“2026-cı ildə minimum pensiya məbləğinin artırılmaması 2027-ci ildə artımın olmayacağı anlamına gəlmir”
Bu fikirləri Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc KONKRET.az-a açıqlamasında səsləndirib.
“Minimum pensiya və müavinətlərin artırılması orta aylıq əməkhaqqının artım tempinə əsasən həyata keçirilir. Belə ki, 2024-cü ildə minimum pensiya 280 manat olub, 2025-ci il fevralın 1-dən isə bu məbləğ 320 manata yüksəlib”.
Vüqar Oruc qeyd edib ki, 2024–2025-ci illər üzrə orta əməkhaqqı artımı təxminən 9,2 faizdir.
“Qanunvericiliyə əsasən, bu faiz dərəcəsi ilə pensiyalar indeksləşdirilməlidir. Hesablamalara görə, 320 manatın üzərinə təqribən 30 manat əlavə olunaraq minimum pensiyanın 350 manata çatdırılması ehtimalı var. Eyni zamanda, orta pensiya məbləğinin də 530 manatdan 590 manata qədər yüksəlməsi gözlənilir. Bu artımlar indeksləşdirmə mexanizmi çərçivəsində avtomatik şəkildə bütün növ pensiya və müavinətlərə şamil olunur”.
V.Oruc əlavə edib ki, pensiya artımı yaşayış minimumuna uyğun şəkildə tənzimlənir.
“Belə ki, yaşayış minimumu 2023-cü ildə 195 manat, 2024-cü ildə 210 manat, 2025-ci ildə isə 235 manat müəyyən edilib. Bu artım ardıcıllığına uyğun olaraq pensiyaların minimum həddi də yüksəlməlidir”.
Vüqar Orucun sözlərinə görə, 2026-cı ildə artımın hələlik baş verməməsi ilin sonuna qədər və ya yaxın aylarda indeksləşdirmənin həyata keçirilməyəcəyi anlamına gəlmir. Artım faizi artıq müəyyənləşib və qanuna uyğun olaraq 9,2 faiz həcmində artımın tətbiqi mümkündür.
Aynurə İsmayıl
KONKRET.az

