Cənubi Qafqazda cərəyan edən siyasi proseslər dünya mətbuatının gündəmindədir və ekspertlər regionda baş verən hadisələri müxtəlif konteksdən şərh edirlər. Dünyadakı erməni diasporunun təsiri altında olan politoloqlar və diplomatların Azərbaycanla bağlı qərəzli mövqelərinə isə daha çox rast gəlirik. Amma həqiqəti yazan, reallığı düzgün qiymətləndirən siyasi ekspertlər də var. Ukraynanın “Eurasia Review” saytında dərc edilən, reallığı əks etdirən bir məqalə diqqətimizi cəlb etdi. Həmin yazının müəllifi Kiyev-Mohyla Akademiyasının professoru Taras Kuziodur.
KONKRET.az həmin məqaləni olduğu kimi təqdim edir.
“Azərbaycanın Qarabağda əməliyyata başlamasına səbəb səbr kasasının dolmasıydı. Buna Qərb mediasının iddia etdiyi kimi “soyqırım və ya etnik təmizləmə” adı vermək ədalətsizlikdir.
Rəsmi Bakının hərbi əməliyyatlara başlamasına səbəb İrəvanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması və sülh müqaviləsinin 3 il gecikdirməsi idi. Burada Rusiya-Ukrayna müharibəsi də önəmli rol oynadı. Qarabağdakı ermənilərə Azərbaycan vətəndaşlığını qəbul etmək təklif edildi.
Eyni təklif SSRİ-nin dağılmasından sonra 1992-ci ilin yanvarında sovet respublikalarının milyonlarla sakininə də edilib. Ruslar, yəhudilər, polyaklar və digər milli azlıqlar Ukraynada qalıb, qalanları isə digər keçmiş Sovet respublikalarına köçüb və ya İsrail və Polşaya mühacirət ediblər. Qərb mətbuatının xəbərlərinin əksinə olaraq, BMT erməni azlıqları arasında insan haqlarının pozulması ilə bağlı bir dənə də olsun fakt qeydə almayıb. Azərbaycanın hərbi əməliyyatı 1990-cı illərin əvvəllərində baş verən hadisələrdən çox fərqlənir.
Birinci mərhələ 2020-ci ildə Azərbaycan İkinci Qarabağ Müharibəsində düşməni məğlub etməklə başa çatıb. Separatçı “DQR”in ləğvi ilə Azərbaycan ərazisinin azad edilməsi prosesi ikinci mərhələyə aiddir. İndi Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması prosesi yaxın vaxtlarda baş verə bilər. Müqavilə Cənubi Qafqazda sülhü, təhlükəsizliyi və iqtisadi rifahı təmin edəcək. Ancaq nəzərə alınmalı dörd amil var.
- Birinci amil. ATƏT-in Minsk Qrupu münaqişəni həll edə bilmədiyi üçün xarici qüvvələr onu dirçəltməyə çalışmamalıdır. Minsk Qrupunun üzvləri sülh prosesinə əhəmiyyət verməmiş, Ermənistanın 1990-cı illərin əvvəllərində törətdiyi hərbi cinayətləri və Azərbaycan ərazisinin iyirmi faizinin işğalını kifayət qədər pisləməmişdir.
- İkinci amil. Fransa sülh müqaviləsi danışıqlarında iştirak edə bilməz. Böyük erməni lobbisinin mövcudluğunu nəzərə alaraq, Paris ərazi bütövlüyünü bərpa etmək istəyinə görə həmişə Bakıya qərəzli münasibət nümayiş etdirib və nümayiş etdirməkdə davam edir.
- Üçüncü amil. Kreml son üç onillikdə Moldova, Gürcüstan və Azərbaycanda münaqişələri dondurmağa və sülh danışıqları aparmaqdansa, Rusiyanın hərbi mövcudluğunu saxlamağa üstünlük verib
- Dördüncü amil. Prezident Barak Obamanın dövründə ATƏT-in Minsk Qrupuna məhəl qoymayan Birləşmiş Ştatlar strateji danışıqlarda tərəfdaş olardı. Lakin 1990-cı illərdən bəri Amerika administrasiyaları erməni lobbisinə xüsusi hörmət bəsləyib. Fransada olduğu kimi, ABŞ da bunun ikili standart olduğunu başa düşmür. Çünki Vaşinqton Ukraynaya ən böyük hərbi yardım tədarükçüsüdür. Ukrayna da ərazi bütövlüyünü bərpa etmək üçün mübarizə aparır.
ATƏT-in Minsk Qrupu, Rusiya, Fransa və ABŞ-ın qərəzsiz və ciddi danışıqlar tərəfdaşları kimi çıxış edə bilmədiyi bir şəraitdə, münaqişədən sonra yeganə etibarlı vasitəçi Avropa İttifaqıdır. Aİ Cənubi Qafqaza maraq göstərməyə kifayət qədər gec – Rusiyanın 2022-ci ilin fevralında Ukraynanı işğal etməsindən sonra başlayıb.
Son iki ildə Aİ Ermənistan və Azərbaycanı yaxınlaşdırmağa çalışır. Baş nazir Nikol Paşinyan “Qarabağ klanı”nın rəhbərlik etdiyi erməni millətçilərinə müqavimət göstərəcək qədər güclü deyildi. Ermənistandakı rusiyapərəst qüvvələr Qarabağdakı erməni separatçılara dəstək verib, onları hərbi texnika ilə təhciz edib.
İndi “Qarabağ klanı” zəifləyib, Qarabağ separatçı strukturları ləğv edilib, onların rəhbərləri Azərbaycanda həbsdədir. 30 ildən artıq davam edən münaqişəyə son qoyulması Cənubi Qafqaza faydalar gətirəcək. Bu, xüsusilə Rusiyadan iqtisadi asılılığı azaltmaq, regional enerji layihələrində iştirak etmək, Türkiyə ilə münasibətləri normallaşdırmaq, müdafiə və təhlükəsizlik xərclərini azaltmaq üçün Ermənistana aiddir. Regionda sabitliyi hiss edən Rusiyada yaşayan bir çox ermənilər öz vətənlərinə qayıda biləcəklər.
Son üç ildə Azərbaycan sülh müqaviləsinə nail olmağa çalışsa da, Qarabağ məsələsi və Paşinyanın zəifliyi irəliləyişə mane oldu. Bu məsələnin həlli Cənubi Qafqazda davamlı sülhə yol açacaq ki, bu da hamının, xüsusən də Ermənistanın xeyrinə olacaq”, – deyə Taras Kuzio yazıb.
Vəli Həsənov,
KONKRET.az