“Şuşaya getmişdim, ziyarətim qəbul olundu” – Fuad Nəcəflinin etdiyi qanunsuzluqlar açıqlandıbackend

“Şuşaya getmişdim, ziyarətim qəbul olundu” - Fuad Nəcəflinin etdiyi qanunsuzluqlar açıqlandı

“Şuşaya getmişdim. Qayıdanda eşitdim ki, Fuad Nəcəfli Prezidentin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi vəzifəsindən azad olunub. Bilsəydim, Şuşaya iki il bundan öncə gedərdim ki, ayağım düşərli olsun. O adam həmin vəzifəyə, Naxçıvana yad biri idi. Sanki kosmosdan gətirmişdilər. Onun Naxçıvana ancaq ziyanı dəyib”.

KONKRET.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a açıqlamasında əslən Naxçıvandan olan jurnalist Heydər Oğuz bildirib.

O söyləyib ki, qərarı alqışlayır və ümid edir ki, bu vəzifəyə yeni təyin edilən şəxs etimadı doğruldacaq:

“Mən Prezidentin bu addımını yüksək qiymətləndirirəm. Ümid edirəm ki, indi onun yerinə gələn adam eyni yolla getməyəcək. Təsəvvür edin, dövlət tərəfindən Naxçıvana ayrılan pulların hamısı geri qayıdırdı. Çünki bu adam həmin vəsaitləri mənimsəməyə çalışırdı”.

Heydər Oğuz onu da bildirib ki, Fuad Nəcəfli Naxçıvanda işə başladığı dövrdən bir sıra qanunsuz tenderlər keçirib, dövlət vəsaitlərini öz yaxınlarına ötürməyə çalışıb:

“Tenderlərin qaydalarına əməl edilmədiyi üçün paytaxtdan geri qaytarıldığı və ləğv olunduğu bildirilir. İlk mərhələdə Baş nazirlə əməkdaşlıq çərçivəsində keçirilən 22 tender bir həftə ərzində ləğv olunub. Özü də bunu etiraf etmişdi ki, həmin tenderlər düzgün keçirilmədiyi, qanunauyğun olmadığı üçün ləğv olunub”.

Onun sözlərinə görə, Naxçıvanda bir nəfər belə ondan razı deyildi:

“Naxçıvan öz duzu ilə məşhurlaşan bir bölgədir. Həmin şəxs vəzifədə olan vaxt duz da yoxa çıxdı.  Naxçıvanda iqtisadiyyatın bəzi sahələri Fuad Nəcəflinin dövründə ciddi şəkildə yox edilib. Bu isə bölgədə narazılıq yaradıb.

Fuad Nəcəflinin vəzifədən azad olunması ilə bağlı qərar doğru və vaxtında atılmış addımdır. Onu vəzifədən azad etməklə kifayətlənmək olmaz və Fuad Nəcəfli qanunsuz əməllərinə görə məhkəmə qarşısında cavab verməlidir”.

Qeyd edək ki, Fuad Nəcəfli 2022-ci il oktyabr ayında Prezident İlham Əliyevin sərəncamı ilə Prezidentin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi təyin edilmişdi. O, bu gün vəzifəsindən azad olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*