Suriyayla bağlı Rusiya-Türkiyə anlaşması: kim qazandı? – ANALİTİKAbackend

Suriyayla bağlı Rusiya-Türkiyə anlaşması: kim qazandı? - ANALİTİKA

Vladimir Putin və Recep Tayyip Erdoğan Soçidə Rusiya prezidentinin “çox vacib və hətta taleyüklü” adlandırdığı razılaşma əldə ediblər.

Söhbət Suriyanın şimalındakı vəziyyətdən gedir – 9 oktyabrdan etibarən Türkiyə həmin ərazidə kürd birləşmələrinə qarşı hərbi əməliyyat aparırdı.

6 saatlıq görüşdə iştirak etmiş Rusiya xarici işlər naziri Sergey Lavrov anlaşma memorandumunu oxuyub. Bu, Suriyanın Türkiyəylə sərhəddindəki qüvvələrin faktiki olaraq iki hissəsiyə bölünməsi planıdır – onu Rusiya və Türkiyə hərbçiləri, o cümlədən, Suriya sərhədçiləri reallaşdıracaqlar.

Əsas maddələr bunlardır:

  • 23 oktyabrdan etibarən Rusiyanın hərbi polis qüvvələri və Suriyanın sərhəd xidməti dəstələri Suriya-Türkiyə sərhəddinin Suriya tərəfinə yerləşəcəklər;
  • onlar kürd hərbi birləşmələrinin və silahların sərhəddən 30 km uzaqlaşdırılmasına nəzarət edəcəklər;
  • bu proses “Barış Pınarı” əməliyyatının keçirildiyi ərazi xaricində baş verəcək;
  • kürd birləşmələrinin bölgədən çıxarılması 23 oktyabr 12:00-dan sonrakı 150 saat ərzində başa çatmalıdır;
  • bundan sonra Rusiya və Türkiyə “Barış Pınarı” əməliyyatı rayonunun qərbindən və şərqindən 10 km dərinlikdə birgə patrul xidmətinə başlayacaqlar;
  • bu, çox sayda kürdün yaşadığı Qamışlı şəhərinə aid deyil;
  • Lavrov “Sülh çeşməsi” əməliyyatının bitdiyini açıqlayıb, amma onu da qeyd edib ki, “Bu məsələ razılaşmanın necə yerinə yetirilməsindən, o cümlədən, kürd birləşmələrinin və onların silahlarının ərazidən çıxarılmasından asılı olacaq”.
  • Memorandum ABŞ-ın vitse-prezidenti Maykl Pensin Ankaraya səfərindən sonra Türkiyə tərəfindən elan edilmiş 120 saatlıq atəşkəs müddəti bitən ərəfədə açıqlanıb.

Memorandumun birinci bəndində həm Rusiya, həm də Türkiyə Suriyanın ərazi bütövlüyünü tanıdıqlarını bəyan ediblər. Putin Soçidə razılıq əldə ediləndən sonra Suriya prezidenti Bəşər Əsədə zəng edərək memorandum barədə məlumat verib. Kreml Əsədin sənədi dəstəklədiyini açıqlayıb. Suriya prezidentinin mətbuat xidməti isə Dəməşqin “hər hansı ad altında və ya bəhanəylə Suriya ərazilərinin işğalını qətiyyən qəbul etmədiyini” bəyan edib.

“Vedomosti” qəzeti öz mənbələrinə istinadən xəbər verir ki, Soçi danışıqlarında əsas problem təhlükəsiz zonanın dərinliyi və sərhədə nəzarət məsələləriylə bağlı olub. Kürd telekanalı “Budaw” Türkiyənin 35 kilometrlik məsafə üçün israr etdiyini bildirib.

Daha əvvəl Ərdoğan bəyan etmişdi ki, əməliyyatın əsas məqsədi Suriyanın şimalında 35 kilometrlik təhlükəsiz zona yaradılması və Suriya kürdlərinin özünümüdafiə dəstlərinin həmin ərazidən uzaqlaşdırılmasıdır. ABŞ öz qoşunlarını Suriyanın bu hissəsindən çıxarıb. Bu ölkənin müdafiə naziri Mark Esper bəyan edib ki, təxminən min Amerika hərbçisi qərbi İraqa göndəriləcək. Çərşənbə günü səhər saatlarında Esper Bağdada elan olunmamış səfər edib.

Bu razılaşmada udan və uduzan tərəflər hansılardır?

Fyodor Lukyanov

Fyodor Lukyanov, “Rusiya qlobal siyasətdə” jurnalının baş redaktoru:

“Bütün maraqlı tərəflər: Türkiyə, Rusiya, Dəməşq, müəyyən qədər də kürdlər və ABŞ istədiklərini əldə etdilər – maksimum olmasa da, mümkün olan qədərini. Türkiyə üçün əsas məsələ bufer zonası yaratmaq idi. Nəticə etibarilə bu zona Erdoğan-ın istədiyindən daha kiçik ərazini əhatə edəcək, amma Türkiyə ərazisiylə kürd birləşmələri arasında demarkasiya zolağı yaratmaq və Türkiyəyə çox da lazım olmayan Suriya qaçqınlarını ora yerləşdirmək planını reallaşdırmağa kifayət edəcək.

Yəqin ki, bu, İdlibdəki situasiyayla bağlıdır, çünki təhlükəsiz zonanın müəyyənləşdirilməsi bu şəhərdəki Türkiyə yönümlü qüvvələrin bir hissəsini ora yerləşdirmək imkanı yaradacaq. Rusiya və Suriya əhəmiyyətli irəliləyiş əldə ediblər, rəsmi Suriya hökumətinin yurisdiksiyası daha geniş əraziyə tətbiq olunub. Eyni zamanda, kürdlərə hər hansı seçim fürsəti tanınmayıb, indi onlar öz mövcudluqlarının şərtləri barədə Dəməşqlə çətin danışıqlara başlamalıdırlar.

Tramp əleyhdarlarının hay-küyünə baxmayaraq ABŞ istədiyinə nail olub. Amerika Suriyadakı hərbi kontingentini azaltmaq və ordan getmək fikrindəydi – Tram bunu həmişə deyirdi. ABŞ Ərdoğan-a kürdləri əzmək imkanı verməyəcəyini göstərmək istəyirdi və göstərdi də. Ağ Evin bunu demək haqqı var: biz müdaxilə etdik və müharibə bitdi – Pens getdi və onu bitirdi.

Mahiyyət etibarilə dünənki anlaşma Ərdoğanın Penslə razılaşmasının davamdır. Kürdlərə gəlincə, onlar həmişəki kimi ən zəif tərəfdirlər. Amma mövcud şərtlər daxilində indiki anlaşma onlar üçün heç də ən pis variant deyil – daha pisi ola bilərdi. Əldə olunmuş razılıq bu və ya digər şəkildə bütün tərəflərin mənafeyinə cavab verən maraqlı nümunədir”.

Aleksey Malaşenko

Aleksey Malaşenko, “Sivilizasiyaların dialoqu” institutundakı elmi araşdırmaların rəhbəri:

“Situasiyanı son 5-6 günə nəzərən qiymətləndirəndə, mən razılaşmanı ümumən Rusiyanın uğuru hesab edirəm. Atəşkəs sabitləşdi, həm də Putin Ərdoğan-ın yanına getdiyi üçün yox, Ərdoğan Putinin yanına gəldiyi üçün.

Ancaq bütün bəyanatları və Rusiyanın xarici işlər naziri Sergey Lavrovun dediklərini dinləyəndən sonra məndə bəzi sualların açıq qalması təəssüratı yarandı. Məsələn, qaçqın problemiylə bağlı – onlar Bəşər Əsədi sevmirlər, Türkiyəyə qaçmış potensial müxalif qüvvədirlər və Ərdoğan onları Suriyaya qaytarmaq istəyir.

Bu, Suriyadakı vəziyyəti və qüvvələr nisbətini necə dəyişəcək – demək çətindir. Ona görə də qələbə və sonra baş varəcəklər haqqında az danışmaq lazımdır.

ABŞ-a gəlincə, o nə uddu, nə də uduzdu. Bir vaxtlar Rusiyanın Suriya kampaniyasını SSRİ-nin Əfqanıstana müdaxiləsiylə müqayisə etmək dəbiydi və bu, korrekt deyildi. İndi isə Amerikada belə bir fikir populyardır – ora özsünüz getmisiz, özünüz də problemi həll edin. Ancaq bu, çox çətin məsələdir.

Və sonuncusu. Rusiyadakı təbliğat iniltiləri bir qədər təəccüblüdür – ura, triumf, qələbə. Anlaşma – dolayı şəkildə Erdoğan-ın dirsəklə itələnməsidir və onun məğlub olması anlamına gəlir.

Belə nəticə onun heç xoşuna gəlmir, çünki Türkiyə daxilində nüfuzuna zərbə vuracaq. Kremldə ağıllı biri olsaydı, təbliğatın ipini yığıb onu qələbə yox, kompromis haqqında qışqırmağa yönləndirərdi. Xüsusilə də ona görə ki, bu versiya həqiqətə daha yaxındır”.

Viktor Maraxovski

Viktor Maraxovski, hərbi ekspert:

“Anlaşmanı kifayət qədər uğurlu hesab etmək olar, çünki Suriya hökumətinin də daxil olacağı genişmiqyaslı hərbi konfliktin qarşısı alındı. Əks halda “Astana formatı” da sıradan çıxa bilərdi.

Bu Rusiya üçün məcburi, mürəkkəb və çox da uğurlu olmayan; bununla belə, situasiyanı kritik vəziyyətdən çıxarmağa imkan verən yeganə qərarıydı”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*