TƏKLİF: Türk Dünyası Nazirliyi yaradılsın – Artıq bəzi həqiqətləri gündəmə gətirməyin vaxtı çatıbbackend

TƏKLİF: Türk Dünyası Nazirliyi yaradılsın - Artıq bəzi həqiqətləri gündəmə gətirməyin vaxtı çatıb

Qardaş ölkədə dərc olunan “Türkiyə” qəzetində müasir dövrdə türkdilli dövlətlər və xalqlar arasında əlaqələrin daha da möhkəmləndirilməsinin önəmindən bəhs edilir.

KONKRET.az xəbər verir ki, “Türk Dünyası Nazirliyi” sərlövhəli məqalənin müəllifi Məryəm Aybikə Sinan bu birliyin tarixi zərurətdən irəli gəldiyini vurğulayır.

Qeyd edir ki, müasir dövrdə ölkələr irq, din və qohumluq əlaqələrinə əsaslanaraq bir araya gəlir, birlikdə hərəkət edir, bütün sahələrdə həmrəylik nümayiş etdirərək ortaq maraqlarını genişləndirməyə çalışırlar. Bu, müasir dünyada yeni yanaşmalardan biridir. Xüsusilə maraqlıdır ki, mövzu biz türklər olduqda dərhal ortaq qərar qəbul edilir, bizə qarşı birgə hərəkət edirlər. Son günlər Türkiyə əleyhinə birlikdə hərəkət edən ölkələrin ortaq cəhətlərinin din və qohumluq bağları olduğunu görürük.

Müəllif vurğulayır ki, məhz bu səbəbdən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələr, türkdilli xalqlar da daxil olmaqla bütün dünyada yaşayan və sayı təxminən 300 milyona çatan türklərin birlikdə hərəkət etməsi önəmlidir. Bir neçə gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin Yunanıstanın yeni təyin olunmuş səfirini qəbul edərkən hər sahədə Türkiyənin yanında olduqlarını bəyan etməsi böyük bir addım idi. Ümid edirik ki, bu addım digər qardaş ölkələrdə də dəyərləndiriləcək.

Azərbaycan-Türkiyə əlaqələrinin bu səviyyəyə çatmasına təsir edən amillərə toxunan müəllif bunun ölkələrimiz arasında hərbi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə əməkdaşlığın, eləcə də bütün sahələrdə atılan nəhəng addımların bəhrəsi olduğunu vurğulayır.

Türk Dünyası Nazirliyinin qurulmasının, bu sahəyə daha həssas və ciddi diqqət yetirilməsinin, qardaş ölkələrlə bütün sahələrdə güclü və çoxşaxəli əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyinin qeyd edildiyi yazıda bildirilir:

“Heç vaxt daxil ola bilməyəcəyimiz Avropa İttifaqı üçün bir vaxtlar Aİ Nazirliyi yaradılmışdı. Nəticəsi göz qabağındadır: bu nazirlik sonradan ləğv edildi. Deməli, artıq bəzi həqiqətləri gündəmə gətirməyin vaxtı çatıb, hətta keçməkdədir. Vaxt itirmədən Türk Dünyası Nazirliyinin qurulması və Türk Şurasına üzv olan qardaş ölkələrdə də bu nazirliyin yaradılması istiqamətində iş aparılmalıdır. Düz 31 il əvvəl bugünkü Türk Şurası ölkələrinin müstəqilliklərini bərpa edəcəklərini heç kim düşünməz, xəyal belə edə bilməzdi. Tarixin gedişi göstərir ki, dünyada çox fərqli bir proses yaşanır və ölkələr bir-biri ilə münasibətlərini din və qohumluq əlaqələri əsasında inkişaf etdirməklə bağlı yanaşmadan əl çəkməyəcəklər. Biz də bir Türk Dünyası Nazirliyi quraraq əqrəba xalqlarla qardaşlıq hüququmuzu daha da inkişaf etdirə bilərik. Sizcə buna dəyməzmi?!”.

Haşiyə: Uzun illərdir gözlədiyimiz və ən nəhayət doğma Türkiyədə səsləndirilən, özü də məhz bu gün – Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Bakını ermənilərdən və bolşevik işğalından azad edilməsinin 102-ci ildönümündə irəli sürülən bu təklif  çox təqdirəlayiqdir. Hətta, bir vaxtlar Türk Şurası yaradılanda da yad ölkələr, hətta adına türk deyən bəzi zadlar buna qarşı çıxdılar, çünki onların məqsədi Türk Birliyindən daha çox hakimiyyətini nəyin bahasına olursa-olsun uzatmaq idi. Ancaq görünür ki, o dövr artıq geridə qalıb. Türk Birliyi, ən vacibi də Azərbaycan-Türkiyə qardaşlığı göz qabağındadır. Ermənilər gecə-gündüz bu birliyin əleyhinə bütün vasitələrdən istifadə edərək çıxışlar edirlər. Özü də bu çıxışları İslam dövlətinin (Misir nəzərdə tutulur) diplomatının gözü qarşısında və qulaqları eşidə-eşidə deyirlər. Deməli, bu Nazirliyin yaradılması həmin təhdidlərə və iftiralara operativ cavab verməyə xidmət edər. Düzdür, bunun üçün hər ölkənin xarici işlər nazirlikləri var. Ancaq bəzi şeyləri rəsmiyyətçiliyə görə açıq demək diplomatik məntiqə sığışmır. Türk Dünyası Nazirliyi isə hər bir Türk dövlətinin sözünü vaxtında və yerində deyən bir qurum ola bilər.

KONKRET.az

  • Zamina Elturan
    Sentyabr 15, 2020 - 14:45

    NAZİR DƏ BÖYÜK TURAN SEVDALISI,5 ALİ VƏ KURS TƏHSİLİ OLAN İŞSİZ PUBLİSİST JURNALİST,ŞAİR,MÜƏLLİM,MAGİSTR,PSİXOLOQ,PARAPSİXOLOQ,ASTROLOQ,BİOENERJİST,EKSSTRASENS ZƏMİNƏ ELTURAN OLSUN.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*