İranın paytaxtı Tehranda İsrailin xeyrinə casusluq fəaliyyəti göstərdiyi iddia olunan genişmiqyaslı agentura şəbəkəsi ifşa edilib. Yerli hüquq-mühafizə orqanlarının keçirdiyi xüsusi əməliyyat nəticəsində 28 nəfərdən ibarət şəbəkə üzvləri saxlanılıb. Saxlanılan şəxslərin ölkə daxilində müxtəlif strateji və həssas məlumatları toplamaqla İsrail xüsusi xidmət orqanlarına ötürməkdə şübhəli bilindikləri qeyd olunur.
KONKRET.az xəbər verir ki, əməliyyatın təfərrüatları barədə hələlik rəsmi qurumlar geniş açıqlama verməsə də, Tehran Times nəşri saxlanılanların aidiyyəti qurumlara təhvil verildiyini və onların barəsində araşdırmaların davam etdiyini bildirib. Məlumatda o da qeyd edilir ki, bu şəxslər İranın milli təhlükəsizliyinə qarşı fəaliyyət göstərməkdə ittiham olunurlar.
İran rəsmiləri bu cür əməliyyatların ölkənin daxili sabitliyini pozmağa yönəlmiş xarici planların qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayırlar. Rəsmi dairələr hələlik saxlanılanların adları və konkret fəaliyyət sahələri barədə məlumat verməyib, lakin istintaqın davam etdiyi və yaxın günlərdə əlavə detalların ictimaiyyətə açıqlanacağı bildirilir.
Bu cür casus şəbəkələrinin aşkarlanması İran və İsrail arasında onsuz da gərgin olan münasibətlər fonunda regionda kəşfiyyat müharibəsinin daha da dərinləşdiyini göstərir.
Natiq Səlim,
KONKRET.az