Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli formatda görüşü keçirilir.
KONKRET.AZ APA-ya istinadla xəbər verir ki, sayca 8-ci olan builki görüşdə üçtərəfli əməkdaşlıq formatında əldə edilən nailiyyətlər və 2020-2022-ci illər üçün fəaliyyət planı müzakirə ediləcək.
Görüşdə əsas diqqətin üç ölkə arasında nəqliyyat və energetika sahələrində əməkdaşlıq əlaqələrinə ayrılacaq.
Üçtərəfli görüş çərçivəsində xarici işlər nazirlərinin ortaq bəyanatı da imzalanacaq.
Görüşdən sonra Azərbaycan və Türkiyə XİN başçılarının Gürcüstanın Baş Naziri Giorgi Qaxaria ilə görüşü planlaşdırılıb. Səfər çərçivəsində Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun Gürcüstan parlamentinin sədri Arçil Talakvadze ilə də görüşü də planlaşdırılıb.
Qeyd edək ki, XİN başçılarının cari ilin oktyabr ayının 16-da keçirilməsi planlaşdırılan üçtərəfli görüşü Türkiyənin Suriyanın şimalında “Barış bulağı” əməliyyatına başlaması ilə əlaqədar olaraq Ankaranın müraciəti əsasında təxirə salınıb.
XİN başçıları arasında bundan əvvəlki, sayca 7-ci üçtərəfli görüş isə 2018-ci ilin 29 oktyabrında İstanbulda keçirilib. Üçtərəfli formatda ilk görüş 2012-ci ildə Türkiyənin Trabzon şəhərində baş tutub.