“Tamstore” supermarketlər şəbəkəsi yenidən istehlakçı narazılığı ilə gündəmə gəlib.
KONKRET.az xəbər verir ki, bu barədə jurnalist Sevinc Paşayeva sosial şəbəkələrdə məlumat paylaşıb.
Məlumata görə, marketlərdə satışa çıxarılan bəzi yoqurt məhsulları, xüsusilə də “Нежный” brendinə məxsus olanlar istifadəyə yararsız, kiflənmiş halda müştərilərə təqdim edilir. Daha narahatedici məqam isə bu məhsulların endirimli qiymətlərlə satışa çıxarılmasıdır.
Jurnalist bildirir ki, marketin son dövrlərdə sürətlə genişlənən şəbəkəsi fonunda xidmət səviyyəsi çox aşağıdır. Sevinc Paşayeva hətta bir neçə gün əvvəl Tamstore-un Sumqayıtda fəaliyyət göstərən filialından aldığı 6.42 manatlıq şokoladın kassada 18.88 manatlıq məhsulun barkodu ilə vurulduğunu deyir. Məsələ ilə bağlı baş kassirlə uzun mübahisədən sonra zərərin güclə geri ödənilməsinə nail olduğunu bildirir.
Jurnalist bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mövqeyini gözlədiyini, satış zəncirində harada səhlənkarlığa yol verildiyinin araşdırılmasını tələb edir. Onun fikrincə, “qida zənciri”nin hansı mərhələsində problem yarandığı və məsul şəxslərin kim olduğu aydınlaşdırılmalıdır.
Qeyd edək ki, problemli yoqurt məhsulları Rusiya istehsalı olan “Нежный” brendinə məxsusdur və Azərbaycana “Aqro-Vest DC” MMC tərəfindən idxal olunur. İstehlakçı bu şirkətin də fəaliyyəti ilə bağlı müvafiq qurumlar tərəfindən təftiş aparılmasını vacib hesab edir.
Məsələ ilə bağlı marketlər şəbəkəsinin mətbuat xidmətinə sorğu ünvanladıq və ardınca zəng etdik. Amma nə mesajımıza, nə də zəngimizə cavab verən oldu.
P.S Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Aynurə İsmayıl
KONKRET.az