Son günlər şəhid ailələri və qazilərə münasibətdə bəzi xoşagəlməz hadisələr baş verir. Qazilərimizin intihara əl atması, bəzi məmurların və icra başçılarının onlara hörmətsizlik etməsi dərin təəssüf doğurur.
Təbii ki, qazilər və şəhid ailələri cəmiyyətin ən həssas təbəqələri olduqları üçün onlarla daha səbirlə davranıb, problemlərinin aidiyyətli qurumlarda qaldırılması, ətraflarında olan insanların onlara daha çox psixoloji dəstək verib, düzgün yol göstərmələri olduqca vacibdir.
Halbuki ölkəmizin ərazi bütövlüyü uğrunda canından, qanından keçən şəhidlərimizin ailələrinə, qazilərə diqqət və qayğı dövlətin prioritetidir.
Bəs, bəzi məmurlar, yerli icra hakimiyyəti orqanlarının rəhbərləri onlara niyə hörmətsizlik edir? Bu mənfi münasibətin kökündə hansı amillər dayanır? Həmçinin, bu xoşagəlməz halların qarşısını necə almaq olar?
Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, Vəhdət partiyasının sədri Tahir Kərimli KONKRET.az-a müsahibəsində bildirib ki, bir sıra dövlət məmurlarının, icra sturkturlarının rəhbərlərinin şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına mənfi münasibətinin kökündə bir neçə amil dayanır:
“Hər şeydən əvvəl birinci amil ondan ibarətdir ki, həmin məmurlar müxtəlif vasitələrlə özlərinin yaxınlarını döyüşlərdən, həqiqi hərbi xidmətdən yayındıra biliblər. Özlərinin yaxınlarında şəhid və müharibə əlili, kasıb və ehtiyaclısı yoxdur. Ona görə də onlar üçün bu müqəddəs dəyərlər yaddır. Bu baxımdan, bu insanlara və onların problemlərinə biganə münasibət sərgiləyirlər”.
“İkinci məsələ ondan ibarətdir ki, özlərini bu kimi ailələrdən üstün tuturlar. Yəni, sosial fərq açıq-aydın özünü biruzə verir. Onları qara camaat, kasıbların uşaqları hesab edib, yuxarıdan aşağı baxırlar. Onlar özlərini inandırıblar ki, müharibədə şəhid olan, yaralanan elə kasıbların uşaqları olmalıdır, çünki bunlar elit təbəqədir. Yəni, sosial fərq, yuxarıdan aşağı baxmaq da əsas səbəblərdən biridir. Digər tərəfədən, bu məmurlar hesab edirlər ki, onların şəhid ailələrinə, müharibə əlillərinə mənfi münasibətləri haqqında dövlət rəhbərliyinə məlumat çatmayacaq və cəzasız qalacaqlar. Bir sözlə, onların cəzasız qalacaqlarına inamlarının olması da burada xüsusi rol oynayır”, – deyə millət vəkili vurğulayıb.
Partiya sədri əlavə edib ki, məmurlar həmin şəxslərin və onların ailələrinin, o cümlədən maddi və mənəvi ehtiyac içində olan insanların dərdlərini eşidib, özlərini emosional hisslərlə yükləmək, vicdanlarını ağrıtmaq istəmirlər:
“Yəni, bu problemlərlə vicdanları yüklənməsin, ürəkləri ağrımasın. Həm də maddi ziyana düşməkdən qorxurlar. Yəni, birdən dövlət vəsaiti və ictimai vəsait kifayət eləməz, özləri kiməsə kömək eləmək məcburiyyətində qalarlar və maddi ziyana düşərlər. Nəhayət, ondan çəkinirlər ki, bu istiqamətdə presedent yarana bilər. Yəni, kimlərinsə qayğılarına qalıb, kömək etsələr, digərləri də şirnikləşib onlara müraicət edər və qayğılar, problemlər çoxalar. Amma dəfələrlə qeyd eləmişik ki, onlar bütün bir millətin dərdini ürəklərinin süzgəcindən keçirib, vicdani hissləri daha üstün tutmalıdırlar. Dövlətin onlara tapşırdığı bu mühüm vəzifələr ona görədir ki, məhz elə camaatın, birinci növbədə şəhid ailələrinin, qazilərimizin, veteranlarımızın qayğısına qalsınlar”.
“Çünki onlara dövlət vəzifəsi özlərinə imtiyaz yaratmaq üçün yox, camaatın qayğısına qalmaq üçün verilib. Ona görə də gərək bu kimi xoşagəlməz hallardan çəkinsinlər. Bu xalq canını torpaq üçün qurban verib. O adi topaq şəhid və qazilərin qanıyla sulanandan sonra Vətənə dönüb. Məmurlar isə o Vətəndə yüksək mənsəb tutur, yüksək əməkhaqqı alır, yüksək dolanışıqları var, özləri üçün şəraitlər yaradırlar. Onların hər qazandığı pulda, yaşadıqları villalarda şəhidlərin, qazilərin, müharibə iştirakçılarının payı var. Bunu yaddan çıxarmasınlar. Özlərini xalqa, dövlətə borclu hesab etsinlər. Çünki əks halda, onların xoşagəlməz addımları inanın ki, cəzasız qalmayacaq”, – deyə Kərimli fikrini yekunlaşdırıb.
Mərahim Nəsib,
KONKRET.az