Azərbaycanda tələbələrin sosial rifahının yaxşılaşdırılması və təhsil həyatının asanlaşdırılması istiqamətində yeni təklif səsləndirilib. Müzakirə olunan məsələlərdən biri də universitetlərin tələbələr üçün ictimai nəqliyyatdan pulsuz və ya güzəştli istifadəsini təşviq etməsidir. Təhsil ekspertləri hesab edirlər ki, bu təşəbbüs həm tələbələrin xərclərini azalda, həm də ali təhsil müəssisələrinin cəlbediciliyini artıra bilər.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən təhsil eksperti Məzahir Məmmədli bildirib ki, bu praktika Azərbaycanda əvvəllər də tətbiq olunub:

Məzahir Məmmədli
“Bəzi universitetlərimiz təqaüd alan tələbələrdən 2 manat 50 qəpik məbləğində ödəniş tutmaqla onlara bir ay müddətinə ictimai nəqliyyatdan pulsuz istifadə hüququ verirdi. Həmin tələbələr avtobus və metrolardan bu kart vasitəsilə pulsuz istifadə edə bilirdilər. Bu mexanizmi indi də tətbiq etmək mümkündür.”
Ekspertin sözlərinə görə, hazırda tələbələrin 50 faizindən çoxu təqaüd alır və universitetlər nəqliyyat şirkətləri ilə aylıq müqavilələr bağlamaqla tələbələr üçün güzəştli və ya pulsuz nəqliyyat imkanı yarada bilərlər:
“Təhsilin İnkişaf Fondu da bu istiqamətdə müəyyən layihələr həyata keçirib, bəzi tələbələrə güzəştli nəqliyyat imkanları yaradıb,” – deyə Məzahir Məmmədli qeyd edib.
Ekspert əlavə edib ki, bu təcrübə dünyanın bir çox ölkəsində, o cümlədən Türkiyə və Gürcüstanda da mövcuddur. Həmin ölkələrdə tələbələr tələbə bileti vasitəsilə müəyyən limitlər daxilində ictimai nəqliyyatdan endirimli və ya pulsuz şəkildə istifadə edirlər.
Aynurə İsmayıl
KONKRET.az
