“Bölgə teatrlarında çalışan istedadlı gənclərin əksəriyyəti təhsilsiz həvəskar aktyorlardan ibarətdir. Təhsilli aktyorlar rayon teatrlarına getmir. Çünki maaş azdır, yaşayıb-çalışmaq üçün şərait yoxdur”.
Bu fikirləri KONKRET.az-a Azərbaycan teatrının mövcud durumu ilə bağlı düşəncələrini bölüşən Xalq artisti, Mingəçevir Dövlət Dram Teatrının quruluşçu rejissoru Valeh Kərimov söyləyib.
Ünlü sənətkarla geniş müsahibəni təqdim edirik.
– Valeh müəllim, əvvəllər də Mingəçevir Dövlət Dram Teatrının yaradıcı kollektivi ilə çalışmaq fürsətiniz olub. Xüsusi dəvət əsasında burada fəaliyyətə başlamısınız. Bu ilin əvvəllərindən etibarən isə teatrın quruluşçu rejissoru vəzifəsinə təyin olunmusunuz. Bu müddət ərzində Mingəçevir teatrının hansı özəlliklərini müşahidə edə bilmisiniz?
– Yerli tamaşaçılar burada quruluş verdiyim iki əsərin – “Varlı qadın” və “Tamahkar” tamaşalarının uğurlu premyeralarının şahidi və iştirakçısı olublar. Birinci tamaşada hətta aktyor kimi də oynamışam.
Burada qısa müddət ərzində diqqətimi çəkən əsas məqamlardan biri teatrda gənc, istedadlı kişi aktyorların olmasıdır. Hər biri boylu-buxunlu, yaraşıqlı, çalışqan olduğu qədər də arzuolunan səs və davranış tərzləri ilə seçilir. Açığı, bu kimi müsbət keyfiyyətlərə malik aktyorları paytaxt teatrlarında tapmaq çox çətindir. Sadəcə bir az təcrübəsizdirlər. Məsələn, normal halda bir tamaşanı iki ay ərzində ərsəyə gətirmək olursa, istedadlarına rəğmən təcrübəsi az olan aktyorlarla hazırlıq müddəti üç-dörd ay uzanır.
– Bəs təcrübələrini qısa müddətdə artırmalarına nə mane olur?
– Təcrübəsizlik ondan qaynaqlanır ki, bu gənclərin əksəriyyəti ali təhsil almadan birbaşa orta məktəbdən teatra ayaq basıb. Əslində onları qınamağa dəyməz. Yəqin ali təhsil almaları üçün imkanları olmayıb. Bütün bunlara rəğmən öyrənməyə, üzərilərinə düşən vəzifəni uğurla icra etməyə çox həvəslidirlər.
Baş rejissor Vüsal Mehrəliyevi hər kəs yaxşı tanıyır. Vaxtilə Gənc Tamaşaçılar Teatrında işləmiş istedadlı aktyordur. Sonradan Rusiyada rejissorluq üzrə ali təhsil alıb geri döndü. Deyə bilərəm ki, burada onunla sevə-sevə çalışır hər kəs. Çünki ən müasir tərzdə işləməyə meylli rejissor və belə demək mümkünsə, öyrətməyə, təhsilləndirməyə üstünlük verən şəxsdir.
– Bəs yerli sakinlərin teatra, tamaşalara münasibəti necədir?
– Açığı, tamaşalarda çox sadə, ürəkaçan tamaşaçılar görürəm.Tamaşanı yarıda qoyub getmirlər, maraqla baxırlar, səhnəyə bağlanırlar. Sadəcə olaraq bütün teatrlarda olduğu kimi, burada da hiss olunur ki, tamaşaçılarla əlaqələr müəyyən mənada qırılıb. Əslində bütün bölgələrdə belədir, təkcə Mingəçevirdə deyil. Etiraf etmək lazımdır ki, Mingəçevir teatrının zəngin ənənələri var. Vaxtilə çoxlu tamaşaçıları, çox gözəl aktyorları, aktrisaları, maraqlı tamaşaları olub.Yəni onların heç biri yaddan çıxmayıb.
– Sizə elə gəlmirmi ki, teatra olan ənənəvi maraq bu gün şoularla əvəzlənib? Xüsusilə də gənclər arasında…
– İlk növbədə onu deyim ki, zövqləri korşaldan bayağı televiziya verilişləridir. Sanki onların nəzərində hər şey gülməkdən, qalmaqaldan və şoudan ibarət olmalıdır. Əslində isə Otello da oynanılmalıdır, Kral Lir də, Cavanşir də, Babək də. Eyni zamanda, komediyalar da hazırlanmalıdır. Açığı, indi zövqlər bir qədər yüngülləşib, insanların səbri azalıb. Müasir tamaşaçıların uzun tamaşalara baxmağa səbri çatmır. İnsan təbiəti də elədir ki, həmişə gülüb-güldürmək istəyir. Amma anlamalıdırlar ki, sənət başqa şeydir axı.
– Sizcə, Azərbaycan teatrının, xüsusilə də bölgə teatrlarının hansı diqqətçəkən çətinlikləri var?
– Bu gün aktyorların qayğıları çoxdur. Az öncə vurğuladığım kimi, hazırda bölgə teatrlarında ali təhsili olmayan gənc həvəskar aktyorlar çalışır. Sual edə bilərsiniz, bəs təhsilli aktyorlar nə üçün bölgələrdə azlıq təşkil edir? Ona görə ki, Bakıda, Sumqayıtda və başqa rayonlarda olan təhsilli aktyorlara başqa şəhər və rayonlara gedib çalışmaq sərf eləmir. Çünki maaş azdır, orada yaşayıb normal çalışmaq üçün şərait yoxdur. Hansı istəklə rayona gedib təkcə kirayəsinə az maaşının 300-400 manatını xərcləməlidir? Aldığı maaş xərclərinə yetmir axı.
Hesab edirəm ki, təhsilli aktyorların bölgələrə axınını təmin etmək üçün dövlət tərəfindən ilk növbədə hər rayon teatrına ən az 4-5 mənzil ayrılmalıdır. Bölgə teatrına üz tutan təhsilli aktyorlar ən azından kirayədə deyil, öncədən müəyyən olunmuş kommunal mənzillərdə yaşayıb çalışmalıdır. Bu, çox vacib məsələdir.
Fikrimcə, teatrın dirçəlişini təmin etmək üçün ciddi addımlar atılmalıdır. Azərbaycan teatrının inkişafına cavabdeh olan nazirliyimiz, yeni rəhbərlik bölgə teatrlarını dolaşıb, yaradıcı insanları dinləməli, problemlərinin həllinə köməklik göstərməlidir. Mən hələ ki, onları bölgə teatrlarımızda görmürəm. Bəlkə paytaxt teatrlarına dəyiblər, bilmirəm. Bütün rayon teatrları dövlətindir. Nazirliyin borcudur gəlib onları dinləsin. Görsünlər ki, yerlərdə tələb və tələbatlar nədən ibarətdir.
– Valeh müəllim, sənətdə çəkisi olan aktyorlardansınız. Adınız heç vaxt qalmaqallarda hallanmayıb. Hətta bəzi aktyorlardan fərqli olaraq ucuz şou proqramlarda da iştirak etmirsiniz. Dəvət etmirlər, yoxsa?
– Məni o cür şoularda indiyədək görməmisiniz və görə də bilməzsiniz. Başımı aşağı salıb sənətimlə məşğul oluram. Çalışıram gənc aktyorlara yardımçı olub, onların yaradıcı karyerasına təkan verim, uğurlu bir tamaşa səhnələşdirim. Bu, mənim sevincim, ömrümün ən gözəl anları deməkdir. Niyə gedib başımı boş-boş şeylərlə qatmalıyam ki?.. İnsan var ki, qalmaqala həvəslidir. Onu tərbiyə etmək mümkün deyil. Həyatda da belədir. Çayxanada oturan iki nəfər mübahisə edir. Dediyim xislətə sahib biriləri qıraqdan bir söz atır, gedib səbəbsiz yerə başını o söhbətə soxur. Bu heç normal hal deyil. Məncə, hərə öz işi ilə məşğul olsa yaxşıdır. Başqa işlərə müdaxilə və qalmaqal məsələsinə yaxşı baxmıram.
– Çoxları elə hesab edir ki, Moşu obrazı ilə Valeh Kərimov fəth edə biləcəyi ən böyük zirvəni qazandı. Doğrudanmı belədir? Niyə davamı gəlmədi?
– Etiraf edim ki, Moşudan sonra elə bir ciddi təklif almadım. Səbəbini bilmirəm, kino çəkənlərdən, rejissorlardan soruşun niyəsini. Olsaydı, təbii ki, çəkilməyə razılıq verərdim. Amma son zamanlar elə bir ciddi film də çəkilməyib axı. Düzdür, mən teatr adamıyam və teatra kinodan daha çox önəm verən birirəm. Buna rəğmən təklif olsaydı, imtina etməzdim.
Elə bu yaxınlarda bir seriala dəvət almışam. Şəkidə çəkilməsi nəzərdə tutulur. Bir müddət sonra filmlə bağlı Şəkiyə gedəcəm.
– Mingəçevir teatrı ilə uzunmüddətli əməkdaşlıq təklif olunarsa, dəyərləndirərdinizmi?
– Bəli. Mingəçevir hər mənada xoşuma gəlir. Camaatı da eynilə. Küçədə hamı məni tanıyır, diqqət göstərir, sorğu-sual edir, həmsöhbət olur, nə bilim, şəkil çəkdirir. İnsanların şəxsimə diqqəti böyükdür burada. Məni tanıdıqlarını, sevdiklərini göstərirlər, çox sağ olsunlar. Bununla belə, məsəl var, deyirlər, bir adam bir yerdə çox qalanda paslanır. Gölməçələrdə qalanda saf su belə iylənir. Ona görə fürsət düşən kimi Bakıya qaçıram, havamı, yerimi dəyişirəm və yeni enerji, həvəslə geri dönürəm.
Müsahibəni hazırladı:
Ehtiram Muradov,
KONKRET.az