Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin “taksilərdə qiymətlər qalxacaq” açıqlaması cəmiyyət və xüsusən də taksi sürücüləri tərəfindən maraqla qarşılanıb. Taksi sürücüləri bu xəbərə sevinsələr də, sadə insanlar ictimai xidmətin fəaliyyətindən bir o qədər də razı görünmədiklərindən öncə keyfiyyətin və təhlükəsizliyin yüksəldilməsini labüd saydıqlarını dilə gətiriblər. Ümumiyyətlə, taksilərlə bağlı bir sıra dəyişikliklər nəzərdə tutulur. Bəs görəsən, qiymətlərin artırılması normaldırmı? Dəyişikliklər bu sahənin inkişafına necə təsir göstərə bilər?
Mövzunu KONKRET.az-a şərh edən nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, Azərbaycanda taksi qiymətləri heç də ucuz deyil: “Taksi qiymətlərini formalaşdıran müxtəlif amillər mövcuddur. Biz bu əmsalları hesablayarkən taksi xidmətinin heç də ucuz olmadığını görə bilərik. Taksi qiyməti dəyişən tarifdir və Nazirlər Kabinetinin tövsiyəsinə əsasən formalaşır. Taksi qiyməti birbaşa ictimai nəqliyyatın, yəni avtobus seqmentinin qiyməti ilə mütənasib olur və ölkələrin, şəhərlərin iqtisadi vəziyyətinə uyğun şəkildə dəyişir. Taksi sahəsində cəmiyyəti narahat edən və problemə çevrilən iki əsas məsələ mövcuddur. Birincisi keyfiyyətin yüksəldilməsi, ikincisi isə təhlükəsizliyin təmin edilməsidir. Digər məsələlər cəmiyyət üçün maraqlı deyil. Yəni dövlətin vahid taksi sistemi tətbiq etməsi, taksiləri nəzarətə götürməsi, taksometr quraşdırması cəmiyyəti maraqlandırmır. Odur ki, dövlət qeyd etdiyimiz iki istiqamət üzərində iş aparıb taksi sahəsində qayda-qanun yarada bilər”.
Ekspertin sözlərinə görə, hər kəsin taksi sürə bilməsi arqumenti doğru deyil: “Mən də bunun əleyhinəyəm. Hər kəs taksi sürə bilməz. Nazirlər Kabinetinin və dövlətin qanunlarına riayət edilməlidir. Yaşı 21-dən az olan vətəndaşlar bilməlidirlər ki, taksi sürmək onlara qadağandır. Həmçinin sürücülük təcrübəsi iki ildən az olanların taksi fəaliyyəti ilə məşğul olması da yasaqdır. Taksi fəaliyyətində istismar olunan avtomobilin üzərində mütləq qaydada sarı rəngli taksi fənəri olmalıdır. Bu 3 sadə prinsipə əməl etməyi həm taksi şirkətlərinə məsləhət görürük, həm də vətəndaşlarımıza tövsiyə edirik. Çünki kölgədən çıxmağın və taksi fəaliyyətini leqallaşdırmağın vaxtı çatıb. Dövlətə rüsum və vergi ödəməli, yaxın gələcəkdə taksilərə tətbiq edilən güzəştlərdən faydalanmalıdırlar”.
Müşviq Tofiqoğlu,
KONKRET.az