“Ərdoğan avropalıların qorxularından istifadə edərək əsl tarixi fürsətdən yararlanmağa tələsir. Bu, gözlənilən idi. Düzünü desəm, Türkiyəsiz Avropanın təhlükəsizliyini təsəvvür etmək mümkün deyil. Türkiyə Avropanın ayrılmaz hissəsi olduğu üçün Aİ-yə üzvlük prosesinə strateji prioritet kimi baxır. BMT Təhlükəsizlik Şurasında veto hüququna malik bir İslam ölkəsinin olması müzakirə edilə bilməz. Gördüyümüz kimi, Ərdoğan iki mühüm problemi bir anda həll etməyə şalışır”.
KONKRET.az xəbər verir ki, bu fikirlər erməni analitik Qalust Qriqoryanın məqaləsində yer alıb.
“Bildiyiniz kimi, Türkiyə 1949-cu ildən Avropa Şurasının qurucularından biridir. Üstəlik, 1963-cü il sentyabrın 12-də AET ilə Türkiyə arasında imzalanmış Assosiasiya Sazişi sayəsində bu ölkə 1964-cü ildən Avropa İttifaqının və onun sələflərinin “assosiativ üzvü”dür. Türkiyə 1987-ci il aprelin 14-də rəsmi olaraq üzvlük üçün müraciət edib, lakin 1999-cu il Helsinki Sammitində namizəd statusunun əldə edilməsi 12 il çəkib. 17 dekabr 2004-cü ildə Brüssel sammitindən sonra (2004-cü ilin əsas genişlənməsindən sonra) Avropa Şurası Türkiyənin üzvlük danışıqlarının rəsmi başlanğıc tarixi olaraq 3 oktyabr 2005-ci il tarixini elan edib. Qanunvericiliyə yenidən baxılması prosesi 20 oktyabr 2005-ci ildə başlayıb və 18 oktyabr 2006-cı ildə başa çatıb. Amma Türkiyənin hələ də Aİ-yə tamhüquqlu üzvlüyü yoxdur.
Amma Ərdoğan avropalıların qorxularından yararlanaraq, əsl tarixi fürsətdən istifadə etməyə tələsir. Onlara ordusunun gücünü xatırladır. Vəziyyətin belə inkişafı üçün fürsət yaradan Donald Tramp administrasiyası olub. Hamı görür ki, ABŞ Rusiya ilə flört edir. Hər kəs Pentaqonun maliyyəsinin əhəmiyyətli dərəcədə azaldılması və hətta ABŞ-ın NATO-dan çıxması ehtimalı barədə danışır. Türkiyə bütün bunların üzərindən plan qurur və mövcud situasiyadan yararlanmağa çalışır. O, təkcə Aİ üzvlüyündə deyil, həm də BMT Təhlükəsizlik Şurasında təmsil olunmaq istəyir. Ukraynanın Türkiyənin bütün bu istəklərinin təmin edilməsinə tərəfdar olacağı aydındır. Və bu baş verərsə, Türkiyə-Azərbaycan tandeminə birbaşa yol açılacaq”, – Qriqoryan vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az