Son vaxtlar sosial şəbəkələrdə iş elanları ilə yanaşı fərqli paylaşımlara da rast gəlinir. Nə qədər qəribə səslənsə də, bu elanlar tələbə və doktorantlar üçün elmi iş yazmaq təkliflərindən ibarətdir. Hətta işbazlar qeyd edirlər ki, plagiatsız və süni intellektsiz orjinal yazılar hazırlayırlar. Eyni zamanda bazarlıq edirlər və qiymətlərdə endirimlər də nəzərdə tuturlar. Bəs görəsən bunun qarşısını almaq üçün nə etmək lazımdır? Belə saxtakarlıqlar təhsilimizi hara aparır?
KONKRET.az-ın suallarını cavablandıran siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev bildirib ki, belə hallar Azərbaycan elmini uçuruma aparır:
“Azərbaycanda qeyri adi sistem formasında elanlar paylaşılır. Bura müraciət edən insanların da sayı kifayət qədərdir. Hətta bunu anonim saxlamağa qarantiya da verirlər. Guya bundan heç kəs xəbər tutmayacaq. Məsələni araşdıranlar bunu müəyyən etməkdə çətinlik çəkirlər. Səbəb nədir? Birincisi, indi elə sistem çıxıb ki, antiplagiat proqramını keçib. Cümlələrin, sözlərin yerini dəyişməklə istəklərinə nail olurlar. Həmin işlər də müzakirlərə gedi. Bəzən elə olur ki, insanlar kiminsə qəlbinə dəyməmək və ya xahişini yerə salmamaq üçün həmin adama güzəşt etməyə başlayırlar. Həmin şəxs mərhələləri keçir və birtəhər elm adamı olur. Bu, düzgün deyil. Profesional alimlər və işi bilən insanlar elmi işə baxanda bilir ki, bu, kimin dəsti-xəttidir.
Elmi işlərin müzakirəsində görmüşəm ki, Latviyada, Litvada, Estoniyada və yaxud başqa ölkədə müdafiə olunan yazıları arxivdən götürüb, onlayın formada olmayan elmi işləri gətirib tərcümə ediblər. Bu, elmin müxtəlif sahələrinə aiddir. Xaricdə 1980-90-cı illərdə arxivlərdə qalan dissertasiyalar tərcümə olunur və öz beyninin məhsulu kimi təqdim edilir. Açığı indi bunun qarşısını almaq mümkün deyil. Bunun üçün ölkənin özünün indeksləşdirmə bazası olmalıdır. Yəni hər bir yazılan iş elektron indeskləşdirmə sistemində özünü göstərməlidir ki, dərhal üzə çıxsın. Baza yaradılmalıdır və müdafiə olunan elmi işlər həmin bazaya yerləşdirilməlidir. Daha sonra bu işlə məşğul olan institutlara, müdafiə şuralarına tapşırıq verilməlidir ki, işin yoxlanılması zamanı təkcə plagiat formasında yox, işi bilən insanlara müraciət olunsun. Müzakirələr vaxtı mütəxəssislər dəvət olunmalıdır. Təkcə həmin mərkəzin elmi işçiləri orada təmsil olunmamalıdır”.
Vəli Həsənoğlu,
KONKRET.az