TƏCİLİ: Rusiya sülhməramlılarının Qarabağdan çıxış planı üzrə yol xəritəsi hazırlanır – AÇIQLAMAbackend

TƏCİLİ: Rusiya sülhməramlılarının Qarabağdan çıxış planı üzrə yol xəritəsi hazırlanır - AÇIQLAMA

Bişkekdə MDB dövlət başçılarının sammitində iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev dünən Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. Görüşün mətbuat üçün açıq olan hissəsində Rusiya prezidentinin əhval-ruhiyyəsinin yerində olmadığı hiss olunurdu. Qaş-qabağı yerlə gedən Putinin jestləri əslində onun sözlü adama oxşadığını göstərirdi. Bir sözlə, bədən dili Rusiya prezidentinin həmişəki durumda olmadığını nümayiş etdirirdi. Mütəxəssislər hesab edir ki, bu, İlham Əliyevlə təkbətək görüşdə müzakirə olunan məsələylə bağlıdır. Qapalı görüşdə hansı məsələlərin müzakirə edildiyi açıqlanmayıb. Amma ehtimal olunur ki, liderlər daha ciddi detalları saf-çürük ediblər. Çox güman ki, müzakirə edilən əsas məsələ Qarabağla bağlıdır.

Mövzunu KONKRET. az-a şərh edən politoloq Orxan Amaşov bildirib ki, Qarabağ məsələsi çoxdan yekunlaşıb, Vladimir Putin də bunu dəfələrlə etiraf edib:

“Rusiya-Azərbaycan münasibətləri kontekstində Qarabağ komponentindən geri qalan əsas məsələ Rusiya sülhməramlıları ilə bağlıdır. Rusiya sülhməramlıları ilkin mərhələdə öz saylarını azaltmalı, sonra bölgədən tamamilə çıxmalıdırlar. Ola bilsin ki, saylarını azaltmadan müəyyən tarixdə birbaşa çıxsınlar. Amma zənn edirəm ki, bu, mərhələli şəkildə olacaq. Bu günlərdə Şuşada və Laçında olan zaman postlarına diqqət yetirdim. Onların saylarında azalma müşahidə olunur. Ola bilər ki, bazalarına yığışıblar, amma gözə görünən saylarında azalma var. Məndə belə bir təsəvvür yaranıb ki, Rusiya sülhməramlıları artıq Qarabağdan çıxış planı üzrə yol xəritəsi tərtib etmək istəyirlər və onun əsasında da regiondan çıxmağı planlaşdırırlar. Ümumiyyətlə, sülhməramlılarla bağlı məsələ Azərbaycan və Rusiya arasında olan məsələdir. Azərbaycan qəbul edən, Rusiya isə sülhməramlıları göndərən dövlətdir. Burada Ermənistanın heç bir rolu yoxdur. Baxmayaraq ki, üçtərəfli bəyanatda sülhməramlılarla bağlı müddəa öz əksini tapıb və Ermənistan da onu imzalayıb. Müharibə Azərbaycan və Ermənistan arasındaydı. İndiki mərhələdə Azərbaycanın gözündə bu məsələ üç il əvvəl həllini tapıb. Onun da məntiqi əsası var, çünki Qarabağın statusu artıq 10 noyabrdan sonra müzakirə olunmur. Ola bilər ki, Rusiya Azərbaycanın bu məsələdə artıq son nöqtə qoymasının müəyyən tərəflərini həzm edə bilmir. Bu, bir az ehtimaldır. Amma mən hesab edirəm ki, Moskva Azərbaycandan narazı deyil. Rusiya həmişə yerini dəyişən vəziyyətdə adekvat reaksiya verməyə məcbur olub. Rusiya istəmirdi ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalansın. Amma yerdə vəziyyət dəyişəndən sonra onlar da adekvat reaksiya verməyə başladılar. Çünki belə olmasa Azərbaycanda da öz nüfuzlarını itirə bilərlər. Narazılıq da bununla bağlı ola bilər”.

Vəli Həsənov,

KONKRET.az

  • Султан
    Oktyabr 15, 2023 - 14:14

    Bu məqamda rusların Azərbaycanı tərk etməsi bizə sərf etmir. Hələ ki ruslar oradadır, başqa beynəlxalq gücləri ora gətirə bilməyəcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*