Merkel “qaçqınların pulu hazırdır” dedi, amma göndərmədi – Prezidentbackend

Merkel "qaçqınların pulu hazırdır" dedi, amma göndərmədi - Prezident

Türkiyənin suriyalı qaçqınlar üçün Avropa sərhədlərini açmaq qərarından sonra 18 mindən artıq suriyalı Yunanıstana keçib.

KONKRET.az xəbər verir ki, bu barədə “A haber”in birbaşa efirində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Prezident axşamadək həmin rəqəmin 25 minə çata biləcəyini istisna etməyib: “Hazırda ölkədə 3,7 milyon suriyalı qaçqın var. Son günlər İdlib ətrafında gərginliyin artması üzündən daha 1,5 milyon nəfər Türkiyə sərhədinə tərəf yönəlib, yeni köç dalğasına tab gətirməyəcəyik. Almaniya kansleri Merkelə dedim ki, bizə dəstək verin. O yalnız 25 milyon avro verə biləcəklərini, bu pulun BMT-nin Baş komissarlığına, oradan Qızıl Xaça, oradan da sizə gələcəyini dedi. Pul hazırdır dedilər, amma gəlmədi”.

Suriyadakı vəziyyətdən danışan prezident hökumət qüvvələrinin Türkiyə hərbçilərinə məlum hücumundan və 33 nəfəri şəhid etmələrindən sonra dərhal cavab tədbirlər gördüklərini, nəticədə 2 100 suriyalı hərbçinin zərərsizləşdirildiyini, kimyəvi məhsulların olduğu 7 binanın da partladıldığını diqqətə çatdırıb: “Biz işlərin bu yerə gəlməsini istəmirdik, bizi məcbur etdilər. Bu gün İdlibdə, Menbiçdə döyüşürüksə, sabah, Allah göstərməsin, Şirnaqda, Urfada döyüşməli ola bilərik. Bu ssenarinin hədəfi Suriya yox, Türkiyədir”.

R.T.Ərdoğan həmçinin ötən gün Rusiya prezidenti Vladimir Putinlə telefon söhbəti zamanı İdlibdən çəkilmələrini tələb etdiyini də dilə gətirib.

Xatırladaq ki, 2016-cı ilin mart ayında Avropa İttifaqına (Aİ) üzv ölkələri ilə Türkiyə arasında qaçqın məsələsinin həllinə dair birgə plan razılaşdırılmışdı. Həmin plana görə, Yunanıstana Türkiyədən qanunsuz keçən şəxslər geri qaytarılmalı, Türkiyəyə Suriyadan qaçqınların qəbulu üçün maliyyə yardımı ayrılmalı, eyni zamanda Aİ ölkələrinə Türkiyədən qanuni şəkildə gələn suriyalı qaçqınlar qəbul edilməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*