki, xalqdan heç bir dəstək, kömək gözləyə bilməzdi və gözləmirdi. Suriyanın silahlı müxalifətinə isə ABŞ və Türkiyə başda olmaqla, bütün dünya dəstək verirdi. Beləliklə, Suriya rejimi təklənmişdi və Bəşər Əsəd artıq xalqın, hakimiyyətin taleyini yox, öz pullarının və canının dərdini çəkirdi və necə qaçıb-qurtarmaq haqqında fikirləşirdi.

Amma Bəşər Əsəd niyə dini, imanı bir olan İrana getmədi, halal ailəsinin və haram pullarının təhlükəsizliyini Putin Rusiyasına etibar etdi?! Düşünürəm ki, burda əsas subyektiv səbəblərdir, Bəşər Əsədin özünün şəxsi seçimidir. Sadəcə olaraq, Əsəd uzun müddət hakimiyyətdə olan təcrübəli bir siyasətçi kimi yaxşı bilir ki, İranın molla rejiminin sabahı yoxdur, İranın sabahı İraqın, Liviyanın taleyidir.

Başda ABŞ, İsrail olmaqla, bütün Qərb dünyası İran rejimini çökdürmək üçün fürsət gözləyir. Səddam Hüseyn və Qəddafi də, hələ yaddan çıxmayıb, onların dəhşətli taleyi, qətl səhnələri göz önündədir. Rusiya isə böyük və güclü ölkədir, tarixi təcrübə də göstərir ki, Rusiyanı çökdürmək olur, amma məğlub etmək mümkün deyil. Odur ki, Bəşər Əsəd özünü Rusiyada rahat hiss edir, yaxşı bilir ki, Vladimir Putin onun canını (oxu: pullarını) yesə də, sümüyünü atan deyil. Amma Putinin də işlərini bilmək olmaz…

Bütün bunlar – Bəşər Əsəd, onun dostları, düşmənləri, niyə və hara qaçması öz yerində, amma bizi bu olaylarda, Suriyada qardaş Türkiyənin yeri, istəkləri və onların reallaşması maraqlandırır. Azərbaycan bu məsələdə də Türkiyənin yanındadır və qardaş ölkəyə hər cür dəstək verməyə hazırdır. Türkiyənin Suriyada maraqları isə böyükdür və deyərdim ki, lap böyükdür. Bütün böyük olaylarda olduğu kimi, təbii ki, burda da obyektiv və subyektiv səbəblər öz yerindədir. Əvvəl obyektiv səbəblərdən danışaq. Suriya neft-qaz ehtiyatlarına görə İran, İraq, Səudiyyə Ərəbistanı, hətta Küveytlə müqayisədə çox geri qalsa da, qeosiyasi, geostrateji mövqeyinə görə, dünyanın ən vacib ölkələrindən biridir. Təsəvvür edin ki, İsrailə, Fələstinə, Livana gedən quru yollar ancaq Suriyadan keçir. Eyni zamanda, Suriya Aralıq dənizinə ən böyük çıxışı ola ölkələrdən biridir. Odur ki, Rusiya Ukrayna ilə müharibə şəraitində burda baza saxlamaqdan ötrü əldən-ayaqdan gedir, İran da, hətta müharibə təhlükəsi qarşısında, Suriyada mövqelərini əldən vermək istəmir. Bəli, Suriya kimindirsə, Yaxın Şərq də onundur, Suriya Yaxın Şərqin qapısıdır. Deməli, qardaş Türkiyənin də maraqları aydındır…

Subyektiv maraqlara gəlincə, Türkiyənin İraqla quru sərhədləri 150-200 km, Suriya ilə isə 1000 km-ə qədərdir. Quru sərhədlər isə həm də cənubdan, Türkiyə dövlətinin təhlükəsizliyi deməkdir. Doğrudur, qanunsuz neft, qanunsuz silah və qanunsuz narkotiklər əsasən dəniz yolu ilə daşınır, amma qanunsuz insanlar quru yollarına üstünlük verirlər. Əvvəla, Türkiyə dövlətinin əsas düşmənləri olan qanunsuz kürd silahlıları (PKK və s.) öz bazalarını Suriyanın şimalında təşkil edirlər və burdan Türkiyənin cənub ərazilərinə silahlı həmlələr edirlər. Sonra, Suriyadan, İraqdan, bütün cənubdan gələn qanunsuz miqrasiya axını da quru yolları ilə Türkiyə ərazisinə keçir. Və milyonlarla qanunsuz miqrant Türkiyə ərazisini, de-fakto işğal edir. Onları işə yerləşdirmək, yedirmək, içirmək lazımdır. Bir sözlə, qanunsuz miqrantlar məsələsində Türkiyə Avropa ilə Qərbi Asiya arasında, faktiki olaraq, bufer zonası rolu oynayır. Və öz cənub sərhədlərini göz bəbəyi kimi qorumaq zorundadır.

“Suriya rejimi ona uzatdığımız əlin qiymətini bilmədi”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Əsəd rejimi çəkdükdən dərhal sonra deyib. Məlum oduğu kimi, rəsmi Ankara həmişə Bəşər Əsədlə siyasi danışıqlar yoluna üstünlük verib, amma qarşı tərəf bu fürsətdən yararlana bilməyib, ya da istəməyib. Cənab Ərdoğan həmçinin Türkiyənin Suriyanın vahid dövlət kimi qalmasında maraqlı olduğunu vurğulayılb: “Suriyada artıq yeni siyasi-diplomatik reallıq mövcuddur. Ölkənin gələcəyini Suriya xalqı həll edəcək”. Onun sözlərinə görə, bölgədə qarşıdurmalar, gərginlik heç kimə fayda verməyəcək. Prezident əlavə edib ki, Türkiyənin milli təhlükəsizliyinə qarşı atılacaq bütün addımların qarşısı alınacaq. O, regional və qlobal gücləri Suriyanın ərazi bütövlüyü və milli birliyini dəstəkləməyə çağırıb.

Yeri gəlmişkən, bu günlərdə Türkiyənin “Sabah” qəzeti ekspert rəylərinə əsasən, Suriyada baş verə biləcəık hadisələrin proqnozu ilə bağlı 5 mümkün variantı açıqlayıb:
1.İdeoloji fərqlərinə baxmayaraq, müxalifətin və müxtəlif fraksiyaların iştirakı ilə Suriya Demokratik Respublikasının yaradılması;
2.Əsas rolu “Həyat Təhrir əş-Şam” nümayəndələrinin oynayacağı “Suriya İslam Respublikası”nın yaranması;
3.İsrailin nəzarəti altında “Anti-şiə dövləti”nin yaradılması;
4.Birləşmiş Ştatların himayəsi altında kiçik asılı qurumlara bölünəcək “Suriya Federativ Respublikası”nın elan edilməsi;
5.Suriyanın bir dövlət olaraq parçalanması.

Təbii ki, bu variantların hansının reallaşacağını, Suriyanın yaşayacağını, ya parçalanaçağını zaman göstərəcək. Həm də bu, ABŞ-nin, konkret olaraq, yeni seçilmiş Prezident Donald Trampın siyasətindən asılı olacaq. Hələlik isə ABŞ-nin Suriya ilə bağlı planı tam aydın deyil. Bu plan Kissincerin bir vaxtlar irəli sürdüyü İraq və Suriyanın üç hissəyə – şiə, sünni və kürdlərə bölünməsindən uzağa gedə bilmir. Bu, ABŞ-ın milli maraqlarından irəli gəlir, “parçala və hökm sür!” siyasətinə xidmət edir. ABŞ faktiki olaraq, Suriyaya “vaxtla idarə olunan bomba” qoymaq istəyir. Dini, hətta milli dövlətin yaradılması, məlum olduğu kimi, sabitliyin yox, gərginliyin qarantıdır. Kürdlərin də əsasını sünnilər, az hissəsini şiələr, daha az hissəsini isə yezidlər, isavilər və musavilər təşkil edir. Bir sözlə, ayrıca kürd dövlətinin yaradılması da sabitliyə xidmət etmir. Həm də, bu kürd dövlətinin Türkiyə ilə münasibətləri, gələcək sərhədləri də gərginlik mənbəyidir. Deməli, problemin həllinə dair yeni, daha proqressiv, sülhpərvər ideyalar olmasa, İraq və Suriyada gərginliyin aradan qalxması, hər halda, yaxın gələcəkdə, çətin görünür…

Qalib ARİF,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*