Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müddətli həqiqi hərbi xidmətə çağrılan vətəndaşlar Hərbi Həkim Komissiyalarının həkim-mütəxəssisləri tərəfindən tibbi müayinələrə cəlb olunurlar.
KONKRET.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
“Bu məqsədlə çağırışçılar təyin olunmuş tibb müəssisələrinə şəxsiyyət vəsiqəsi ilə yaxınlaşaraq qeydiyyatçıya özlərini təqdim etməlidirlər. Tibb müəssisəsinin qeydiyyatçısı tərəfindən çağırışçının adı e-təbib Xəstəxana İdarəetmə Sisteminin Hərbi çağırışçı modulunda müəyyən olunduqdan sonra tibbi müayinələrin aparılmasına başlanılır. Məlumat üçün bildiririk ki, bu tibbi müayinələr müvafiq qanunvericiliyə uyğun olaraq TƏBİB-in tabeliyində olan və digər dövlət tibb müəssisələri tərəfindən icbari tibbi sığorta hesabına ödənişsiz təmin olunur.
Bu tibbi müayinələrə elektrokardioqrafiya, flüoroqrafiya, qarın nayihəsinin, böyrəklərin və qalxanabənzər vəzin ultrasəs müayinəsi, qanın ümumi analizi, sidik analizi, Hepatit B, Hepatit C, sifilis və QİÇS xəstəliklərinə görə analizlər, eləcə də narkoloji müayinələr daxildir.
Müayinə nəticələri hərbi çağırışçı moduluna daxil edildikdən sonra çağırışçılar həkim-mütəxəssislərin baxışından keçirilir, ehtiyac yarandığı halda ixtisaslı müayinələrin aparılması təmin olunur və yekun rəy elektron qaydada imzalanır”, – məlumatda bildirilib.