Avtomobillərdə qış təkərlərindən istifadə məsələsi sürücülər arasında tez-tez müzakirə olunur. Xüsusilə qış mövsümündə yol polisi tərəfindən bu səbəbdən cərimə tətbiq olunub-olunmaması maraq doğurur.
Maraqlıdır, qış mövsümündə avtomobillərdə mütləq qış təkərlərindən istifadə olunmalıdırmı?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hüquqşünas Elşad İsayev bildirib ki, Azərbaycan qanunvericiliyində avtomobillərdə məcburi şəkildə qış və ya yay təkərlərindən istifadə ilə bağlı konkret tələb mövcud deyil. Onun sözlərinə görə, qanunda yalnız təkərlərin texniki vəziyyəti ilə bağlı norma göstərilib.

Elşad İsayev
“Qanunvericiliyə əsasən, avtomobil təkərinin protektorunun hündürlüyü 1.6 millimetrdən az olarsa, bu hal inzibati xəta hesab olunur və sürücü 50 manat məbləğində cərimə edilir”.
Elşad İsayev bildirib ki, sürücülər əsasən təkərlərin mövsümə uyğunluğundan çox, onların texniki göstəricilərinə və təhlükəsizlik tələblərinə diqqət yetirməlidirlər. Protektoru aşınmış təkərlərlə hərəkət etmək həm qanun pozuntusu sayılır, həm də yol-nəqliyyat hadisəsi riskini artırır.
Beləliklə, hazırkı qanunvericiliyə görə avtomobildə qış təkərinin olmaması birbaşa cərimə üçün əsas sayılmır. Cərimə yalnız təkərin protektorunun normadan az olması halında tətbiq oluna bilər.
Aynurə İsmayıl
KONKRET.az
