Ermənistanla Azərbaycan arasındakı münaqişənin tez bir zamanda sülh yolu ilə həllinə ehtiyac var. Dünyanın heç bir yerində sülhün bərqərar olunmasına bu qədər ehtiyac duyulmur. Doğrudur, bu, böyük iddia kimi səslənə bilər. Amma münaqişənin tarixi təxminən 30 il əvvələ gedib çıxır. Həmin vaxt ata Corc Buş ABŞ-da prezident seçkisində iştirak edirdi, Marqaret Tetçer seçkidə üçüncü qalibiyyətini qazanmışdı, Olimpiya Oyunları isə Cənubi Koreyanın paytaxtı Seulda keçirilirdi…
Xarici ekspertlər adətən Ermənistanla Azərbaycan arasındakı münaqişənin “mübahisəli Dağlıq Qarabağ anklavı uğrunda” olduğunu deyir. Bu, bəzi insanları yanıldır. Odur ki, yazıda bəzi faktları diqqətinizə çatdıracağam.
Birincisi, mən bu haqda niyə danışıram və burada nə marağım var? Mən Azərbaycandanam və münaqişə dövründə böyümüşəm. Biz separatçıların Sovet İttifaqının dağılmasından necə istifadə etdiklərinin şahidi olmuşuq. Regionda yaşamış xalqlar arasında fikir ayrılığını məhz onlar yaradıb. Halbuki, burada xalqlar yaxın keçmişədək bir yerdə xoşbəxt yaşayıblar.
Bir sözlə, insanların beynəlxalq birliyin unutduğu bu münaqişə haqqında daha məlumatlı olması üçün əlimdən gələni edəcəyəm. Çünki düşünürəm ki, Dağlıq Qarabağ münaqişəsinin bizim regionun hüdudlarından kənarda da ciddi nəticələri ola bilər.
Beləliklə, 1990-cı illərin əvvəllərində başlamış genişmiqyaslı müharibə nəticəsində 800 mindən çox azərbaycanlı münaqişə zonasını tərk etməyə məcbur olub. Həmin vaxt çox sayda mülki şəxs həyatını itirib, infrastruktur məhv edilib. Bu, ölkəmdə humanitar böhran yaradıb. Çünki müharibə nəticəsində Azərbaycan əhalisinin hər on nəfərindən biri qaçqın və ya məcburi köçkünə çevrilib.
Hər halda, bu gün iki xalq arasında sülhə nail olunmasının vaxtıdır. Sülh isə yalnız danışıqlar yolu ilə bərqərar ola bilər. Lakin hər iki tərəf danışıqlar prosesini vicdanla aparmalıdır.
Digər tərəfdən, bir məsələni də anlamaq lazımdır ki, münaqişə tərəflərinə – işğalçı ilə işğala məruz qalana eyni yanaşmaq olmaz. Yəni beynəlxalq ictimaiyyət Azərbaycan ərazilərinin işğal edildiyini, danışıqlar prosesinin onun ərazi bütövlüyünün bərpasına istiqamətlənməli olduğunu anlamalıdır. Doğrudur, mənim dediklərim bir qədər sərt görünə bilər. Odur ki, münaqişə ilə bağlı bəzi yanlış fikirləri nəzərinizə çatdıracağam.
Bir: guya Dağlıq Qarabağ “mübahisəli anklav”dır. Halbuki, Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ regionu və ona bitişik rayonlar beynəlxalq birlik tərəfindən Azərbaycan ərazisi kimi tanınır. Nə qədər qəribə səslənsə də, bunu Yerevan da qəbul edir.
Hər halda, BMT Təhlükəsizlik Şurasının təxminən 30 il əvvəl qəbul etdiyi qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü dəstəklənir (Dağlıq Qarabağ regionu daxil olmaqla) və Ermənistandan hərbi birləşmələrini regiondan dərhal çıxartması tələb olunur.
İki: belə bir yanlış düşüncə var ki, guya Dağlıq Qarabağda böyük bir hərəkat müstəqil olmağı və ya Ermənistana birləşməyi tələb edir. Halbuki, həmin fəallar işğal altındakı ərazilərdə Ermənistan tərəfindən göndərilib. Demək, onlar əslində Ermənistan rəhbərliyinin fikirlərini səsləndirirlər.
Bundan başqa, Dağlıq Qarabağın guya 4 min ildir ki, “Böyük Ermənistan”a aiddir. Bu iddiaların da bugünkü reallığa heç bir aidiyyatı yoxdur. Onda Böyük Britaniya Roma imperiyasının və ya 13 ABŞ müstəmləkəsi Böyük Britaniyanın tərkibinə daxil edilməlidir.
Regionun Ermənistana birləşdirilməsi məsələsinə gəlincə, Dağlıq Qarabağın Ermənistanla sərhədi yoxdur. Odur ki, Ermənistan bu regionla dəhliz yaratmaq üçün Azərbaycanın başqa ərazilərini də işğal edib.
Münaqişə ilə bağlı daha bir mənfur, saxta fakt: guya Qarabağ problemi dini problemdir. Əlbttə ki, bu da tamamilə yalandır. Doğrudur, Azərbaycanda əhalinin əksəriyyəti müsəlman, Ermənistanda isə xristiandır. Amma Azərbaycanda əsrlərdir xristianlar da yaşayır, yəhudilərlər də. Burada müxtəlif dinlərə mənsub insanlar hər zaman sülh şəraitində birgə yaşayıb.
Daha bir ağ yalan: guya bu münaqişədə müsəlmanlar xristianlara qarşı soyqırım həyata keçirib və ya keçirir. Azərbaycan bu cinayətə əl ata biləcək son ölkədir. O, açıq, liberal, kosmopolit və müasir cəmiyyətilə tanınır. Üstəlik, ölkədə çox sayda etnik azlıq yaşayır. Bu yerdə bir məqamı da xatırlatmaq yerinə düşər: Azərbaycan qadınlara səsvermə hüququnu 1918-ci ildə, yəni Böyük Britaniyadan 10 il əvvəl verib. Paytaxt Bakı isə bütün tarixi boyu beynəlmiləl şəhər kimi tanınıb.
Gözəl təbiətə malik Dağlıq Qarabağ regionu Azərbaycan mədəniyyətinin beşiyidir. Lakin son illər ermənilər oradakı çoxsaylı dini abidəni, memarlıq incilərini dağıdıb, məhv edib. Məqsəd regiondan Azərbaycan xalqının izinin itirilməsidir. Nəticədə bölgədə Azərbaycana aid bir çox abidə bərpası mümkün olmayacaq həddə dağıdılıb.
Tərəflər arasında 1994-cü ildə atəşkəs müqaviləsi imzalanıb və həmin dövrdən sülh danışıqlarına başlanıb. Bəs bütün bu müddətdə sülhü bərqərar etmək niyə mümkün olmayıb? 20 ildən artıq davam etmiş danışıqlar nədən nəticə verməyib?
Bu azmış kimi, Ermənistanda 2018-ci ildə hakimiyyətə gəlmiş Nikol Paşinyan daha sərt mövqedən çıxış etməyə başlayıb. Nəticədə sülh prosesi birdəfəlik “dalan dirənib”.
Sülhün bərqərar edilməməsinin səbəblərindən biri ötən dövr ərzində region ölkələrinin münaqişəyə müdaxiləsi, Ermənistana birbaşa dəstək göstərməsi olub. Obyektiv hərbi ekspertlər Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan hərbi birləşmələrindən üstün olduğunu açıq şəkildə etiraf edir. Bu, özünü hərbi texnika təchizatında da göstərir. Başqa sözlə, əgər xarici müdaxilələr olmasaydı, Azərbaycan ərazi bütövlüyünü çoxdan bərpa etmişdi.
Münaqişə ilə bağlı yayılmış yalan məlumatlara gəlincə, məlumdur ki, istır ABŞ-da, istərsə də digər ölkələrdə güclü erməni lobbisi var. Yerevanın yalab təbliğatı onlar tərəfindən də ciddi dəstək alır.
Nəhayət, münaqişənin həllində maraqlı olduqlarını söyləyən böyük dövlətlərin mövqeyi. Son dövrlər onların bu problemə diqqət və marağı azalmışdı. Halbuki, bölgədə sülhə uzun illərdir ciddi ehtiyac var. Ona nail olunması isə 3 amildən asılıdır.
Birincisi, regiondan kənardakı ölkələrin ictimaiyyəti bu faciəni, ilk baxışdan əbədi görünən münaqişəni, onunla bağlı faktları bilməlidir. İkincisi, beynəlxalq ictimaiyyət münaqişənin həlli üçün qətiyyətli mövqe sərgiləməlidir. Üçüncüsü, hər kəs anlamalıdır ki, Dağlıq Qarabağda sülhün açarı Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır.
Bəziləri düşünə bilər ki, coğrafi baxımdan uzaqda olan bu münaqişənin onlarla aidiyyatı yoxdur. Lakin həmin şəxslər bilməlidirlər ki, beynəlxalq hüquqa hörmət, beynəlxalq sərhədlərin tanınması universal dəyərdir. Əgər beynəlxalq ictimaiyyət bir dövlətin ərazisinin təxminən 20%-nin işğal altında qalmasına göz yumursa, ortaya sual çıxır: növbəti ölkə hansı olacaq?
Müəllif: Nərminə Marandi
The Telegraph, Böyük Britaniya
23.10.2020
İngilis dilindən tərcümə – WorldMedia